Tofiq bəyin “islah” olunmayacağına əmin olan məhkəmə və onun ağaları başqa nə cəza verə bilərdilər?
Tofiq Yaqublunu növbəti dəfə həbs eləyiblər. Həmin gün sərbəst toplaşmaq azadlığını gerçəkləşdirməyə çalışan yüz əllidən artıq adamı polis saxlayıb, elə həmin gün də onların hamısı sərbəst buraxılıb. Tək Tofiq bəydən başqa. Ona otuz sutka inzibati həbs cəzası veriblər.
Bu hadisəyə qəzəblənən insanlar səmimi şəkildə ifadə etdikləri etirazlarında bir neçə məqamı təəccüblə qarşıladılar:
- Məhkəmə cəza verərkən Tofiq bəyin şəxsiyyətini nəzərə almayıb;
– o, toplantı yerinə çatmamış həbs olunub və ona əsassız olaraq maksimum cəza verilib;
- Tofiq bəy mübarizə simvoludur, onu cəzalandırmaq ədalətsizlikdir və s.
Hüquqçu olsam da, bu təəccüblü iradların hüquq tərəflərini bir kənara qoyuram, çünki burada hüquq yoxdur. Olmayan şeydən nəinki məhkəmələr, hətta Allah da bezardır, deyirlər.
Birinci irad həm də əsassızdır. Məhkəmə və ona sifariş verənlər bu cəzanı kəsərkən məhz Tofiq bəyin şəxsiyyətini nəzərə alıblar. Qanuna görə cəzanın məqsədi qanun pozucusunu islah etməkdir. Tofiq bəyin “islah” olunmayacağına əmin olan məhkəmə və onun ağaları başqa nə cəza verə bilərdilər?
Allahların Sizifə kəsdiyi cəzanı xatırlayırsınızmı?
Tofiq bəy mübarizə simvoludursa, deməli, o, həm də nümunədir, siyasi mübarizə aparanlar və aparmağa hazırlaşanlar üçün bənzəyiş reseptidir, örnəkdir, təkrar olunmağa layiq bilinən bir insandır. Özünü müdafiə etmək instinkti mənəvi haqqını qat-qat üstələyən hakimiyyət bu halda nə etməlidir? Nümunəni, örnəyi, simvolu gözdən saılmalıdır, onun üçün elə bir mühit, şərait yaratmalıdır ki, başqaları Tofiq Yaqublu olmaqdan qorxsun, çəkinsin, onu təkrarlamağın ağır həyat olduğunu dərk eləsin. Bunu onun timsalında hər gün, hər dəfə görsün, əmin olsun və bu cür olmaqdan şəkinsin. Əslində məsələ bu qədər bəsitdir.
“Tofiq bəyi cəzalandırmaq ədalətsizlikdir” yanaşması isə nəinki tənqidə, hətta adi dartışmaya da dözmək gücündə deyil. Sizə kim deyib ki, belə cəzalar veriləndə kimsə ədalət barədə düşünür?
Bəs hakimiyyətin qorxusu necə, əsaslıdırmı?
Napoleon Lui de Fontana deyir: “Məni ən çox nəyin heyrətləndirdiyini bilirsinizmi? Gücün heç nə yarada bilməməsi. Yer üzündə iki fateh var – qılınc və ruh. Və hər şeyə rəğmən ruh həmişə qılınc üzərində qələbə çalır”. Bütün həyatı qılınca tapınmaqdan ibarət olan adam da qılıncın ruh qarşısında acizliyini və məğlubiyyətini etiraf edirsə, siz hələ də ruh qarşısında qorxunun əsaslı olub-olmamasını dartışmaq fikrindəsiniz?
Məncə, nəticə çıxarmaq o qədər də çətin deyil. Özünə qarşı qəddar münasibəti bilən adam bilərəkdən yoluna davam edirsə, deməli, o, təkcə adi bir siyasətçi deyil, həm də ruh adamıdır. Ruh adamları isə qorxuya, gündəlik utilitar qayğılara, şəxsi rahatlıq kimi cılız hisslərə qalib gəlmiş insanlardır. Ağılı və gücü qılıncdan başqa heç nəyə çatmayan adamlar ruh adamına qalib gələ bilərmi?
“İnadkarlıq allahlara qarşı qiyamdan yüksəkdədir”. Sinəsində Nərgiz dağı ucalan insanın yalançı allahlara qarşı dirənişi isə ondan daha yüksəkdədir. Belə adamı sındırmağa çalışmaq qədər sərsəm iş təsəvvür eləmək mümkün deyil.
Tofiq Yaqublu olmağa cəsarəti çatmayanlar donquldanırlar ki, Nərgizdən sonra onun itirəcəyi bir şey qalmayıb, ona görə bu qədər dirənir. Tofiq Yaqublunun da ailəsi, evi-eşiyi, insan kimi yaşamaq haqqı var. Bunlarla işim yox. Belələri anlamır ki, Tofiq Yaqublunun ən azı “Nərgiz xatirəsi” kimi bir sərvəti, müqəddəsliyə varan bir ruh dünyası var və onun mübarizəsini allahlara qarşı qiyamdan da yüksəyə qaldıran məhz budur.
Alber Kamyu “Badam talaları” essesində yazır:
“Mən Əlcəzairdə yaşayarkən qış fəslində səbirli olmağa üstünlük verirdim, bilirdim ki, soyuq fevral günlərinin birində Konsullar vadisindəki badam ağacı çiçəkləyəcək”. Tofiq bəy də səbrlə otuz günün tamamını gözləyir, çünki mübarizəsinin haqq işi olduğuna əminliyi qədər inanır ki, o həbsdən çıxanda badam ağacları çiçəkləyəcək.
Bir də nərgizlər açacaq…