Azərbaycanı Özbəkistan və Türkmənistanla eyniləşdirən nədir?

”Amnesty International”: ”Tutulanlarla sərt rəftar edilir, işgəncə verilir”

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə


”Amnesty International”: ”Tutulanlarla sərt rəfdar edilir, işgəncə verilir”

“Hüquq-mühafizə orqanlarında tutulanlarla sərt rəftar edilir. İnsanların işgəncələrə məruz qaldığı deyilir. Nardaran hadisələri zamanı tutulanlar, eləcə də “heykəl məhbusları”nın başına gələnlər bunlara misaldır”, – “Amnesty International” beynəlxalq insan haqları təşkilatının fevralın 22-də açıqladığı hesabatın Azərbaycanla bağlı hissəsində belə deyilir.

Əlavə olunur ki, siyasətçilərin zəhərli və insanı alçaldan tərzləri parçalanmış, təhlükəli dünyanın yaranmasıyla sonuclanır.


İttiham, nifrət və qorxu ən yüksək həddə

Hesabatda 159 ölkədə insan haqlarının durumu qiymətləndirilib. Bu il durumun özəlliklə ciddi olduğu, siyasətçilərin “biz və onlar” ritorikasının hər yerdə, Avropa və ABŞ-da xoşagəlməz nəticələr verdiyi, insan haqlarına qarşı qlobal gücün yarandığı, dünyanın qəddarlıq qarşısında zəiflədiyi vurğulanır.

“2016-cı ilin çıxışlarında… ittiham, nifrət və qorxu 1930-cu illərdən bəri ən yüksək həddə çatıb”, – “Amnesty International”-ın baş katibi Salil Şettinin sözləridir.

O, bugünkü siyasətçilərin çoxunun səs qazanmaq üçün manipulyasiyaya əl atdığını deyir:

“Qorxu yaratmaq bütün dünyada təhlükəli tendensiyaya çevrilib. İstər Trump, istər Orban, Erdoğan, istərsə də Duterte olsun. Hər gün bünövrələrə qarşı çıxan, zəhərli silahından məharətlə yararlanaraq bütöv qrupları təqib, ya da qapazaltı edən, insanların ləyaqətini alçaldan siyasətçilərin sayı artıb”.



“Amnesty International”-ın hesabatında dünya necə təsvir olunur?

 “2016-cı il dünyanın müharibə cinayətlərinə göz yummasıyla, qaçqınların sığınacaq əldə etmək haqqını əlindən alan razılaşmalarla yadda qaldı. İnsanları ifadə azadlığından məhrum edən qanunlar qəbul edildi. Bəziləri narkotikdən istifadəyə görə edam olundu, bəzi ölkələrdə işgəncə və kütləvi nəzarətlərə bəraət qazandırıldı, bəzi yerlərdə polisin səlahiyyətləri artırıldı…”, – “Amnesty International”-ın 2017-ci ildə açıqladığı hesabatda dünya belə təsvir olunur.

“Azərbaycan hökuməti siyasi fəalları müxtəlif bəhanələrlə həbsə atır”

Hesabatın Azərbaycanla bağlı hissəsində də xoş söz yoxdur. Tacikistan və Türkmənistan kimi, Azərbaycanda da konstitusiyaya dəyişiklik edildiyi, prezidentin səlahiyyətlərinin və fəaliyyət müddətinin artırıldığı bildirilir.

foto sosial şəbəkə
foto sosial şəbəkə

Azərbaycanda müxalifətçi fəalların, insan haqları təşkilatlarının və müstəqil mətbuatın repressiyaya məruz qaldığı, təşkilatların çoxunun fəaliyyətini dayandırmalı olduğu, beynəlxalq qurumların müşahidəçilərinin isə ölkəyə buraxılmadığı qeyd olunur:

“Azərbaycan hökuməti siyasi fəalları müxtəlif bəhanələrlə həbsə atır. 12 fəal azad edilsə də, çoxları, o cümlədən “ReAL” siyasi hərəkatının lideri İlqar Məmmədov bütün beynəlxalq çağırışlara baxmayaraq, azad edilməyib. Azad edilən fəallar – jurnalist Xədicə İsmayılova, hüquq müdafiəçisi İntiqam Əliyevin ölkədən çıxmasına icazə verilmir. Bəziləri fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Yerli hüquq müdafiəçilərinin hesablamalarına görə, 100-dən çox adamın – gənclərin, jurnalistlərin siyasi baxışları ucbatından barmaqlıqlar arxasına salınıb”.

“Mətbuat repressiyalardan əziyyət çəkir”

Hesabatda Azərbaycanda mətbuatın repressiyalardan əziyyət çəkdiyi vurğulanır. Hökumətə qarşı yazan jurnalistlərin təqiblərlə, hədə-qorxuyla, hətta fiziki zorakılıqla üzləşdiyi deyilir:

“Neftin dəyərdən düşüb. Bu, iqtisadiyyatı neftdən asılı olan ölkələr kimi, Azərbaycana da böyük zərər vurub. Ölkənin hər yerində siyasi fəalları dindirməyə çağırıb, ya da aksiyaları təşkil etməkdə günahlandıraraq tutublar”.



Azərbaycanın Özbəkistan və Türkmənistana oxşarlığı

““Amnesty International”ın ölkəyə buraxılmaması Azərbaycanı Özbəkistan və Türkmənistanla eyniləşdirib”, – hesabatın Azərbaycan haqda bölməsində deyilir.

Sənəddə aprel döyüşlərindən də söz açılır. Qarabağda münaqişənin qızışmasının təhlükəsizliklə bağlı əndişələri artırdığını bildirirlər.

Ötən il aprelin əvvəlində Dağlıq Qarabağda cəbhə xəttində 4-günlük toqquşmalar oldu. Hər iki tərəf xeyli itki verdi. Azərbaycan tərəfi həmin döyüşlər zamanı 2 min hektar ərazini işğaldan azad etdiyini bildirib:

“Bu hesabata Azərbaycan rəsmiləri, hələlik, reaksiya verməyib. Amma indiyədək beynəlxalq insan haqları qurumlarının tənqidlərini hakimiyyət təmsilçiləri rədd edib, ölkədə təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirib”.



İran Azərbaycanlılarının durumu

“Amnesty International”-ın builki hesabatında İran ərazisində yaşayan azərbaycanlıların da problemlərindən danışılır. İrandakı digər etnik qruplar kimi, azərbaycanlıların da ayrıseçkiliyə məruz qaldığı, mədəni, mülki və siyasi hüquqlardan məhrum edildiyi, öz dillərində təhsil ala bilmədikləri deyilir.

Ötən il İranda da təhlükəsizlik qüvvələrinin etirazçılara basqıları olub. Yayda İranın “Tarheh No” qəzetində dərc olunan məqalə azərbaycanlıların etirazına səbəb olub. Təhqir olunduğunu düşünənlər ölkənin bir neçə şəhərində dinc aksiyalar keçirib. Polis iştirakçıları döyüb, onlarla fəalı həbs edib.

Təşkilat dünyadan əndişəlidir. Böhranın 2017-ci ildə bütün dünyada davam edəcəyini, dünyanın insan haqlarıyla bağlı “lidersizlikdən” əziyyət çəkəcəyini proqnozlaşdırır. Sənədin müəllifləri hamını dirəniş göstərməyə, inkişaf və təhlükəsizlik vədləri verən liderlərin insan haqları məsələsini gözlərdən yayındırmasına imkan verməməyə çağırır.

“Hökumətlərin iqtisadi inkişafa, təhlükəsizliyə əngəl hesab etdiyi, əslində isə insan haqlarını müdafiə edərək hakimiyyətdəkilərə qarşı çıxanların qorunması üçün qlobal həmrəylik indi həmişəkindən daha vacibdir”, – hesabatda belə deyilir.



Tərcümə: Azadlıq Radiosu

Ana səhifəXəbərlərAzərbaycanı Özbəkistan və Türkmənistanla eyniləşdirən nədir?