Bakı və Yerevan arasında Vaşinqtonda yeni görüşün gözlənildiyi deyilir

ABŞ Dövlət Departamenti. Foto: oceanfishing/Shutterstock

Dövlət Departamentinin rəsmisi deyir ki, Bayden administrasiyası danışıqları davam etdirir

“Azərbaycanla Ermənistan arasında ABŞ-ın dəstəklədiyi sülh prosesi davam edir”.

Bu açıqlamanı sentyabrın 11-də Dövlət Departamentinin iki yüksək vəzifəli rəsmisi Qarabağda gərginliyin artması fonunda jurnalistlərə bildirib.

Bayden administrasiyası bir neçə ildir ki, ədalətli, möhkəm və davamlı sülh həll yolu tapmağa çalışır və bu proses dayanmır. Tərəflər dialoqu davam etdirmək üçün Vaşinqtona qayıtmağa hazırdırlar”, – deyə məlumatda qeyd olunur.

Məlumatı “Turan” yayıb.

Dövlət Departamentinin nümayəndəsi daha sonra xatırladıb ki, Vaşinqtonda görüşlərin üç raundu olub:

“Avropada da digərləri oldu və ruslar bir neçə danışıq apardılar”.

“ABŞ çox aydın şəkildə bildirdi ki, möhkəm sülhə nail olmaq üçün ilk addım Qarabağdakı humanitar vəziyyəti həll etməkdir. Oradakı vəziyyətdən çox narahatıq və bunun mümkün olan bütün yollarla həllinə diqqəti yönəltdik”, – deyə digər yüksək vəzifəli şəxs qeyd edib.

Onların sözlərinə görə, son bir neçə gündə ABŞ bütün səviyyələrdə danışıqlar aparıb:

“Ötən həftə sonu dövlət katibi Entoni Blinken həm Prezident İlham Əliyevlə, həm də Baş nazir Nikol Paşinyanla danışıb. Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim ötən həftə iki dəfə Azərbaycanın xarici işlər naziri Bayramovla söhbət edib”.

Və bu yalnız həftə sonu idi… Bu, çox mürəkkəb məsələlər kompleksi üzrə irəliyə doğru yol tapmağa yönəlmiş davamlı, intensiv səylər idi”, – deyən rəsmi əlavə edib.

O bildirib ki, ABŞ-ın Qafqazda danışıqlar üzrə baş məsləhətçisi Luis Bono hər gün bütün tərəflərlə əlaqə yaradır və dəfələrlə regiona səfər edib.

Daha sonra qeyd olunub ki, Vaşinqton ardıcıl olaraq Laçın dəhlizinin kommersiya, humanitar və özəl hərəkətə açılmasına çağırıb:

“Biz bunu açıq şəkildə bildirmişik. Biz həmçinin yüklərin çatdırılması üçün digər dəhlizlərin və marşrutların açılmasına tərəfdarıq. Bakının mövqeyi ondan ibarət idi ki, əgər Ağdam yolundan istifadə olunarsa, Laçını yenidən açacaqlar. Biz belə bir sövdələşmənin və ya onun şərtlərinin necə olacağı ilə bağlı heç bir göstəriş vermirik, lakin istənilən sövdələşməni asanlaşdırmaq üçün əlimizdən gələni edirik, çünki əsas məqsədimiz humanitar yardımın alınmasıdır”.

“Razılaşma olmadığı təqdirdə, yaxın günlərdə zorakılıq baş verə bilərmi?” sualına  isə o, belə cavab verib: “Onlar heç bir əlamət görmürlər və eşitmirlər”.

Dağlıq Qarabağda mövcud humanitar vəziyyətə gəlincə, məmur bildirib ki, onlarda aclıqdan və ya yetərincə qidalanmamaqdan ölüm halları barədə məlumat yoxdur.

Məmurlar həmçinin ermənilərə qarşı “soyqırım” törədilməsi barədə bəyanatlara reaksiya verərək bunu təsdiq edə bilməyəcəklərinə işarə ediblər.

ABŞ da hesab edir ki, məsələ Qərbdə və Rusiyada deyil. Rusiyanın bu regionda tarixi var. Biz Rusiyanı sıxışdırmağa çalışmırıq”, – məmur bu prosesdə Moskvanın rolu ilə bağlı “Turan”ın sualına cavabında deyib.

Hər iki tərəf əzmlidir. Onlar əvvəlkitək bu prosesi sona çatdırmağa sadiqdirlər. Sülhə nail olmaq üçün siyasi iradə var”, – deyə Dövlət Departamentinin nümayəndəsi fikrini yekunlaşdırıb.

Qarabağda yaşayan ermənilər 2022-ci ilin dekabrından Laçın yolunun bağlı olmasına görə ərzaq çatışmazlığı ilə üzləşdiklərini bildirirdilər.

Azərbaycan isə bunu təkzib edir, dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu qeyd edirdi.

2023-cü ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub.

Addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib.

Ermənistan isə bu ittihamı qəbul etmir.

Ermənistan rəsmiləri hesab edirlər ki, sərhəd-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanata ziddir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Ana səhifəSiyasətBakı və Yerevan arasında Vaşinqtonda yeni görüşün gözlənildiyi deyilir