Azərbaycanın üzləşdiyi böhran girdabı

Bu böhranda hər kəs batacaq

Source:


Bu böhranda hər kəs batacaq

Yaxın Şərq ölkələrində “ərəb baharı” başlayanda Azərbaycan hakimiyyəti təşviş içində idi. Qısa müddətə də olsa, dövlət qurumlarında rüşvət demək olar ki, aradan qalxdı. Siyasi elita Azərbaycanda da xalq narazılıqlarının arta biləcəyindən ehtiyat edirdi. Yaxın Şərqdəki proseslər başqa məcrəya yönəldikdən sonra korrupsiyalaşmış rejim daha aqressiv formada öz fəaliyyətinə qayıtdı. Bir qədər əvvəl Azərbaycanın bölgələrini etiraz aksiyaları bürüyəndə də siyasi elita eyni təşvişi yaşadı. Bütün təhlillər onu deməyə əsas verir ki, Azərbaycan siyasi elitası sərt görünməsinə baxmayaraq, kifayət qədər praqmatikdir və situasiya nəzarətdən çıxacağı anda hakimiyyət iddialarından geri çəkilə bilər. Rayonlarda etiraz aksiyaları alovlanan zaman hakimiyyət mənsubları siyasi və iqtisadi islahatların aparılıacağını vəd edirdilər. Yerlərdə etiraz aksiyaları səngiyən kimi hakimiyyət yenidən öz ampulasına sadiq qaldı və cəmiyyətə alçaldıcı formada mesajlar ötürməyə başladı. Lakin heç kəs zəmanət verə bilməz ki, insanlar yenidən etiraz aksiyalarına qalxmayacaqlar. Məsələ ondadır ki, ölkədə böhran dərinləşir. İstər neftin ucuzlaşması ilə bağlı iqtisadi böhran, istərsə də hakimiyyət daxilində açıq müstəviyə keçən böhran kataklimzlərin xəbərçisidir. Digər tərəfdən, baş verənlərin fonunda Rusiya və Qərbin maraqlarının toqquşması da açıq-aydın sezilir. Digər tərəfdən, mövcud amillər Azərbaycan siyasi istebleşmentinin amansız qarşılıqlı savaşlara sürüklənməkdə olduğunu, ölkə siyasi elitasının gərginlik yaşadığını deməyə əsas verir. Bir sözlə, hakim komanda seytnot təhlükəsindədir. Görünən budur ki, əsas hədəf kimi elə ölkə başçısının özü seçilib. Son gurultulu kadr dəyişiklikləri də ölkə rəhbərini atəş xəttindən uzaqlaşdırmağa xidmət edir. Lakin bütün bunlara baxmayaraq, hakim komandada qiyam əhval-ruhiyyəsi sezilməkdədir və bu gün “vurulanlar” bu oyunda heç də baş rolun ifaçıları deyil. Baş rolun ifaçısı hələ də 2018-ci ili, növbəti prezident seçkilərini hədəf alıb və artıq özünün “paralel komandası”nı açıq savaşa sövq edə bilir.

Onu da vurğulamaq lazım gəlir ki, hakimiyyət mərkəzdənqaçma tendensiyaları yaşadığı bir zamanda xarici qüvvələr də öz maraqlarını təmin etməyə çalışırlar. Kənardan görünən budur ki, vəzifəsindən uzaqlaşdırılanların yerinə Kremli sevən simaların gətirilməsi planı mövcuddur. Hakimiyyət tam mənada Rusiyadan asılı vəziyyətə salına bilər. Bu isə əlavə gərginlik yaradır.

Bütün baş verənlər fonunda hakimiyyətin müxalifətə münasibətinin dəyişdiyini də söyləmək imkansızdır. Belə ki, iqtidar sərt idarəçiliyi davam etdirir və siyasi rəqiblərini təhqir etməkdə davam edir. Ehtimal etmək olar ki, bundan sonra da hakimiyyət “vintləri sıxmaq”da israrlı olacaq. Siyasi məhbusların azad olunması günbəgün artan sosial narazılıqlar fonunda protest elektoratına əlavə impuls verə bilərdi. Odur ki, iqtidar buna getmək istəmir. Hakimiyyət, o cümlədən də cəmiyyət üçün siyasi məhbus problemi başlıca önəm daşımır, hər an yeni siyasi məhbus ordusu yarana bilər.  İqtidar elə fon yaradır ki, sanki özünə arxayındır. Lakin ölkədəki qiymət artımı ciddi problemlər yarada və iqtidarda mərkəzdənqaçma tendensiyalarını gücləndirə bilər. Məsələ ondadır ki, ölkə dərin böhrana girir. Bu böhranın sonu hər kəs üçün acınacaqlı ola bilər.

Başlıca problemlərdən biri də odur ki, hakim komandanın lideri sona qədər siyasətdə qalmaqda israrlı olan şəxs təsiri bağışlamır. Belə bir fikir yaranır ki, o, geri də çəkilə bilər. Lakin sual ondadır ki, komanda buna imkan verəcəkmi? Ölkədə normal siyasi mühit mövcud deyil. Komandanın lideri komandasının problemlərini sona qədər daşımalıdır. Oyunu yarımçıq tərk etmək imkansızdır. Bir sözlə, iqtidar tərəfindən siyasi islahat əvəzinə daha sərt idarəçilik və daha amansız addımlar atıla bilər.

Bu gün ölkənin siyasi həyatında nisbi durğunluq hökm sürməkdədir. Proseslər bölgələrdəki növbəti narazılıqlara qədər eyni tempdə davam edə bilər. Növbəti narazılıqların harada cərəyan edəcəyi və nə ilə başa çatacağını isə indidən söyləmək çətindir…

Ana səhifəAnalitikaAzərbaycanın üzləşdiyi böhran girdabı