Bakıda “Google maps” nəqliyyat naviqasiyası ləğv olunur

Google maps. Mənbə: AngieYeoh/shutterstock

Nəqliyyat eksperti: “Bu, ictimai nəqliyyata zərbə olacaq”

Bakıda “Google maps” xəritəsində ictimai nəqliyyat marşrutları ləğv olunur.

2014-cü ildən “Transit for Baku” layihəsi əsasında hazırlanaraq istifadəyə verilən xidmət 2022-ci il martın 19-dan avtobus məlumatlarının “Google” xəritələrinə inteqrasiyasını dayandırıb.

Hazırda sistemin “Grace period” (güzəşt müddəti) prinsipi ilə görünən məlumatları yaxın zamanda “Google” xəritələrdən yığışdırılacaq.

“Transit for Baku”nun saytında yerləşdirilən məlumatda deyilir ki, xidmətin ləğvi Bakı Nəqliyyat Agentliyinin (BNA) düzgün iş prinsipi qurmaması ilə əlaqədardır.

Agentlik tərəfindən marşrutlar haqqında məlumatlar gecikdirilir, həmçinin “Transit for Baku”nun sorğuları cavabsız buraxılır.

“BNA dəyişikliklər barədə məlumatlandırmada çox gecikir, bəzən məlumatlarda ərazidə aşkar edilən səhvlər olur və ya məlumatlandırma ümumiyyətlə reallığa uyğun olmur. Bəzən məlumatlandırma dəyişiklik baş verəndən sonra yerinə yetirilir. Bəzən isə ümumiyyətlə, rəsmi məlumatlandırma olmur və dəyişiklik sürprizə çevrilir”, – məlumatda deyilir.

Həmçinin qeyd olunur ki, “real time” (real vaxt) planında, BNA ictimai məlumatların istifadəsinə imkan vermir.

Bununla insanların nəqliyyatdan daha rahat istifadəsinə süni maneə yaradır.

BNA-nin mətbuat xidmətindən Meydan TV-yə məsələ ilə bağlı araşdırma aparıldığını, yaxın günlərdə açıqlama veriləcəyi bildirilib.

Nəqliyyat eksperti Eldəniz Cəfərov Meydan TV-yə deyir ki, xəritədə nəqliyyat marşrutlarının ləğvi sərnişinlər üçün ciddi problemlər yaradacaq. Həmçinin ictimai nəqliyyatın cəlbedici olmaması əlavə tıxaclar yaradacaq:

“Layihənin qapadılması çox pis haldır. Çünki Bakıda ictimai nəqliyyatın hərəkətini, avtobusların sayını, marşrutlar arasındakı intervalları və dayanacağı göstərən başqa bir işlək sistem mövcud deyil. İctimai nəqliyyat sistemində bu kimi problemlər insanların həyatını çətinləşdirir. Bu xəritlərin yığışdırılması, marşrutun göstərilməməsi ictimai nəqliyyata vurulan növbəti zərbə olacaq”.

Ekspret həmçinin qeyd edib ki, ictimai nəqliyyatın cəlbedici olmaması tıxacları artıracaq:
“Vətəndaşlar banklardan 5-6 min manat götürüb, köhnə, sınıq-salxaq maşın alıb sürmək məcburiyyətində qalırlar ki, ictimai nəqliyyatdan istifadə etməsinlər. Eyni zamanda taksi sayı da artır. İctimai nəqliyyatın populyarlaşdırmağın bir çox yolu var. Təəssüf ki, biz burda hər hansı bir inkişaf görmürük”.

Ana səhifəSosialBakıda “Google maps” nəqliyyat naviqasiyası ləğv olunur