Bacıma məktub

Həbsxanadakı televizorda Aqşini görəndə…

Source:


Salam bacı.


Çox darıxmışam səndən ötrü. Gülüşümü tərifləməyin, «Zaur, hamıya üz vermə» deməyin, söhbətlərimiz üçün çox darıxmışam.


Məndən narahat olma. Mən əlayam. Əhval-ruşiyyəm yerində, sakitəm. Sən deyən kimi, yazmaq istəyirəm. Amma düşünürəm ki, əvvəl avtobioqrafiya yazmalayam, sonra təxəyyül. Avtobioqrafiyamı isə məlum səbəblərdən yazmıram. Amma hələ altı ilim var burda, yaxınlarda başlamaq fikrindəyəm.


Televizorda Aqşini gördüm. Ağır xəstə imiş. Qara ciyəri serroz imiş. Mən tutulmamışdan bir az əvvəl Aqşin gənclər barədə nəsə yazmışdı. Mən də «fasebook»da onu, yumşaq desək, tənqid eləmişdim. Amma bunlar boş söhbətlərdi. Onu televiziyada görəndə birtəhər oldum.


Bacı, qaraciyər serrozu əsl yaradıcı adam xəstəliyidir. Bilirsən, niyə pis oldum. Aqşin, onun bir vaxtlar mənsub olduğu dəstə, biz və azsaylı oxucularımızın hamısını bir yerə yığanda belə, yenə azıq. Amma biz bacaracağıq.  Bitkisəl həyat sürən bu sürüyəbənzər toplumun qarşısını biz alırıq. Amma hərənin bir qurbanı olduğu kimi, Aqşin də qaraciyərini qurban verib.


Bacı, ona bir şey olsa, mən çökərəm! Baxmayaraq ki, onunla heç bir ünsiyyətim olmayıb. Amma pis şeylərdən danışmayaq, türmədə bu, adama  ağır gəlir. Sadəcə, əlaqən varsa, ona çatdır ki, bu 10 kvadrat metrlik kameramda nə qədər bacara bilərəmsə, onunlayam. Təəssüf ki, ancaq bu qədər ola bilirəm. Mən ona hələ uzun illər yaşamağı arzu edirəm.


Sənə vaxtında yaza bilmirəmsə, ya da buna başqa səbəb varsa, narahat olma. Mən bu məktubu cavab almaq məqsədilə yazmıram. Sadəcə oxu, bu, mənə bəsdir.


Ortaq dostlarımızı, doğmalarımızı öpürəm, onlara salam de.


Bilmirəm nə vaxt, hansı şəraitdə, necə, amma biz mütləq görüşəcəyik. Özünü qoru. Sən mənə lazımsan.



Qardaşın Zaur Qurbanlı



Kurdəxanı



25.05.2014

Ana səhifəMənim FikrimcəBacıma məktub