AXCP üzvünün dekabrın 30-dan itkin düşdüyü deyilir
Siyasi mühacir kimi Belçikada yaşayan Vüqar Rzanın çaydan cəsədinin tapıldığı bildirilir. Bu barədə hazırda mühacir həyatı yaşayan jurnalist Əfqan Muxtarlı məlumat yayıb.
Onun sözlərinə görə, Vüqar Rza dekabr 30-dan Belçikada itkin düşüb. O, Qırmızı Xaça məxsus kampda qalırmış.
Onun itkin düşməsindən sonra siyasi mühacirlər Fikrət Hüseynli ilə Həsən Qafarov həm kampda, həm də polisdə olub, axtarışını tələb ediblər.
Polis yanvarın 15-də Vüqar Rzanın cəsədinin caydan tapıldığı barədə məlumat verib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olan Vüqar Rza Şəkidə müəllim işləyib. Onun seçkilərdə tutduğu mövqeyə görə işdən çıxarıldığı və təqiblərə məruz qaldığı bildirilir. 2016-17-ci illərdə Şəkidə üzləşdiyi təqibləri əsas gətirərək Gürcüstana, oradan da Avropaya gedib.
Hazırda Vüqar Rzanın anasının insult keçirdiyi, dili tutulduğu deyilir.
“Münasibətimiz var idi. Müammalı hadisədir. Yəqin polis hadisəni araşdıracaq. Amma son aylar Azərbaycan hakimiyyəti Avropada siyasi fəalların təqibini artırıb. Bir necə ay əvvəl Məhəmməd Mirzəlini qətlə yetirmək istəmişdilər”, – deyə Əfqan Muxtarlı öz “Facebook” səhifəsində yazıb.
Mühacirətdə olan jurnalist Fikrət Hüseynli də Vüqar Rzanın cəsədinin tapıldığını təsdiqləyib. Onun sözlərinə görə, polis azərbaycanlı mühacirin öldürüldüyünü ehtimal edir.
Fikrət Hüseynlinin “Facebook” səhifəsində yaydığı məlumata görə, Azərbaycanın Belçikadakı səfirliyi mühacirin nəşinin ölkəyə gətirilməsinə dəstək vermək istəmir:
“Səfirlik Mechelen (Mexelen) polisinə deyib ki, azərbaycanlılar öz aralarında atışıb Vüqar Rzanın cənazəsini Azərbaycana göndərsinlər. Bu, nə biabırçılıqdı, Fuad İsgəndərov?
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Xarici İşlər Nazirliyi, bu, nə yanaşmadır? O zaman səfirlik, diaspora cəmiyyətləri nəyə yarayır?”
Həftəsonu olduğundan Meydan TV Azərbaycanın Xarici İşlər Nazirliyindən və Belçikadakı səfirlikdən münasibət öyrənə bilməyib. Telefon zənglərinə cavab verilməyib.