Bakı-Sumqayıt qatarında sıxlıq: “İnsanlar bir-birilə ağız-ağıza gedirlər”

Səhər 08:00, Sumqayıtdan Bakıya qatarla gəlmək üçün ən pik vaxtdır. Bakıya iş, təhsil dalınca gedənlər bu qatara yetişə bilməsələr, növbəti gedişi 1 saat gözləməli olacaqlar. Sərnişinlər deyir ki, qatarlararası intervallar uzun olduğundan sıxlıq yaranır.

“Millət həddindən artıq çox olur. Həddindən artıq basabas olur. Bunun qocası, cavanı, xəstəsi var. Minmək mümkün olmur. Gözləyirsən ki, o biri qatar gəlsin. Ya minə biləcəksən, ya da bilməyəcəksən”, – sərnişin deyir.

Şəhərin tıxacına düşməmək üçün qatar Sumqayıtda yaşayanların seçdikləri ən sərfəli nəqliyyat vasitəsidir. Ancaq burada da sıxlığı və yer tapmamağı hesaba qatmaq lazımdır.

“Oturan insanlardan əlavə ayaq üstdə qalanlar daha çoxdur. Yəni yer sayı azdır. Qatarların sayını çoxaltmaq lazımdır. Yeni reyslər olarsa, məncə, belə bir sıxlıq yaranmaz” , – qatarda yer tapmayan sərnişin deyir.

“Nəqliyyat vasitəsindəki oturacaqların sayı qədər adam aparılsa hamı rahat gedər. Amma yenə də məcburiyyətdən, yoldakı tıxacları da nəzərə alsaq, bu, daha gözəl nəqliyyat vasitəsidir”, – qatarda ayaq üstdə kitabını oxuyan sərnişinin sözləridir.

“2015-ci ildən – qatarlar istifadəyə veriləndən bəri hər gün bu qatarlardan istifadə edirəm. Hər il getdikcə insanların istifadəsi daha da çoxalır. Avtobuslarda da həddindən artıq basabas olur, taksilər insanların gəlirlərinə uyğun deyil yəqin ki. Ona görə də insanlar qatarlara üz tutular və daha çox tələbat yaranır”, sərnişin deyir.

Zabrat stansiyasından qatara minən Səmayə Həsənova səhər saatlarında qatarlararası intervalın 1 saat 10 dəqiqə olduğundan basabas yarandığını, işə gec çatdığını deyir. 

“Ona görə də insanlar bir-birilə ağız-ağıza gedirlər. Bu, belə olmaz. Dəfələrlə bununla bağlı müraciət etmişik, amma nəticəsi olmayıb.Biz Zabratdan heç nə ilə şəhərə gedə bilmirik. Bir 198 saylı marşrut var, onu da saatlarla gözləyirik gəlmir. Bizim ümid yerimiz budur. Bu qatarla gedib gəlirik. Onda da əziyyət çəkirik

“Azərbaycan Dəmir Yolları” QSC-i şikayətlərdən sonra 10 oktyabrdan Abşeron dairəvi dəmir yolu xəttinə yeni reyslər əlavə olunduğunu bildirib. Qurum bildirib ki, hazırda qatar parkının sayına uyğun olaraq ən qısa intervalla işləyir. Yaxın gələcəkdə qatarların sayının artırılacağı gözlənilir.

Ana səhifəUncategorized @azBakı-Sumqayıt qatarında sıxlıq: “İnsanlar bir-birilə ağız-ağıza gedirlər”