“Ən çox da otel və hava limanı baxımından asan olmayacağı bəllidir”
“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası” – “COP29”-un 2024-cü ildə Bakıda keçiriləcəyi artıq təsdiqlənib.
Bu, çox böyük tədbirdir. Məsələn, BƏƏ-də keçirilən “COP28” sammitində 90 mindən çox nümayəndə iştirak edib.
İqtisadi analizlər yayan “Telegram” kanalı “Çəpəki” də qeyd edir ki, bu, Azərbaycanın müstəqillik dövründə ev sahibliyi edəcəyi ən böyük tədbir ola bilər.
Daha öncə Azərbaycan “Eurovision”, Avropa Olimpiya Oyunları, İslam Oyunlarına da ev sahibliyi edib.
“Məsələn, Dubayda keçirilən tədbirə dünyanın 100-dən çox ölkəsindən 80 min insan qatılıb. Texniki işçilərlə birgə tədbir iştirakçılarının sayı 100 mini ötüb. Ondan öncə, 2022-ci ildə Misirdə keçirilən tədbirdə 50 min qonaq iştirak edib. Yəni, “COP29”-la bağlı Bakıya onminlərlə insanın gəlişi gözlənilir, eyni zamanda, onlarla ölkənin dövlət və hökumət başçıları”.
Bəs Bakı buna hazırdırmı?
“Çəpəki” yazır ki, Bakıdakı mövcud infrastukturu ciddi sınaq gözləyir. Ən çox da otel və hava limanı baxımından asan olmayacağı bəllidir.
Məsələn, Dövlət Statistika Komitəsinin (DSK) 2023-cü ilin əvvəlində açıqladığı göstəriciyə görə, Bakıdakı bütün otellərin birdəfəlik tutumu 24 minə bərabərdir. Bütün Azərbaycandakı otellərin birdəfəlik tutumu isə 56 mindir.
“Yəni, rəsmi rəqəmlərdən görünür ki, “COP29” üçün Azərbaycana gəlməsi gözlənilənlərin sayı nəinki Bakının, bütün ölkənin otellərinin birdəfəlik tutumundan çox ola bilər. Yəqin ki, hökumət “Olimpiya kəndi”ni də istifadə edəcək, amma tək o kompleks kifayət edəcəkmi, sualdır”, – səhifə yazır.
Digər məsələyə gəlincə, bu, hava limanının bir neçə günə bu qədər adamı qəbul məsələsidir:
“Xatırlayırsınızsa, Bakıda keçirilən Avroliqa finalında (Çelsi-Arsenal) 70 minlik stadiondan xarici azarkeşlərə cəmi 15 min bilet ayrılmışdı. UEFA bunu Bakı hava limanının logistika imkanları ilə əlaqələndirmişdi. Görünən odur ki, Bakı bu tədbirə özündən öncəki şəhərlərdəki qədər qonağı qəbul edərək ev sahibliyi etmək istəyirsə, şəhərin logistika imkanları ciddi artırılmalıdır.
Digər tərəfdən, bir neçə ölkənin iştirak etdiyi kiçik tədbirlər olduqda belə Bakıda əksər əsas yollar bağlanırsa, “COP29” dövründə yollarda olacaqları düşünəndə adamın tükləri biz-biz olur”, – “Çəpəki” yazır.
Bütün bunlara baxmayaraq, Azərbaycanın Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə “Reuters”ə bildirib ki, Bakı tədbirin keçirilməsi üçün yaxşı təchiz olunub.
“COP29”-a kimin ev sahibliyi edəcəyi ilə bağlı qərar Rusiyanın hər hansı Avropa Birliyi ölkəsinin təklifinə veto qoyacağına söz verdikdən sonra dayandırılıb. Aİ Moskvanın Ukraynaya müdaxiləsinə görə ona qarşı sanksiyalar tətbiq edib. Moskva bu səbəblərdən veto qərarı verib. Aİ üzvü olmayan Azərbaycan isə tədbirə ev sahibliyi etmək üçün “COP28” danışıqlarında iştirak edən 200-ə yaxın ölkənin təsdiqinə ehtiyac duyub.
Elə buna görə Azərbaycanın Ekologiya naziri Muxtar Babayev dekabrın 9-da sammit barəsindəki çıxışında həmin ölkələrə göstərdikləri dəstəyə görə çox minnətdarlıq edib.
Azərbaycanın təklifi haqqında ilk məlumat yayılandan beynəlxalq aləmdə qlobal iqlim danışıqlarının neft hasil edən ölkədə keçirilməsi ilə bağlı narahatlıqlar ifadə olunub. Nəticədə, Azərbaycan neft və qaz istehsalçısı və OPEC+ üzvüdür.
Ember enerji analitik mərkəzinin əməkdaşı Riçard Blek “X” sosial media platformasında belə yazıb:
““COP28”-dən gələn yol, deyəsən, min il əvvəl Marko Polonun neftin alqı-satqısını sənədləşdirdiyi dünyanın ilk “neft paytaxtı” olan Bakıya aparacaq”.
XİN sözçüsü Ayxan Hacızadə bu narahatlıqları başa düşdüyünü bildirib. Deyib ki, Azərbaycanın külək və günəş enerjisini əhatə edən enerji mənbələrini şaxələndirmək planları var.
Keçən il Avropa Komissiyası Rusiyadan uzaqlaşma strategiyası çərçivəsində Azərbaycanla təbii qazının idxalını iki dəfə artırmaq üçün anlaşma memorandumu imzalayıb.