Vitali Demidkin: ”Bakılı həmkarımla danışan zaman onlardan televiziyanın enerji blokunun partladılması barədə eşitmişəm”
“Biz, səhv etmirəmsə, yanvarın 20-si Bakıya 60 nəfərlik qrup şəklində gəlmişdik. Gəldiyimiz tarix dəqiq yadımda deyil. Amma Moskvaya geri qayıtdığımız tarix dəqiq yadımdadır – martın 7-si, bu Beynəlxalq Qadınlar günü ərəfəsi idi və mən həyat yoldaşıma Bakıdan çox gözəl qərənfillər gətirmişdim”.
Bunu “Report”un Rusiya bürosunun əməkdaşına açıqlamasında keçmiş SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi təyinatlı “Alfa” qrupunun sabiq əməkdaşı, ehtiyatda olan polkovnik Vitali Demidkin bildirib.
Onun sözlərinə görə, Azərbaycana getdikdən sonra həqiqətən xalqın şəhərdə Sovet qoşunlarının olmasından narazı olduğunu görüblər:
“Lakin bu, daha çox insanların faciəvi ölümü ilə əlaqəli idi. Həmin vaxtı İttifaqdan ayrılmaq məsələsi yox idi. Ondan sonrakı il biz Vilnüsdə olanda, artıq İttifaqdan çıxmaq barədə qətiyyətlə danışırdılar”.
“Biz mülki geyimdə olurduq və yerli əhalidən seçilmirdik”
“Udar” əməliyyatı barədə danışan V.Demidkin deyib ki, əməliyyatın adı sıravi əməkdaşlara məlum deyildi:
“Rəhbərlik bizi təlimatlandırdı ki, Azərbaycan anti-sovetçilərlə qaynayır, azərbaycanlılar SSRİ-dən çıxmaq istəyir.”Udar” sözünü ilk dəfə sizdən eşidirəm. Biz öz tapşırığımızı yerinə yetirirdik, həyəcan yaşanan İttifaq respublikalarına gedirdik. O zaman biz təxmin edə bilməzdik ki, hər şey böyük dövlətin dağılması ilə nəticələnəcək”.
Vitali Demidkin deyib ki, ümumilikdə Bakıda 45 gün qalıblar:
“Bakıya düşən kimi aeroportdan Bilgəhə yollandıq, orada bir neçə gün sanatoriyada qaldıq. Sonra 4-cü Ordunun qərargahına göndərildik, daha sonra isə Azərbaycan DTK binasına yerləşdirildik. Mən daima qərargahda olurdum və hərdən şəhərə patrula çıxırdım. Biz mülki geyimdə olurduq və yerli əhalidən seçilmirdik. Şəhərin küçələrində daima insan izdihamı yaşanırdı, həlak olanların dəfn olunması ilə əlaqədar yürüşlərin şahidi olmuşam”.
Ehtiyatda olan polkovnik deyib ki, “Alfa”da şərti məxfilik tətbiq olunub:
“Bir qrup əməliyyat həyata keçirəndə, digərləri bu barədə məlumatsız olurlar, hətta, dost həmkarlara belə nəsə danışmaq qadağandır. Fikrimcə, Azərbaycan televiziyasının (AzTV) enerji blokunun partladılması “Alfa”nın yerli bölməsinin işi olub. Əksər əməliyyatlar DTK-nın yerli bölməsi tərəfindən həyata keçirilirdi. Onları da bizim təlimatçılar hazırlayırdılar. Ona görə də həmin şəxslər də özlərini “Alfa” adlandırırdılar. Bakılı həmkarımla danışan zaman onlardan televiziyanın enerji blokunun partladılması barədə eşitmişəm. Bu səbəbdən hesab edirəm ki, bu, məhz onların işidir”.
“Enerji blokunun partladılması Moskvadan gələn nümayəndələrin təşkilatçılığı ilə baş tutub”
“Azərbaycanın Dövlət Televiziyasının enerji blokunun partladılması Azərbaycanın Dövlət Təhlükəsizlik Komitəsinin o vaxtkı rəhbəri Vaqif Hüseynov və Moskvadan gələn nümayəndələrin təşkilatçılığı ilə baş tutub”.
Bunu isə jurnalistlərə açıqlamasında Azərbaycanın baş prokurorunun birinci müavini Rüstəm Usubov deyib.
R.Usubov bildirib ki, o vaxt işi Rusiya Prokurorluğu araşdırıb:
“Azərbaycan Respublikasının Prokurorluğu cinayət işini 14 fevral 1992-ci ildə başlamışdı ki, bu da o vaxtki rəhbərliyin səhvidir. İki ildən sonra istintaq aparılması çox çətin idi, müəyyən sübutlar aradan qaldırılmışdı. Təzədən dindirilmə aparmaq çox çətin idi. İstintaq hərəkətləri həm Azərbaycanda, həm Moskvada aparıldı. SSRİ-nin Mərkəzi Komitəsinin 19 yanvarda Bakıya ezam olunmuş rəhbər işçiləri dindirildi. Ancaq Mixail Qorbaçovu və Baqatini dindirmək mümkün olmadı. O, qaçdı gizləndi. Girenko, Babkov, Mixaylov, Yazov dindirildilər. Mixail Qorbaçov istintaqdan yayındı. 1992-ci ildə 68 cild əsas işi bizə verilmədi. İndiyə qədər Azərbaycan prokurorluğu 68 cild işi tələb edir, amma onlar bizə çatdırılmayıb. İstintaq gedir, 68 cild iş istintaqa gələndən sonra ona tam qiymət verib qalanlar məhkəmə məsuliyyətinə cəlb olunacaqlar”.
R.Usubov vurğulayıb ki, SSRİ-in keçmiş prezidenti Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu və Azərbaycan Konstitusiyasının 71-ci maddəsini kobud şəkildə pozaraq fövqəladə vəziyyətin tətbiq edilməsi və hərbçilərin Bakıya yeridilməsi ilə bağlı qanunsuz fərman verib:
“Hərbçilər əmr əsasında yanvarın 19-u saat 00:00-dan başlayaraq şəhərə daxil olub, dinc əhalini qırıblar. Bakı əhalisinin 132 nəfəri qətlə yetirilib, 612 nəfəri yaralanıb, 814 nəfəri qanunsuz həbs olunub. Binalara və digər qurumlara ciddi ziyan dəyib”.
Baş prokurorun birinci müavini xatırladıb ki, Bakıda yetərincə hərbçi olduğu halda 66 minlik qoşun paytaxta yeridilib:
“Bunlar SSRİ Müdafiə Nazirliyinin və Daxili Qoşunların hərbçiləri və kursantları idi. Aralarında Krasnodar vilayətinin müddətdən artıq hərbi qulluqçuları da var idi. Eyni zamanda onların çoxu erməni idi. Hətta yanvarın 24-də Azərbaycan Elmlər Akademiyasının alimləri öldürülüb”.