Qeyri-sabit, soyuq, şaxtalı hava şəraiti dekabrın 4-nə kimi davam edəcək
Dekabrın 3-də Azərbaycan ərazisində havanın soyuq keçəcəyi, sulu qar və qar yağacağı gözlənilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Trend İA”-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 3-də hava şəraitinin soyuq, yağıntılı olacağı, sulu qar yağacağı, gecəyə doğru kəsiləcəyi, şimal küləyinin güclənəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında dekabrın 3-də havanın temperaturu səhər və gündüz 3 dərəcəyədək isti, axşama doğru isə 0 dərəcəyə yaxın olacaq.
Azərbaycanın bölgələrində hava fasilələrlə yağıntılı olacaq, sulu qar, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Qərb küləyi arabir güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 5-10, bəzi yerlədə 15, gündüz 0-5 dərəcə şaxta olacaq.
Azərbaycanda qeyri-sabit, soyuq, şaxtalı hava şəraiti dekabrın 4-nə kimi davam edəcək.