Ana və körpə xəstəxanaya yerləşdirilib
Bakıda 13 yaşlı qız uşaq dünyaya gətirib. Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. Onun sözlərinə görə, uşaq təcavüz nəticəsində doğulub. Ev şəraitində dünyaya gələn körpə sonradan xəstəxanaya aparılıb. Birlik sədri deyib ki, 13 yaşlı qız sığınacağa yerləşdirilməsini xahiş edib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, sentyabrın 6-da saat 13:30-da Sabunçu rayonundan ev şəraitində doğuş ilə bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub. Təcili tibbi yardım briqadası tərəfindən 2009-cu il təvəllüdlü anaya doğuş sonrası ağırlaşmanın qarşısını almaq məqsədilə ilkin tibbi yardım göstərilib:
“Daha sonra təcili tibbi yardım avtomobili vasitəsilə yenidoğulmuş oğlan uşağı və zahı qadın TƏBİB-in Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna hospitalizasiya olunub”.
Məlumatda bildirilir ki, uşağın çəkisi 3600 qramdır, hazırda ana və uşağın vəziyyəti stabildir, tibb müəssisəsində müalicələri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev “Turan”a bildirib ki, Sabunçu Rayon Polis İdarəsi və rayon prokurorluğu tərəfindən araşdırma aparılır: “Təfərrüatlar barədə ictimaiyyətə məlumat veriləcək”.
Azyaşlının yaxınlarını məsələ ilə bağlı danışdırmaq mümkün olmayıb.
Azərbaycanda nikah yaşı kişilər üçün 18, qadınlar üçün 17 yaş müəyyən olunub. Buna baxmayaraq, tez-tez mətbuatda və sosial şəbəkələrdə azyaşlıların evliliyi haqda məlumatlar yayılır. Ötən ilin sonunda 11 yaşlı İmişli rayon sakini də ana olmuşdu. Azyaşlının atalığının təcavüzünə məruz qaldığı iddia edilirdi. Faktla bağlı cinayət işinin açıldığı bildirilsə də, prosesin davamı haqda ictimaiyyətə məlumat verilmədi.
Azyaşlının uşaq dünyaya gətirməsi hansı fəsadlara yol açdığına gəlincə, adının hallanmasını istəməyən həkim-ginekoloq Meydan TV-yə deyib ki, erkən hamiləlik uşaqlıqboynu xərçənginin əmələ gəlmə səbəblərindən biridir:
“İkincisi, uşağın orqanizmi yetişkın orqanizm deyil. Ona görə də hamiləlik dövründə bütün daxili orqanları zərər görüb, hətta gözlərindən tutmuş qaraciyər, böyrəklərə qədər hər birində zamanla problemlər meydana çıxacaq. Ona görə nikah yaşı 18 yaş hesab edilir ki, həmin yaş dövründə orqanizm hamiləliyə hazır olur”.