Azyaşlı Tofiq Yaqublunun əleyhinə ifadə verdi

Tofiq Yaqublu: “Əlibaba və 40 quldur qaydalarının yığışdırılması üçün çalışıram”

Source: Meydan.TV

“Neçə gündür telekanalizasiyalarda deyirlər ki, qanun qarşısında hamı bərabərdir, Ramiz Mehdiyevin kürəkəni cəzalandırılıb. Elədirsə, o zaman onun kürəkəninin məhkəməsi kimi, bura da hamı buraxılsın, jurnalistlər canlı yayım versinlər”, – Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu avqustun 25-də məhkəməsində bunu tələb edib.

Nizami Rayon Məhkəməsində onun işinə baxan hakim Nəriman Mehdiyev isə Tofiq Yaqublunun qızı Nigar Həzidən başqa məhkəmə zalına heç kimi buraxmayıb.

Həm Tofiq Yaqublu, həm də vəkilləri məhkəmənin açıqlığı prinsipinə əməl olunmasını tələb edib.

“Deyirsiniz ki, Ali Məhkəmənin qərarı, Operativ Qərargahın tövsiyəsi var, on nəfərdən artıq adam məhkəmə zalında ola bilməz. Üç gündür telekanallar Abşeron Rayon Məhkəməsində Ramiz Mehdiyevin kürəkəninin məhkəməsini göstərir. Ali Məhkəmənin qərarı varsa, hamı üçün keçərli olmalıydı. Əgər Abşeron məhkəməsində hamını buraxıblarsa, deməli, belə qadağa yoxdur. Ən azı, iki jurnalist və Tofiq Yaqublunun qohumları buraxılsın”, – deyə vəkillər bildirib.

Tofiq Yaqublu isə hakimdən tələb edib ki, 10 nəfər qadağası barədə hüquqi normanı göstərsin: “Bu ölkədə məhkəmə yoxdur, bir nəfərin iradəsi var. Sifariş necə verilirsə, o cür də davranırsız. Birbaşa hökmü oxuyun, qurtarsın bu tamaşa. Hakim olan özünə hörmət eləyər. Siz buyruq qulusuz. Mən sizə söz verirəm, sizin də məhkəməniz olacaq. Amma onda sizin haqlı vəsatətlərinizin hamısı təmin olunacaq. Bu qədər rəzillik olmaz…”

Tofiq Yaqublu çox əsəbiləşdiyinə görə onun durumunun pisləşməsindən ehtiyatlanan vəkilləri onunla konfidensial qaydada görüşüb söhbətləşməyə imkan yaradılmasını istəyib. Hakim icazə versə də, Penitensiar Xidmətin əməkdaşları şərait yaratmayıb. Yalnız şüşə kabinədəki arakəsmələr arasından danışmağa icazə veriblər. Tofiq Yaqublu bildirib ki, vəkillərilə konfidensial qaydada müzakirələrinə belə imkan yaradılmayan məhkəmədə iştirak etmək istəmir: “Vəkillə görüşümə imkan verilmədiyinə görə iştirakdan imtina edirəm. Vəkillər şüşələrin arasından qulağıma pıçıldayır, üzr istəyirəm, ağız damcılarımız bir-birimizin qulağına tökülür. Bayaqdan deyirsiz guya koronavirusun dərdini çəkirsiz, budur sizin qayğıkeşliyiniz? Ağdərə alınan gün 6 dənə qumbaraatandan qulağımda problem yaranıb…”

Hakim Tofiq Yaqublunun çıxışını məhkəməyə hörmətsizlik kimi qiymətləndirib. Tofiq Yaqublu etiraz edib: “Əksinə, mən bu ölkədə məhkəmələrin hörmətli, ədalətli olması üçün mübarizə aparıram. Əlibaba və 40 quldur qaydalarının yığışdırılması üçün çalışıram. Korrupsiyaya qarşı, cinayətkarlığa qarşı mübarizə apardığıma görə buradayam. Qanuna hörməti mən tələb edirəm. Məni seçki saxtakarları, cinayətkarlar, banditlər bura salıblar.  Qanuna hörmət olsaydı, mən burada olmazdım”.

Daha sonra hakim şahid Əli Ağayevin məhkəməyə teleqramını elan edib. O, teleqramda yazıb ki, avqustun 19-da və 21-də məhkəməyə gəlib. Amma dindirilməyib: “Təqsirləndirilən şəxsin vəkillərinin şıltaqlığı səbəbindən ifadə verə bilməmişəm. Növbəti məhkəmə proseslərində iştirak edə bilməyəcəm. İstintaqdakı ifadəmi təsdiqləyirəm”.

Vəkillər şahidin bu şəkildə teleqram göndərməsinə etiraz edib: “Şahid nə vaxt məhkəmə zalında oldu? Vəkilin şıltaqlığını hardan bildi? Onu öyrədiblər, belə teleqram göndərib. Şıltaq onu öyrədənlərdir…”

Tofiq Yaqublunun işi üzrə şahid kimi dindirilənlər arasında azyaşlı uşaq da var. 9-cu sinif şagirdi İsmayıl Mirzəyev avqustun 25-də məhkəmədə ifadə verəndə deyib ki, istintaq zamanı müstəntiq onu valideyni və ya başqa bir qanuni nümayəndənin iştirakı olmadan dindirib. Vəkillər bu amilə görə İsmayıl Mirzəyevin ifadəsinin etibarsız hesab edilib sübutlar siyahısından çıxarılması, müstəntiqin isə azyaşlını tək dindirdiyinə görə cəzalanmasını tələb edib.

Azyaşlı şahid deyib ki, hadisə günü anası harasa getmişdi, bu üzdən bazarda ticarətlə məşğul olan dayısının yanına gedib: “Tappıltı səsi gəldi, adamlar getdi, mən də getdim o tərəfə. Qəfəsdəki şəxs (Tofiq Yaqublunu nəzərdə tutur) o birinin başına üç dənə yumruq vurdu. Orada söyüşlər-zad vardı, ona görə dayım məni yola saldı, evə gəldim”.

Amma məhkəmədə uşağa hadisə yerində çəkilmiş foto göstəriblər. Fotoda görünür ki, dayandığı yerdə Tofiq Yaqublunun maşını vurulub. Tofiq Yaqublu kənardan maşınının fotosunu çəkir. İsmayıl Mirzəyev də dayanıb baxır.

Vəkillər soruşub ki, əgər dərhal sonra dayısı onu evə göndərmişdisə, hadisədən xeyli sonra niyə orada dayanmışdı? Yaxud da ondan soruşublar ki, maşınlar toqquşanda hansı vəziyyətdə idi?

İsmayıl Mirzəyev sualların əksəriyyətinə “bilmirəm” cavabı verdiyinə görə vəkillər onun dərketmə, təsviretmə qabiliyyətinə malik olub-olmadığını müəyyənləşdirmək üçün ekspertizadan keçirilməsi barədə vəsatət qaldırıblar.

“Nə qədər abırsız adamdılar. Gedib uşaq bağçasından da birini tutub gətirib Tofiq Yaqublunun üzünə qoysunlar…“, – Tofiq Yaqublu belə deyib.

Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmə ifadə vermək üçün daha bir şahidi dindirmək üçün dəvət etsə də, vəkillər onun dindirilməsinə etiraz edib. Çünki şahid istintaqda Novruzov Cavanşir adıyla dindirilmiş şəxs kimi dəvət olunub. Onun şəxsiyyət vəsiqəsinə baxanda isə məlum olub ki, Novruzov Novruzdur.

“Bütün məmləkət məni Cavanşir kimi tanıyıb. Naxçıvanda kimdən soruşsanız, məni elə tanıyır. Novruz kimi tanıyan yoxdur. Sənəddə elədir ancaq. Ona görə də Novruzov Cavanşir yazıblar”, – deyə şahid kimi dəvət olunan şəxs bildirib.

Vəkillər isə bildirib ki, dindirmə protokolunda müstəntiq şahidin şəxsiyyətinin müəyyənləşdirildiyini yazıb: “Müəyyənləşdirilibsə, niyə Cavanşir yazıb? Biz hesab edirik ki, Novruzov Cavanşir başqa adamdır, Novruzov Novruz başqa…”

Hakim bu şahidi dindirməkdə israr etsə də, vəkillər etiraz edib: “Axı başqa adamdır, onu necə dindirə bilərsiz? Biz cinayət işinin materiallarında adı olan, ittiham tərəfinin də şahidlər siyahısında Novruzov Cavanşir kimi qeyd etdiyi adamın dindirilməsini tələb edirik”.

Tofiq Yaqublu özü də etirazını bildirib: “Kiməsə poçtla pul göndərəndə bir hərf səhv olanda vermirlər. Bu məhkəmə poçt qədər yoxdur? Bu adamın adı da saxtadır. Hələ mən ifadədən danışmıram”.

Vəkillər vəsatət qaldırıb ki, cinayət işinin materiallarında şahid kimi dindirilən Cavanşir Novruzovla bağlı məlumatların alınması üçün Daxili İşlər Nazirliyinə sorğu göndərilsin.

Hakim vəsatəti təmin etməyib, Novruz Novruzovu dindirməkdə israrlı olub.

T.Yaqublu buna etiraz edib: “Bu qədər həyasızlıq, zorbalıq olmaz. Siz necə müəyyənləşdirdiniz ki, Novruzov Novruzov elə Novruzov Cavanşirdir? Mən də deyirəm Heydər Əliyevəm, inanacaqsız?”

Məhkəmə prosesi davam edir.

Tofiq Yaqublu martın 22-dən həbsdədir. Ona qarşı CM-in 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsilə ittiham irəli sürülüb. İddia olunur ki, Tofiq Yaqublu avtomobili ilə qəza törədib, daha sonra o biri maşında olan ər-arvadı – Elxan və Cəvahir Cəbrayılovları döyüb, xəsarət yetirib.

Tofiq Yaqublu ittihamın saxta olduğunu bəyan edib. O, həbsindən əvvəl “Facebook” hesabında yazmışdı: “Dostlar, ciddi təxribatla üzləşmişəm. “8-ci kilometr bazarı“nda park halında olan maşınımı qəsdən, nümayişkəranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır…”

T.Yaqublu bundan öncə də 2014-cü ildə İsmayıllı hadisələrinə görə həbs olunmuş, 2016-cı ilin martında azadlığa çıxmışdı. O, Milli Şuranın ötən il oktyabrın 19-da keçirdiyi mitinqdə də 30 günlük inzibati həbs cəzası almışdı. Sonuncu həbs zamanı T.Yaqublu ağır işgəncələrə məruz qaldığını bildirmişdi.

Ailə üzvlərinin sözlərinə görə, həmin işgəncələr nəticəsində T.Yaqublunun səhhətində fəsadlar yaranıb.

Ana səhifəSiyasətAzyaşlı Tofiq Yaqublunun əleyhinə ifadə verdi