Səhər saat 06.00
Gecə yarısınadək səs-küydən uğuldayan Bakı gözünü səhərə sükutla açır. Küçələrdə tək-tük işə tələsən, çörəkpulu qazanmaq üçün o başdan oyanıb yola düzələn insanlara rast gəlinir.
Şəhərdən əvvəl oyanan qadınlar küçələri süpürür. Aralarında yaşlısı da, cavanı da var. Başqa böyük şəhərlərdən fərqli olaraq, Bakı küçələrini ancaq qadınlar süpürür. “İş vaxtımız nə vaxt bitir, onda da gedirik. Əsasən saat 6-dan 12-dək işləyirəm. 12-dən sonra başqa növbə gəlir” – deyir, təmizlikçi qadın.
Gecədən işə başlayıb, səhər işini bitirənlər də var.
Taksi sürücülərinin də iş vaxtı saat 6-da başlayır.
“Sübh namazından sonra çıxıram işə. “Allahu Məhəmməd, ya Əli” deyib başlayıram işə. İlk olaraq yolla qarşılaşıram. İndi qarşıma dürüst, ya nadürüst insan çıxacaq, onu Allah bilir”. Bunu isə səhərin alaqaranlığında sərnişin gözləyən taksi sürücüsü deyir.
Artıq saat 06.30-u göstərir. Dayanacaqlarda avtobus gözləyənlər də var.
Bir azdan Bakı yenə səs-küyə qərq olacaq…