Bakı Tbilisinin yanında kənddir

– Şəhərdi də bura guya. Nə gündədir?! Bizdə heç olmasa, abadlıqdır, təmiz, remontlu.

Source:
Tbilisi
Tbilisi

– Şəhərdi də bura guya. Nə gündədir?! Bizdə heç olmasa, abadlıqdır, təmiz, remontlu.

– Bizdə hər yeri düzəldiblər. Tbilisi nə gündədir.

Qatar Tbilisinin şərqi ilə mərkəzi dəmir yol vağzalına yaxınlaşır. Kupelərindən çıxıb, 50 km/saat sürətlə gedən SÜRƏT QATARInda mənzilbaşına çatmağı səbirsizliklə gözləyən azərbaycanlılar kədərlə ildə heç olmasa, 1 dəfə istirahət üçün üz tutduqları nəfəsliyə baxıb gileylənirlər.

***

Bakıda taksi sürücüsünün ali təhsilinin səviyyəsindən, doktorant olub-olmamasından asılı olmayaraq, taksidə Led Zeppelin eşitməmişəm. Nəinki Led Zeppelin, Bakıda taksiyə oturanda meditasiya edirəm ki, mahnıya görə sürücü ilə dalaşmayım. Amma Tbilisidə Led Zeppelin, Beatles dinləyirəm.

***

Gecə saat 12. Arvadımla qaldığmız binanın həyətinə düşürük. Çıxırıq mərkəzi küçəyə. Bir az gedirik. Yolun qırağında balaca məhlələrdən birində afro-amerikan repinin səsi gəlir. Gənclər səsgücləndirici qoyublar, səsini çox da artırmadan basketbol oynayırlar.

Meydançanın bir qırağında qızlı-oğlanlı başqa qrup söhbət edir.

***

İstidir. Şəhərin ucqar məhəllələrindən, belə demək mümkünsə, “Tbilisinin Neftçiləri”ndən tutmuş Rustaveliyə qədər istəyən şortik, topik geyinir, onlara bir kəlmə söz deyən yoxdur. Turistlər çox olan yerdə görmədim, deyilənə görə polis cərimələyir, amma mərkəzdən 2 metro stansiyası aralıda kişilər rahat şəkildə qurşaqdan yuxarı çılpaq gəzirlər. Küçədə marixuana iyi almaq olur. Məhlə söhbəti, oğlanların sırğalarına, qızların ətəklərinə sataşmaq – ya yoxdur, ya da Azərbaycana nisbətdə çox azdır – müşahidə edilməsi az qala mümkünsüz olacaq qədər azdır.

***

– Gürcüstanda zavod tikirdik. Şirkətin aldığı ərazidəki ağaclar kəsilməli idi. Müraciət etdik. İcazə vermədilər. Rəhbərliyin nazirə qədər çıxışı vardı. Xeyri olmadı. Ağacları kəsə bilmədik. Zavodu ağaclar ola-ola tikdik. Bir ağac isə mütləq kəsilməli idi. Vəziyyəti izah edəndən sonra yalnız bu şərtlə razı oldular ki, ağac kökündən çıxardılıb, başqa yerə köçürüləcək və əvəzində də məktəblərdən birinin həyətində 10 ağac əkəcəyik. Məcbur qalıb elədik. Gürcüstanda nazir də olsan, ağacı kəsə bilməzsən.

***

Gürcülər də, biz də, ermənilər də üç aşağı, beş yuxarı eyni mentalitetin daşıyıcılarıyıq. Bizim mentalitetimizdəki axmaq-axmaq, rəzil xüsusiyyətlərin də üzə çıxması mümkündür, Tbilisidə gördüyüm rahatlığın da. Bəs niyə birində belə olur, digərində elə? Səbəb sadədir və minlərlə dəfə verilmiş cavabdır – siyasi rejim fərqi. Gürcüstan demokratik idarə olunur, biz isə…

***

Biz isə bir qrup adamın zövqünün məhsuluyuq. Həm demokratik idarəçilikdə, həm də diktaturada idarəetmə sisteminin – siyasi rejimin cəmiyyətə təsirinin görünməz əli var. Ortadakı mexanizmi başa düşməyə cəhd eləmək başqa söhbətdir. Həqiqət budur ki, demokratik idarəçilik altında cəmiyyətdə azadlıq, sərbəstlik, mədəni inkişaf, səviyyə, qanacaq, “ponyatka”, namus, qeyrət… olur.

Necə olur, niyə olur – mən orasına girmirəm, o qədər də maraqlı deyil bu yazı üçün.

***

Qayıdım Tbilisiyə – bu şəhər həmişə Qafqazın mədəni paytaxtı olub, indi də elədir. Bakı Tbilisiyə baxanda kənddir, səhradır, köçəridir, vəhşidir. “Gürcüləri çox şişirtməyin” deyən adamları da çox qınamıram, vətənlərini sevdiklərindən içlərindəki kədəri nifrət şəklində yanımızdakı müsbət nümunəyə yönəldiblər.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəBakı Tbilisinin yanında kənddir