Azərbaycan hökuməti Çexiyada təhsil alan tələbələrlə maraqlanmayıb
Çexiya Respublikası koronavirusa görə fövqəladə vəziyyət elan edib. Ölkə sərhədlərini bağlayıb. Buna səbəb Çexiyada son bir həftə ərzində virusa yoluxan insanların sayının 200-ü keçməsidir. Nəticədə, ölkədə 30 günlük fövqəladə vəziyyət elan olunub. Çin, İtaliya, Fransa, İran, Cənubi Koreya kimi pandemiyanın daha çox yayıldığı 12 ölkənin vətəndaşlarının Çexiyaya girişi qadağan edilib. İctimai tədbirlər, yığıncaqlar təxirə salınıb, kafe, restoran və digər ictimai obyektlər bağlanıb.
Bunu Çexiya Respublikasında yaşayan azərbaycanlılar da təsdiq edir. Çexiyada təhsil alan azərbaycanlı Bəhruz Səmədov deyir ki, martın 16-dan bütün ölkə ərazisində xüsusi ehtiyac olmadan evdən çıxmaq qadağan edilib.
Adının açıqlanmasını istəməyən başqa bir tələbə isə Meydan TV-yə deyib ki, mediada açıqlanan qadağalar bir az şişirdilib:
“Düzdür, bütün ölkədə 1 aylıq iaşə obyektləri bağlanıb. İlk öncə 100 nəfər insanın bir qapalı obyektdə yığışmasına qadağa elədilər. İnsanlar biclik işlədərək 99 nəfərə qədər yığışırdılar, daha sonra hökumət 30 nəfər elədi, insanlar yenə 20-25 nəfərlik qruplar halında obyektlərdə yığışıb parti təşkil edirdilər. Son iki gündür də hava yaxşı olduğundan insanlar çölə çıxıb parkda əylənirdilər. Dünən tətbiq olunan qadağanın adı “hərəkətin məhdudlaşdırılması” adlanır. Sadəcə hökumət çox insanın bir yerdə yığışmasının qarşısını almaq üçün bunu tətbiq etməyə başlayıb”.
Tələbə deyir ki, tətbiq ondan ibarətdir ki, ehtiyac olmadığı müddətdə çölə çıxılmasın. Məsələn mağazaya, poçta və yaxud da banka gedə bilərsən, ancaq bir qrup daxilində parkda oturub əylənə bilməzsən:
“Dünən də Çexiyanın Daxili işlər naziri açıqlamasında bildirib ki, tətbiq olunanlar məcburi deyil. Sadəcə əhalidən daha duyarlı olmalarını xahiş edib. Və bunları tətbiq eləməyənlərə heç bir cəza növü olmayacaq. Daxili işlər nazirinin dediyinə görə, onların yeganə cəzası vicdanları ola bilər. Hansı ki, əgər başqa bir insana xəstəlik keçirsə, o insan ölsə, bunun iztirabı onların boynuna qalacaq”.
Tələbə bildirir ki, hal-hazırda bütün bağçalar, məktəblər, universitetlər 1 aylıq bağlanıb. İnsanlar daha çox evdə işləyir və bacardıqca çölə çıxmamağa çalışırlar. Bu tətbiqin nə vaxta qədər davam edəcəyini isə heç kəs bilmir:
“Böyük ehtimal vəziyyətə görə hərəkət edəcəklər. Düşünürəm ki, əgər virusun yayılmasının qarşısını ala bilməsələr, daha ciddi məhdudiyyətlər tətbiq edəcəklər”.
Azərbaycanın Çexiyadakı Səfirliyinin və ya Təhsil Nazirliyinin tələbələrlə maraqlanmasına gəlincə, tələbə deyir ki, Azərbaycan hökuməti nə onunla, nə də tanıdığı insanlarla əlaqə saxlayıb:
“Ölkəyə qayıtmağı düşünmürəm və necə qayıdacağımı da heç bilmirəm. Çünki həm Çexiya, həm də Azərbaycan sərhədləri bağlayıb. Mən Bakıya 3 yolla gedə bilərəm. Budapeşt-Bakı, Çexiya-Türkiyə-Bakı, və ya Çexiya-Gürcüstan. Ordan da quru yolla Azərbaycana keçə bilərəm. İndi başa düşdüyüm qədəri ilə bu, bir o qədər də mümkün görünmir”.
Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Bir müddət sonra bu virus Azərbaycanın qonşusu İranda da özünü göstərməyə başlayıb. Bundan sonra bir sıra ölkə İranla sərhədi bağlayıb. Azərbaycan da ondan sonra, fevralın 29-da iki həftəlik İranla dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar verdiyini açıqlayıb. Daha sonra məhdudiyyəti 2 həftə də uzadıb. Amma bu qərarın yük maşınlarına aid olmadığı bildirilir.
Bundan başqa, Türkiyə ilə Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri martın 15-dən müvəqqəti dayandırılıb. Martın 14-dən isə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədi 10 gün müddətinə bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanıb.
Hazırda əsasən, İran və İtaliyadan qayıdan bir çox şəxsin koronavirus şübhəsi ilə Azərbaycanda karantinə alındığı söylənir.
Son bir neçə ayda dünyada bu virusdan 6 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Bu virusdan ölüm hallarına Çindən sonra daha çox İtaliya və İranda rast gəlindiyi vurğulanır.
Rəsmi məlumat
a görə, Azərbaycanda virusa 25 nəfər yoluxub. Onlardan 1 nəfər ölüb, 6 nəfər isə sağalıb.