Baş verən hadisə zamanı bir nəfərin xəsarət aldığı deyilir
Yanvarın 27-də Bakıdakı yaşayış binalarının birində partlayış baş verdiyi bildirilir.
Hadisə səhər saatlarında paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 237 ünvanında qeydə alınıb. Binanın birinci mərtəbəsində yerləşən dəftərxana ləvazimatları mağazasında baş verən partlayış yanğınla müşahidə edilib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, eləcə də “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev də gəlib.
“Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbalayev APA-ya
bildirib ki
, ilkin olaraq hadisənin qaz sızmasından baş verdiyi ehtimal olunur:
“Dünən (yanvarın 26-da) ərazidə hansısa qazıntı işləri aparılıb və MTK-ya məxsus qaz xəttinə toxunma olub. Partlayışın da sızma səbəbindən baş verdiyi ehtimal edilir”.
“Azəriqaz” rəsmisi əlavə edib ki, hadisə ilə əlaqədar 1000-ə yaxın abonentin qaz təchizatı dayandırılıb.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata
görə
, çoxmərtəbəli yaşayış binasının (birinci-üçüncü mərtəbələri qeyri-yaşayışdır) zirzəmisində yanğınla nəticələnən partlayış nəticəsində, binanın birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 500 kvadratmetr olan dəftərxana ləvazimatları mağazasının içərisinin konstruktiv elementləri (satış rəfləri, alkopan konstruksiyalar və tavanı) dağılıb, qapı-pəncərələri çərçivədən çıxıb, binanın ikinci və üçüncü mərtəbələrinin və yaxınlıqda yerləşən bəzi binaların pəncərə şüşələri qismən sınıb.
Partlayış dalğasının təsirindən 100-150 metr əraziyə dağılmış dəftərxana ləvazımatları qismən yanıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Hadisə zamanı mağazada satıcı işləyən 1961-ci il təvəllüdlü Zahid Şükür oğlu Mahmudov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal olunur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.