Azərbaycanın qeyri-situativ müttəfiqi – İsrail

Bizim Qərb dünyasında şəksiz müttəfiqimiz olan dövlət varmı?

Source:


Bizim Qərb dünyasında şəksiz müttəfiqimiz olan dövlət varmı?

Apreldən etibarən ölkədə ictimai və siyasi vəziyyət qəti olaraq dəyişdi. Ayın əvvəlindən başlanan hərbi əməliyyatlar, sonradan əldə olunmuş atəşkəsə rəğmən, ayın sonunda yenidən canlandı. Ordumuzun əladə etdiyi uğurlar, verilmiş itkilər, regionda bizim xeyrimizə olmayan

status-quo

və onun dəyişilməsinə olan əhəmiyyətli cəhdlər, ölkəmizin hazırkı durumda hansı geosiyasi şəraitdə bunu etdiyinə, ağır vəziyyətdə hansı müttəfiqlərə arxalana biləcəyinə bir daha göz atmağı gərəkli edir.

Azərbaycan geosiyasi mənada çox böyük maraq doğuran bir məkanda yerləşir, bu, bir aksiomadır. Çox zaman bu geosiyasət bizim ölkənin zərərinə də işləyib, bu da hamıya aydındır. Çünki ölkəmizin yaranma tarixinə, bölgə qonşularımızın bizə münasibətinə kiçicik bir nəzər də kifayət edər ki, bir çox mətləbə aydınlıq gətirilsin. Bölgədəki, bizimlə sərhəddi olan ölkələr: İran (bizimlə ən böyük sərhəddi olan ölkə), Türkiyə (bizimlə ən kiçik sərhəddi olan ölkə), Rusiya, Ermənistan, Gürcüstan, Qazaxıstan və Türkmənistandır.

Bunlar arasından şübhəsiz ki, bizə müttəfiq olan ölkə

Türkiyə Cümhuriyyəti

dir, istər orada Ərdoğan hakimiyyəti olsun, istər başqa iqtidar, burda fərq etməz – çünki biz situativ müttəfiq deyilik, hazırda bizim müttəfiqliyimiz dərin qarşılıqlı maraqlardan keçir. Amma Türkiyə özü, məsələn, Rusiya ilə 1920-ci, İstiqlal savaşı illərində situativ müttəfiq idi, onlara Antanta (Türkiyənin milli qürurunu aşağılayacaq Sevr müqaviləsinin şərtlərinin dəyişilməsi uğrunda) və yunan işğalçıları ilə mübarizədə Rusiyadan böyük miqdarda kömək gəlmişdi. Qarşılığında Türkiyə Qafqazda ruslara bir çox bölgəni güzəştə getməli oldu, lakin sonradan bu müttəfiqlik təbii ki, pozuldu, çünki qarşılıqlı maraqlar təmin edilmirdi və edilə də bilməzdi.

Türkiyə bizim ölkənin müstəqilliyini tanıyan ilk dövlətdir, bu mənada bizim bir nömrəli müttəfiqimiz məhz Türkiyədir, bu da aksiomadır. Təəssüf ki, bizə əziz olan bu dövlətdə, son illərdə qondarma “Ergenekon” kimi mənfi proseslərin getməsi, böyük Atatürkün qurduğu toplumun əsaslarını sarsıdacaq məsələlərə görə, öz cəlbediciliyini tədricən itirməkdədir, lakin bu, tamam başqa bir mövzudur və bizim strateji müttəfiqliyimizə aidiyyatı yoxdur.

Başqa bir iri, çox böyük potensialı olan regional dövlət,

İslam Respublikası İran

üçün, əslində, bizim ölkənin varlığı belə qəbuledilməzdir. İran, tarixi azından 2500 il (antik dünya ilə qarşıdurmasından hesablasaq) sayan qədim sivilizasiyadır və onun şimal ərazisində Azərbaycan adını daşıyan iki inzibati bölgə – ostan (paytaxtı Urmiyə olmaqla Qərbi Azərbaycan ostanı və paytaxtı Təbriz olmaqla Şərqi Azərbaycan ostanı) vardır. Və təbii ki, İran dövlətini özünə vətən, vacib hesab edən, bu dövlət ona əzizdirsə, təbii ki, şimalda Azərbaycan adlı yeni, sekulyar, bu mənada İrandan xeyli cəlbedici bir dövlətin yaranması, əslində onun üçün qəbuledilməzdir. Başqa faktorları artıq burada heç qeyd etmirəm, bunlar artıq kifayətdir ki, məsələnin ciddiyyətini anlayaq. İran bizə müttəfiq olacaq dövlət deyil və heç bir din faktoru, “şiə təəssübkeşliyi” burada işləməyəcək – maraqlar üst-üstə düşmür. Bütün bunlara ilk Qarabağ müharibəsi zamanı tamamilə əmin olduq, düşünürəm ki, burada sual qalmır. Bu mənada İranla çox-çox ehtiyatlı davranmalı və bu faktoru birdəfəlik yaddaşımıza qeyd etməliyik.

Yeri gəlmişkən sırf islam təəssübkeşliyi mənasında, islam dünyasında bizim tamamilə sadiq və etibar edəcəyimiz müttəfiqimiz var, o da

Pakistan

dövlətidir. Pakistan Azərbaycanı rəsmi olaraq tanıyan 3-cü dövlətdir və bütün münasibətlərimiz dövründə onlara tam sədaqətini hətta Ermənistanı dövlət kimi tanımamaqla sübut etmişdir. Pakistan Azərbaycan üçün çox vacib və strateji müttəfiqdir.

Regiona dönək:

Ermənistan

la hər şey aydındır, nəyisə təkrar etməyinə dəyməz. Lakin ölkəmizlə 25 illik qarşıdurmada olan bu dövlət geosiyasi vahid kimi yalnız regiondakı başqa faktorlarla birlikdə işləkdir, bunlardan da ən vacib faktor

Rusiya Federasiyası

dır, bunu da birdəfəlik yaddaşımıza qeyd etmək gərəkdir. Doğrudur, Rusiya özünü hər zaman regional deyil, fövqəldövlət kimi mövqeləndirir və bu mənada “özününkü” hesab etdiyi bu regiona elə özünəməxsus “balans” edir – kasıb müttəfiqi Ermənistana parasız silah yardımı edir, bizə isə banal olaraq satır. Və Rusiya faktoru Qarabağ probleminin uzun illər həll olunmadan qalmasında başlıca amildir – bunu da birdəfəlik anlamağımız və qəbul etməyimiz gərəkdir. Rusiyanın da bizim dövlətin varlığına münasibəti əslində İran qədər aydındır – keçmiş metropoliya bizim real olaraq varlığımızı çox ağır qəbul edir və bu faktor çətin ki, nə zamansa dəyişilsin.

Bütün bu fonda

Gürcüstan

dövləti bizim üçün regional çıxış, tranzit koridor kimi strateji bir əhəmiyyət daşıyır. Bu anlamda Gürcüstan dövlətinin ayaqda olması Azərbaycan üçün çox vacibdir. Qarşılıqlı maraqlar üst-üstə düşür, o cümlədən keçmiş metropoliyaya münasibətdə də. Bunlar isə çox vacib faktorlardır.

Bəs Qərb dünyasında, beynəlxalq arenada bizim şəksiz müttəfiqimiz kimdir? ABŞ, Avropa Birliyi, türk dünyası, islam dövlətləri, yoxsa hansısa ayrıca bir dövlət? Əlbəttə ki, burada məsələ bir qədər qəlizləşir. Fövqəldövlət ABŞ-ın regiona müdaxiləsi son illər kifayət qədər məhduddur, görünür, bu, Rusiyanın “həyati maraqlar sferasına” müdaxilə etməmək üçündür. Avropa Birliyi anlayışı da (sırf geosiyasi tərəf kimi) kifayət qədər mücərrəd xarakter daşıyır. Avropa Birliyində aparıcı və mərkəzi dövlət Almaniyadır. Zatən bu birliyin başlıca memarı da Almaniya olmuş və hazırda da onu öz iqtisadiyyatı ilə ayaqda saxlayan məhz bu dövlətdir. Sual oluna bilər ki, bu Almaniyanın nəyinə gərəkdir? Almaniya II Dünya Müharibəsində və Holokost zamanı edilmiş cinayətlərə görə daima günah kompleksi altındadır və indiyə kim öz iqtisadi, kültür və başqa potensialını siyasətə ekstrapolyasiya edə bilmir. Necə ki, məşhur politoloq Zbigniew Brzeziński “Böyük Şahmat taxtası” (Zbigniew Brzeziński,

“The Grand Chessboard”

, 1997) əsərində yazırdı: “Berlinin indiyə kimi danışmaq haqqı yoxdur”. Və Berlin bu haqqı hazırda Brüsselin ağzı ilə reallaşdırmaqdadır.

Bugünlərdə, konkret 24 apreldə, Yerevandakı məlum mərasimlər zamanı, sonuncu alman kayzeri II Wilhelm’in kötücəsi Prince Philip, Duke of Edinburgh, bir kilsədə, 1915-ci il hadisələrində Almaniyanın Osmanlının müttəfiqi olduğu və ulu babası Wilhelm II Kayzerin o zamanlar erməniləri xilas etmək üçün heç bir şey etmədiyidən çox pərt olduğunu bəyan etdi, üzr istəyərək diz çökdü. Onunla bir yerdə o mərasimə gəlmiş qadınlar da diz çokdü. Əlbəttə ki, bu hadisəni individual bir iş də hesab etmək olar, lakin bu adamın hazırda Wilhelm II Kayzerin yeganə vəliəhdi olduğunu nəzərə alıb fərz etmək olar ki, bu dövləti işdir. Çünki hazırda alman dövləti üçün Holokost faciəsinin kəskinliyini bir qədər azaltmaq və bəşəri cinayətkar obrazından çıxmaq üçün “erməni genosidi”nin tanınması həyati işdir. Bu da bir aksiomadır. Bu mənada alman dövlətinin mövqeyini dəyişmək mümkün olmayacaq və heç bir türk lobbisi də bunu edə bilməyəcək, buna artıq illuziyasız yanaşmaq gərəkdir. Qeyd etdiyimiz kimi, maraqlar üst-üstə düşmür.

Yaxşı bəs bizim Qərb dünyasında şəksiz müttəfiqimiz olan dövlət varmı?

Bunun cavabı əlbəttə ki, var, o da

İsrail

dövlətidir – olacaq. İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk 10 dövlətdən biri olub və bütün münasibətlərimiz boyu onların genişləndirməyə can atıb. Bu dövlət istənilən sahədə (o cümlədən yeni hərbi texnologiyalarda) bizə yardım etməyə hər zaman hazır olduğunu bildirib. Bunun səbəbini yenə də yalnız qarşılıqlı maraqlarda axtarmaq gərəkdir.

İsrail dövlətinə, qarşıdurmada olduğu dövlətlərin kimliyini nəzərə alsaq, regionda spesifik müttəfiqlər gərəkdir.  Azərbaycan bu mənada əla dövlətdir, quruluşu dünyəvi olsa da, şiə müsəlmanların çoxluq təşkil etdiyi dövlətin müttəfiqliyi İsrailə çox gərəkdir. Bundan başqa, İsrailin İranla hazırkı barışmaz münasibətləri, bizim də maraqlarımız baxımından bu dövləti bizə müttəfiq edir. Başqa tərəfdən, əgər erməni terror hərəkatının tarixinə diqqətlə nəzər salsaq, o zaman görərik ki, bu, Fələstin Azadlıq təşkilatı ilə sıx əməkdaşlıqdan, hətta onların sıralarında İsrail Silahlı Qüvvələri ilə toqquşmalardan keçir. Ağdamda 1992-ci ilin yay hərbi kampaniyasında peyda olmuş və ordumuz tərəfindən tamamilə məhv edilmiş erməni terrorçulardan ibarət “Arabo” (yəni Ərəb) batalyonunun tarixçəsi bu mənada ibarətamizdir. Orada vuruşan adamların 90 faizdən çoxu ərəb ölkələrində boya çatmış və məhz Fələstin Azadlıq Hərəkatı sıralarında döyüşçü kimi yetkinləşmiş terrorçular idi. Bu anlamda da İsraillə qarşı durduğumuz tərəf eynidir.

Eyni zamanda “erməni genosidi” məsələsində də İsrail dövlətinin münasibəti identikdir. İsrailin yaranma səbəbi məhz Holokost olduğu üçün (yəni yəhudi xalqının qırğınının tarixdə bir daha təkrar edilməməsi üçün), bu məsələyə onların münasibəti çox prinsipialdır. Nasizmin törətdiyi Holokost kimi çox dərin bəşəri faciənin müqayisəsiz olması əslində çoxuna şəksiz olaraq bəllidir. Bu anlamda tarixdə, cinayətkar dövlət tərəfindən soyqırıma məruz qalmış yeganə bir xalq – yəhudilərdir.

Bütün bu faktorlardan başqa ən ciddisi, Azərbaycanda xalqımızın bir hissəsi olan yəhudi mənşəli insanlar, bu dövlətə, ölkəyə daimi sadiqliyini qanı ilə sübut etmiş vətəndaşlar var ki, onlar heç zaman unudulmayacaq, milli qəhrəman Albert Aqarunov kimi.

Yuxarıda sadalanan faktorlar səbəbindən, Azərbaycanda istənilən hakimiyyət dəyişikliyi olsa da, İsrail bizim dövlətə münasibətini dəyişməyəcək. Bu mənada İsrail dövləti bizim Qərb dünyasında situativ deyil, daimi və etibarlı müttəfiqimizdir və ikitərəfli münasibətlərdən maksimum yararlanmaq gərəkdir.

Ana səhifəAnalitikaAzərbaycanın qeyri-situativ müttəfiqi – İsrail