9 ay öncə Azərbaycan və İran prezidentləri bir araya gəlib yeni əməkdaşlıq vədləri verəndə aylar sonra münasibətlərin “terror ittihamı” səviyyəsində pisləşəcəyi bilinmirdi.
Amma siyasi analitiklər deyir ki, İranla Azərbaycan arasında hər zaman soyuq müharibə hökm sürüb. İkinci Qarabağ müharibəsindən sonra dəyişən geosiyasi mənzərə yatmış vulkanı oyatdı.
Rəsmi Bakı müharibəni sonlandıran 10 noyabr bəyanatını əsas götürərək rəsmi Yerevanın istəyindən aslı olmayaraq Azərbaycan və Naxçıvan arasında dəhlizi açacağını bəyan edib. Tehran hesab edir ki, belə bir dəhliz İran və Ermənistan arasında sərhədi ləğv edə bilər.
Müharibədən sonra Azərbaycanla İran arasında olan diplomatiya sözlü tennis oyununa bənzəyirdi. Azərbaycan İranı Ermənistanı dəstəklədiyinə görə ittiham edib. İran Xarici İşlər Nazirliyi Azərbaycanla İsrail arasında yaranmış münasibətləri “anti-İran” siyasəti hesab etdiyini bildirib.
Son hadisələr isə göstərir ki, Azərbaycan insiativi öz əlinə alıb. Aprelin 6-da Azərbaycan Xarici İşlər Nazirliyi İranın Azərbaycandakı səfirliyinin 4 diplomatını persona non grata – arzuolunmaz şəxs elan edərək, onlara Azərbaycanı tərk etmək üçün 48 saat verdi.
Martın 29-da Azərbaycan ilk dəfədir ki, İsraildə səfirlik açaraq münasibətlərini taclandırdı.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanaani Azərbaycanın son hərəkətlərini “sərt, emosional və qeyri-konstruktiv” adlandırıb. Kənani Azərbaycanı qarşılıqlı hörmətə riayət etməyə, mehriban qonşuluq əlaqələrinə doğru irəliləməyə və sionistlər, həmçinin region düşmənlərinin arzularından qaçınmağa çağırıb.
Səfirliyin açılışından bir gün öncə güllələnən deputat Fazil Mustafanın işində Dövlət Təhlükəsizlik Xidməti İran izi olduğunu bildirdi. Bundan öncəki atışmalarda da “Kalaşnikov” konstruksiyalı silahın istifadə olunması əmrin eyni mərkəzdən gəlməsi fikrini ortaya atdı. Elə hökumət rəsmiləri də bir ağızdan İranı terrorda ittiham etdi.
Paralel olaraq ölkədə İrana casusluq iddiaları altında narkotik ittihamı ilə 500-ə yaxın inanclı şəxs saxlanılıb. Yəni, Azərbaycan hökuməti “İran agenti” kartını açıb.
40-a yaxın üzvü saxlanılan Müsəlman Birliyi Hərəkatı ittihamları qəbul etmir. Ardınca hökumətə Qarabağ müharibəsində inanclı şəxslərin dövlətlə birliyini xatırladır.
İki ölkə arasında hökm sürən gərginlik hansı həddə müharibəyə çevrilə bilər? Balanslaşdırılmış xarici siyasəti ilə öyünən İlham Əliyev ikinci bir qonşu ilə müharibəyə hazırdımı? İki ölkənin Xarici İşlər Nazirləri sonuncu dəfə aprelin 15-də telefonla danışıb. Tərəflər zərurət olacağı halda ikitərəfli səfərlərin də mümkün olduğunu bildiriblər.