Bakı-Sumqayıt yolunda qadağa (VİDEO)

 “İşimiz-gücümüz var, şəhərə getmək istəyirik, gedə bilmirik”. Bu sözləri Bakıya avtomobillə gəlmək istəyib, amma Riyad Ticarət Mərkəzinin qarşısında polislərin dayandırdığı Elşən Məmmədov deyir.  Bakıda keçiriləcək Avropa Oyunları ilə bağlı 2 mayda yeni bir qadağa tətbiq olunur. Sumqayıtdan Bakıya gələn minik maşınları ticarət mərkəzinin qarşısında saxlanılıb, geri qaytarılır. Polislər onlara iki təklif edir: ya maşını ticarət mərkəzinin qarşısında park edəcəksiniz, ya da yolu dönüb başqa istiqamətdə hərəkət etməlisiniz.  “Qonaq gəlib, çox gözəl gəlib, bizi də buraxsınlar. Biz qonaqdan əskiyik? Azərbaycanda yaşayırıq də, qonaq gəlib çox gözəl… Biz də gəzmək istəyirik, bizim də işimiz-gücümüz var. Qayıdırıq arxaya… Gedib yol tapaq. Məcburuq nə deyirlər, onu da eləyək. Başqa çarəmiz var ? Turistlər bizdən əzizdir, hörmətlidir ona görə…”-E.Məmmədov gileylənir.

Sürücü Rasim Nəzərov : 99 nömrəli maşınları oxumuşdum ki, şəhərə buraxmayacaqlar. Amma Sumqayıt maşınlarını deməmişdilər axı…

Bu qadağa haqqında nə vaxt bildiniz  ?

–   Bu saatları. Bilet dalınca gedirdik özü də…İndi mənə deyir ki, geri qayıt. Mən təzədən gedib avtobusla bilet almalıyam.

 Ticarət Mərkəzinin qarşısında maşınını park edən sürücü Elçin Əhmədov danışır : “Camaata əziyyət verirlər, millətimiz əziyyət çəkir. Hamının işi var, gücü var. Bir az gec eləsəydilər, adam fikirləşərdi, hesabın götürərdi ki, ayın 13-dən mən şəhərə girə bilməyəcəm”.

 Sumqayıt şəhər qeydiyyat nişanı (“50”) olan avtomobillər  kənarda park edilib. Maşın sahibləri avtobusla yollarına davam etməli olublar.

Ərazidən keçən yük maşınları da saxlanılır. Sürücü Şahin Məmmədov polisə and-aman edir ki, işlədiyi yer ticarət mərkəzinin yanında yerləşir və ora şəhər sayılmır. “Biz buradan beton aparırıq, sadəcə qadağa qoyublar ki, şəhərə giriş olmaz. Biz şəhərə keçmirik axı, şəhərdən qıraqda işləyirik”.

Polisin saxladığı sürücülərdən biri də xəstəxanaya tələsir. O, “adam götürməliyəm, tələsirəm” desə də, polis qadağa qoyulduğunu təkrar edir.

 “Gərək ayın 12-dən bu qadağa qoyulardı. İndidən qadağanın qoyulması düzgün deyil.  Millət, camaat əziyyət çəkir. Hamı bilərdi ki, ayın 12-dən şəhərə girmək qadağandır, keçməzdi. Hərə bir rayona, xaricə gedərdi, başqa bir ölkəyə dincəlməyə yollanardı. Bu, hamısı şərtdir”- sürücü Elçin Əhmədov deyir .


Fotolar : Elnur Muxtar

Ana səhifəVideoBakı-Sumqayıt yolunda qadağa (VİDEO)