Həbs olunan qadın ittiham aktında yazılanların doğru olmadığını deyir
Bakıda 53 yaşlı qadının 2 yaşlı Məhəmmədi övladlığa götürmək məqsədilə oğurladığı iddia olunur. Hüquq-mühafizə orqanları bir neçə aylıq istintaqdan sonra belə nəticəyə gəlib ki, Kürdəxanı qəsəbəsindəki evlərdən birində qeyri-rəsmi yaşadığı şəxslə birlikdə kirayə qalan Gültəkin Muradova öz övladı olmadığına görə başqasının uşağını oğurlamaq qərarına gəlib.
Səkkiz aydır həbsdə olan 1969-cu il təvəllüdlü Gültəkin Muradovanın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Əhməd Quliyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır. Sentyabrın 2-də məhkəmə iclasında prokuror ittiham aktını elan edib.
İttihama əsasən, övladlığa götürmək üçün başqasının uşağını oğurlamaq qərarına gələn Gültəkin Muradova bu məqsədlə Sabunçu rayonu ərazisində yerləşən qəsəbələri gəzib. O, uşaq axtardığı vaxt özünü aztəminatlı ailələrə yardımsevər şəxs kimi göstərib, onlara maddi yardım olunmasında vasitəçilik edə biləcəyini deyib.
2 yaşlı Məhəmməd Şıxəliyev də bu rayonun ərazisində anası, 3 bacı-qardaşı və anasının qeyri-rəsmi nikahda yaşadığı şəxslə birlikdə kirayə qalıb. Gültəkin Muradova həmin evə də gəlib, onlara yardım gətirəcəyini deyib.
Hadisənin necə baş verməsinə gəlincə, ittiham aktında göstərilib ki, həmin vaxt evdə yalnız uşaqlar olub. Gültəkin Muradova Məhəmmədi götürüb aparmaq istəyəndə onun böyük bacısı Firuzə Şıxəliyeva ondan uşağı hara və niyə aparmaq istədiyini soruşub. O isə cavabında bildirib ki, Məhəmmədə mağazadan şirniyyat almaq istəyir. Az sonra uşağı qaytaracaq.
Dekabrın 29-da aparılan Məhəmməd Şıxəliyevin yeri yanvarın 8-də müəyyənləşdirilib və polislər onu taparaq anasına təhvil veriblər.
Amma az sonra Məhəmməd də daxil olmaqla, bu ailədəki 4 uşağın hamısı Reyhan Şıxəliyevadan alınıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dövlət qurumlarının qərarıyla uşaqlar sığınacağa yerləşdirilib.
Məhkəmədə prokurorun səsləndirdiyi ittihama münasibət bildirən Gültəkin Muradova orada yazılanlarla razılaşmadığını, özünü təqsirli bilmədiyini deyib.
Onun vəkili də istintaq dövründə müvəkkilinin hüquqlarının pozulduğunu bildirib. Vəkilin sözlərinə görə, müdafiəçi kimi, əlində rəsmi sənəd olmasına baxmayaraq, ona 3 ay Gültəkin Muradovanın müdafiəsini həyata keçirməyə imkan verməyiblər. İstintaq orqanı onu vəkil kimi müdafiə prosesinə buraxmaqdan imtina edib:
“Gültəkin Muradovanın barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılmasıyla bağlı məhkəmə keçirilib. Hər ikisində də vəkili olduğum halda, mənim iştirakım təmin olunmayıb. İstintaqda qaldırdığımız vəsatətlərin heç birinə cavab verilməyib”.
Növbəti məhkəmə iclasında Gültəkin Muradova özü ifadə verəcək.
Gültəkin Muradova Cinayət Məcəlləsinin 144.3 (adam oğurluğu – yektinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsilə ittiham olunur. Bu maddədə 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.