Bakıda 300-dən çox bina söküləcək

Evlər Binəqədi və Qaradağ rayonu ərazisində söküləcək

Source:


Nazirlər Kabineti Bakı şəhərinin Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə qərar verib.

Qərara əsasən Binəqədi və Qaradağ rayon icra hakimiyyətləri 5 il müddətinə mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən binaları yeniləməlidir. Bura Binəqədi rayonu üzrə 1247 ailə yaşayan 49 çoxmənzilli yaşayış binası, həmçinin Biləcəri bələdiyyəsi ərazisində yeraltı qaz sızması aşkar olunmuş zonadakı 166 fərdi yaşayış evi və Qaradağ rayonunun Lökbatan, Sahil, Puta, Qızıldaş və Ələt qəsəbələrində XIX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 10 960 nəfər yaşayan 274 qamış və taxta yaşayış binaları, habelə Binəqədi və Qaradağ rayonları ərazisində yaşayış üçün yararsız olan digər binalar daxildir.

APA xəbər verir ki, rayon icra hakimiyyətləri mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb edəcəkləri kredit vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan, söküləcək tikililərin ərazilərindən istifadə edilməsini, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsini, həmçinin həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını təmin etməlidirlər. Qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını təmin etməlidirlər.

Görülmüş işlər barədə ayda bir dəfə Nazirlər Kabinetinə məlumat verilməlidir. Bina və fərdi evlərin sökülməsi və tikintisinin icrasına  nəzarət tikinti və kommunal təsərrüfatı şöbəsinə və regionların inkişafı şöbəsinə tapşırılıb.

Ana səhifəXəbərlərBakıda 300-dən çox bina söküləcək