”Hökumətin 20 minə yaxın insanı yeni mənzillə təmin etmək imkanı məhduddur”
Azərbaycanın paytaxtında (Suraxanı, Xətai, Nərimanov, Nəsimi, Yasamal, Səbail və Pirallahı rayonlarında) köhnə yaşayış binalarının sökülməsi və yenilərinin tikilməsi üzrə pilot layihələr həyata keçirilir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə, layihənin həyata keçirilməsi zamanı beynəlxalq mənzil normalarına, əhalinin sıxlığı və yaşıllıqların nisbəti üzrə standartlara və s. riayət olunacaq.
Sözügedən layihələr əsasındaTəbriz və Firdovsi Əliyev küçələrində (Nərimanovrayonu) birneçə 14-15 mərtəbəli yaşayış binasının, Fətəli Xan Xoyski küçəsi və Faiq Əsgərov küçələrinin kəsişməsində (Nərimanovrayonu) üç yüksək mərtəbəli yaşayış binasının tikilməsi, Səbail rayonu Xanlar küçəsində dörd 1-2 mərtəbəli evin sökülməsi və 4 yüksək mərtəbəli binanın tikilməsi nəzərdə tutulur.
Nəsimi rayonunda Şamil Əzizbəyov, Səməd Vurğun, Mərdanov qardaşları və S.Əsgərova küçələrində və başqa yerlərdə də evlər söküləcək. Ümumilikdə 2020-ci ilə qədər 1 minə yaxın evin sökülməsivə 20 minə yaxın insanın yeni mənzillərə köçürülməsi nəzərdə tutulur.
“Hökumətin göstərilən qədər tikinti xərclərini qarşılamaq imkanı məhduddur”
“Azərbaycan hökumətinin göstərilən qədər tikinti xərclərini qarşılamaq imkanı məhduddur”, – iqtisadçı Qadir İbrahimli Meydan TV-yə belə deyib.
O, fikrini isbatlamaq üçün dövlət büdcəsindəki gərginliyi misal çəkib. Neft və qeyri-neft sektorunda gəlirlər azalır. Son 1 ildə maliyyə, tikinti, emal sənayesində və ticarətdə xeyli müəssisə qapadılıb. Bu isə büdcənin maliyyə qaynaqlarının qapadılması deməkdir:
“Belə bir şəraitdə komitənin qeyd etdiyi kimi, 2020-ci ilə qədər olan planın gerçəkləşməsi şübhə doğurur. İkinci, hökumət tikinti sektorunu canlandırmaqla işsizlik problemini lokallaşdırmaq istəyir. Bu isə mümkün deyil. Çünki vəsait yoxdur. Özəl sektor hesabına vəsait cəlb edə bilərlər, lakin bu da mümkün deyil. Səbəb də tikinti şirkətlərinin ciddi böhran keçirməsidir. Deməli, həmin şirkətlərin göstərilən layihələrə pul qoymaq imkanları yetərli deyil”.
“İqtisadi xəbərlərin təhlili ölkənin sürətlə böhrana doğru getdiyini göstərir”
Qadir İbrahimli ümumiyyətlə komitənin təqdim etdiyi layihəni yanlış hesab edir. Bildirir ki, ölkədə məşğulluq probleminin həlli emal sənayesinin canlandırmaqdan keçir:
“Bu sektor inhisarçılıqdan tam azad olunmalı və normal rəqabət mühiti yaradılmalıdır. Əks təqdirdə, işsizliyin səviyyəsi artmaqda davam edəcək. Hökumət islahatlara getməyəcəksə, 2014-cü ildən başlanan böhran daha ağrılı prosesə çevriləcək: “İqtisadi xəbərlərin təhlili ölkənin sürətlə böhrana doğru getdiyini göstərir. Ölkənin maliyyə sistemində kifayət qədər problemlər var. Təəssüf ki, son 10 ildə yaradılan maliyyə sistemi çox pintidir”.
“Azərbaycanlı investorlar Gürcüstana bir neçə milyon investisiya yatırıb”
İqtisadçı deyir ki, mülkiyyət hüquqlarının qorunmaması səbəbindən xaricə kapital axını güclənib. Hətta məmurların kapitalı Avropa ölkələrinə, Rusiyaya, Gürcüstana, Qazaxıstana, Türkiyəyə yönəlir:
“Bugünlərdə statistik məlumat yayıldı ki, azərbaycanlı investorlar Gürcüstana bir neçə milyon investisiya yatırıb. Bu sıraya Ukrayna da əlavə olunub. Ukrayna biznes mühitini əlverişli etdiyindən azərbaycanlı iş adamları kütləvi şəkildə bu ölkəyə axın edirlər”.