“Azərbaycanda unun qiyməti yenə arta bilər”

Buğda, un, çörək, Shebeko/Shutterstock

Rusiya-Ukrayna müharibəsinin unun qiymətinə təsiri

Rusiyanın Ukraynaya hücumu nəticəsində dünya bazarında taxılın qiyməti son illərin ən yüksək həddinə çatıb.

Bu ayın əvvəlində Çikaqo əmtəə birjasında buğda 40 faiz bahalaşıb. Rusiyanın “SovEkon” analitik mərkəzi ötən ayın sonu buğdanın bir tonunun 400 dollaradək bahalaşa biləcəyini proqnozlaşdırıb. Ekspertlərin sözlərinə görə, qlobal buğda ticarətinin təxminən 35 faizi Rusiya və Ukraynanın payına düşür.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev də “Turan”a açıqlamasında bildirib ki, buğdanın qiymətinin qalxması Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlıdır.

Deputat deyib ki, problemə səbəb Qərbin Rusiyaya qoyduğu nəhəng sanksiyalardır.

“Rusiya banklarının bir hissəsi SWIFT-dən (Qlobal Banklararası Maliyyə Rabitəsi Assosiasiyası) ayrılıb, valyuta konvensiyası ilə problemlər yaranıb, Rusiyada dollar 80 faiz bahalaşıb”, – deputat deyib.

Müstəqil ekspertlərin fikrincə, taxılın bahalaşması buğda idxal edən ölkələrdə, o cümlədən Azərbaycanda unun, çörəyin yenidən bahalaşmasına səbəb ola bilər.

Rəsmi məlumata əsasən, Azərbaycanın buğda təlabatının təxminən 60 faizi yerli istehsal hesabına ödənilir. İdxal edilən 40 faiz buğdanın böyük həcmi ərzaqlıq buğdadır və əsasən Rusiyadan, cüzi hissəsi isə Qazaxıstan və Ukraynadan alınır.

Rüfət Quliyev deyib ki, mənfi təsir göstərən faktorlardan biri də logistik dəhlizlərin pozulmasıdır:

Rüfət Quliyev
Source: Report.az

“Onların çoxu Ukraynadan, bir hissəsi isə Rusiyadan keçirdi. İndi isə müharibə və sanksiyalara görə nəqliyyat şirkətlərinin ritmi pozulur, xidmətlərin dəyəri kəskin artır. Bunların hamısı nəticədə buğdanın, çörəyin, unun bahalaşmasına səbəb olub”.

Azərbaycana gəlincə, komitə üzvü bildirib ki, ölkənin strateji ehtiyatları minimum səkkiz ay üçün nəzərdə tutulub:

“Buna baxmayaraq, hökumət hətta müharibə başlamamış bu məsələnin həlli ilə məşğul idi və hazırda da məşğuldur. Biz buğda və digər məhsullarda tədarükçünü dəyişməli olacağıq”.

Builki mövsümdə işğaldan azad edilmiş torpaqlarda da taxıl əkilib, yerli mətbuat hökümətə yaxın iqtisadçılara istinadən bunun hesabına ölkədə ciddi çətinliklərin yaranmayacağını yazır.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli isə Meydan TV-yə bildirib ki, Azərbaycanda növbəti dəfə qiymətlərin artırılacağı gözləniləndir:

“Azərbaycana buğda əsasən Rusiyadan idxal olunur. Bu, o deməkdir ki, Rusiyada vəziyyət bir az da gərginləşsə, yaxud Rusiyadan buğda idxalı mümkün olmasa, ölkədə ciddi problem yaşanar. Həmçinin Rusiya yaranmış vəziyyətdən istifadə edib buğdanın qiymətini artırarsa, Azərbaycanda buğdanın, unun, çörəyin, un məmulatının qiyməti bahalaşar. Çünki Azərbaycan idxaldan asılıdır”.

Məhərrəmlinin sözlərinə görə, Qarabağda əkilən taxılın hesabına idxaldan asılılığın azalacağı ilə bağlı deyilənlər doğru deyil. Azərbaycanda 2019-cu ildə 2 milyon 150 min ton buğda istehsal olunub, ötən il isə buğda istehsalı 1 milyon 880 min tona qədər azalıb:

Vahid Məhərrəmli
Foto: Meydan TV

“Kənd Təsərrüfatı Nazirliyi işinin öhdəsindən gələ bilmir, aqrotexniki qaydalara əməl edilmir, keyfiyyətli toxumdan istifadə olunmur. Bölgələrdə suvarma ilə bağlı ciddi problemlər var. Buna görə də buğda istehsalı ölkənin təlabatını ödəyəcək səviyyədə deyil”.

Kənd Təsərrüfatı Nazirliyi isə yaranmış vəziyyətlə bağlı sualları cavablandırmayıb.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Rusiya və Ukrayna arasında davam edən müharibənin kənd təsərrüfatı məhsulları bazarına təsiri ilə bağlı xəbərdarlıq edib. Təşkilatın hesabatında qeyd edilib ki, ilkin qiymətləndirməyə görə 2022-2023 mövsümündə Ukraynada taxıl, qarğıdalı və günəbaxan becərilməsi üçün istifadə edilən sahələrin 20-30 faizi əkilib-biçilməyəcək. Hesabatda göstərilib ki, Rusiya və Ukrayna dünya arpa tədarükünün 19 faizini, buğdanın 14 faizini, qarğıdalının 4 faizini təmin edir.
Ukraynadakı müharibə ilə əlaqədar olaraq yaranacaq tədarük kəsiri səbəbilə beynəlxalq qida və yem qiymətlərinin 8-20 faiz arasında arta biləcəyini vurğulayan təşkilat, bunun dünyada qidalanmayan insanların sayını artıracağına diqqət çəkib.

Ana səhifəİqtisadiyyat“Azərbaycanda unun qiyməti yenə arta bilər”