Qazaxıstandan gələn yük qatarı Avropa istiqamətində gedib
Beynəlxalq Dəniz Ticarət Limanında oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı keçirilib.
Açılış mərasimi çərçivəsində Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk Qatar yola salınıb. Qatar Qazaxıstandan Avropaya göndərilən 32 konteynerdən ibarət olub.
Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstanın baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri iştirak ediblər.
Mərasimi açan prezident İlham Əliyev bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur:
“Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon, sonrakı mərhələdə 17 milyon, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti qədim İpək Yolunun polad magistrallar üzərində bərpasıdır.
Bakı-Tbilisi-Qars dəmir yolunun digər önəmli cəhəti isə Azərbaycanın bu layihənin verdiyi imkanlardan istifadə edərək Türkiyə ilə Gürcüstan ərazisindən birbaşa dəmir yolu əlaqəsi qurmasıdır. Bu dəmir yolu regionda turizmin inkişafına da güclü təsir göstərəcək. Beləliklə, öz əhəmiyyətinə görə qlobal səciyyə daşıyan Bakı-Tbilisi-Qars dəmir yolu iki qitəni polad relslərlə birləşdirərək böyük sosial-iqtisadi səmərəyə zəmin yaradır. Ən əsası isə bu dəmir yolunun işə düşməsi regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa ən böyük töhfədir”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan layihəni yeni İpək Yolunun bir həlqəsi, Şərq-Qərb nəqliyyat dəhlizinin əsas hissəsi adlandırıb:
“Artıq Londondan Pekinə qatarlar birbaşa hərəkət edəcək. Üç ölkə dünyanın ürəyi adlanan bir hissədə yerləşir. Türkiyə olaraq son 15 ildə bu istiqamətdə imkanlardan istifadə etmək üçün səylər göstəririk. İstanbulda üçüncü körpü və digər layihələr bunların bir hissəsidir. Həyata keçirdiyimiz layihələrlə Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini artırırıq. Qazaxıstanı Aktau, Türkmənistanı Türkmənbaşı limanı ilə Avropaya bağlayırıq. Bakı-Tbilisi-Qars dəmir yolu 6 milyon ton yük və 1 milyon sərnişin daşıya biləcək. 2030-cu ildə 17 milyon ton yük, 3 milyon sərnişin daşınacaq. Hazırda Çindən Avropaya ildə 240 milyon ton yük daşınır. Bu yükün 10 faizi belə Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınsa, bu, 24 milyon ton olacaq”.
Daha sonra Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Özbəkistanın Baş naziri Abdulla Aripov çıxış etdilər.
Dövlət və hökumət başçıları Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çivlərini vurdular və yoldəyişən qurğunu işə saldılar.
Sonda dövlət və hökumət başçıları qatarla açılış mərasiminin keçirildiyi Ələt limanından Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Ələt dəmir yolu stansiyasına yola düşdülər.
Ümumi uzunluğu 846 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir.Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdıracaq.
Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə multimodal daşımaların həcmini artıracaq. Belə ki, üçüncü istismar ilində 3-5 milyon ton, beşinci istismar ilində 6-8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacağı nəzərdə tutulur. Bu, onu göstərir ki, Azərbaycan ilə yanaşı, Gürcüstan və Türkiyə də tranzit daşımalarından yüksək gəlir əldə edəcək.
Dəmir yolunun tikintisinə dair Saziş 2007-ci ildə Tbilisidə imzalanıb. Elə həmin ilin noyabrında Gürcüstanın Marabda məntəqəsində dəmir yolu xəttinin təməli qoyulub. 2008-ci ilin iyulunda isə Qars şəhərində Qars-Gürcüstan sərhədi hissəsinin tikintisinin təməlqoyma mərasimi keçirilib.