“Hökumətin biznesə, özəl sektora münasibəti kökündən dəyişməlidir”
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana 62 391,26 ABŞ dolları dəyərində 182 864,17 ton buğda idxal edilib.
Dövlət Gömrük Komitəsinin hesabatında belə deyilir.
Ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 30,6 faiz artıb. Həcmi isə 2,7 faiz azalıb.
İqtisadçı Natiq Cəfərli deyir ki, ölkəyə idxal edilən taxılın həcmi azalıb, dəyəri isə artıb.
Hər il məmləkətə un və çörək istehsalı üçün xaricdən 1 mln. 150 min ton taxıl alınmasına ehtiyac var.
İqtisadçı bildirib ki, dünyada taxılın qiyməti son aylarda 30 faiz artıb.
Bundan əlavə, Rusiya öz taxılını ixrac etməyə məhdudiyyətlər qoyub:
“Azərbaycan isə buğda tələbatının 80 faizinə yaxınını Rusiyadan tədarük edirdi. İndi Qazaxıstan və Hindistanla danışıqlar gedir, çox güman, razılaşmalar olacaq, ölkədə taxıl qıtlığı gözlənilmir, amma qiymət kəskin artacaq – yaxın həftələrdə un, un məmulatları və çörəyin qiyməti 30-35 faiz civarında arta bilər”.
Natiq Cəfərliyə görə, indiki durumda 3 çıxış yolu var: biri orta-uzun vədəli, digər ikisi isə qısa, qısa-orta zamanda həll olunmalı məsələlərdir:
“Orta-uzun zamanda, təbii ki, özümüz keyfiyyətli buğda istehsalını artırmalıyıq. Bu gün ölkədə istehsal olunan buğdanın cəmi 25 faizi keyfiyyətli un istehsalına və çörək bişirməyə yararlıdır, yerdə qalan tələbatın 75 faizi xaricdən alınan buğda ilə ödənilir. İnsan övladı 11 min ildir ki, qədim Mezopatamiyadan başlayaraq buğda əkib-becərməyə başladı, primitiv olsa da, seleksiya işləri apardı, suvarmanı təkmilləşdirdi. Amma Azərbaycan hələ də özünü keyfiyyətli buğda ilə təmin edə bilmir, çünki işə elmi yanaşma yoxdur, toxumçuluq zəifdir, suvarma və gübrə problemi var”.
İqtisadçı bildirib ki, qısamüddətli çıxış yolu un və çörək istehsalçılarına ciddi dövlət dəstəyinin, düşünülmüş dotasiya siyasətinin aparılmasıdır. Bu sahə vergilərdən azad edilib, bu yaxşıdır, amma un-çörək istehsalçılarına dotasiyalar ayrılmalıdır:
“Qısa-orta zamanlı həll yolu daha fəlsəfi və qəlizdir, amma çox vacibdir. Qiymət artımının öz problem deyil, problem ölkə vətəndaşlarının gəlirlərinin az olmasıdır. Gəlirlər qiymətlərdən daha sürətlə artmalıdır ki, inflyasiya sosial problemə, kasıblığa səbəb olmasın. Bunun üçün isə hökumətin biznesə, özəl təşəbbüslərə münasibəti kökündən dəyişməlidir. Prezidentin özü çıxışlarında tez-tez “natəmiz iş adamları, işbazlar, möhtəkirlər”, kimi sözlər işlədirsə, deməli, ölkədə iş adamlarına, özəl təşəbbüslərə şübhəli və ögey münasibət var”.
Natiq Cəfərlinin sözlərinə görə, nə qədər ki, ölkədə özəl sektorda çalışanlara, kiçik-orta sahibkarlara hörmət məmurlardan daha yüksək olmasa, gəlirlərdə artım olmayacaq. Gəlirlər artmasa, qiymət artımına reaksiya daha kəskin olacaq, sosial gərginlik üçün zəmin artacaq.
“Resurs” İqtisadçılar Klubunun son illər buğda bazarındakı proseslərlə bağlı araşdırmasında deyilir ki, pandemiya ilə bağlı yaranan çağırışlar, təchizat zəncirindəki problemlər, iqlim dəyişiklikləri kimi amillər qlobal ərzaq qiymətlərində rekord bahalaşmaya səbəb olub.
Bundan əlavə, Rusiyanın Ukraynaya hücumu nəticəsində müharibənin başlaması da, ərzaq qiymətləri və təminatı ilə bağlı yeni çətinliklərə gətirib çıxarıb. Səbəbi odur ki, hər iki ölkə dünyada kənd təsərrüfatı bazarında önəmli yer tutur. Çünki dünyadakı taxıl ixracının təxminən dörddə biri, sadəcə, Rusiya və Ukraynanın payına düşür:
“2022-ci ilin əvvəllərində Azərbaycanda unun və çörəyin qiymətinin qalxması ölkədə taxılçılıqla bağlı vəziyyətin ictimai müzakirələrə çıxmasına səbəb oldu. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərdən aydın olur ki, ölkədə il ərzində istehsal edilən və idxal olunan buğdanın həcmi illik ortalama 3 milyon tonu ötür. Ötən il ərzində Azərbaycanda ümumilikdə 1 milyon 885 min ton buğda istehsal olunub”.
Araşdırmada bildirilir ki, il ərzində idxal edilən buğdanın həcmi 1 milyon 148 min tona bərabər olub. Yəni il ərzində Azərbaycanın özünü buğda ilə təminat səviyyəsi 63 faizə yaxın olub:
“Ötən il ölkənin buğda ehtiyacının 40 faizə yaxını idxal hesabına ödənilib. Bu isə ölkənin ərzaq təhlükəsizliyi baxımından vacib hesab edilən daxili istehsal hesabına minimum 70 faizlik təminat göstəricisindən aşağıdır. Ötən il buğda idxalına sərf edilən vəsait 332 milyon dollara bərabər olub. Bu, ölkənin ümumi idxalının təxminən 3 faizə yaxının təşkil edir. Bu baxımdan, qeyd etmək lazımdır ki, buğda tələbinin ciddi bir hissəsinin idxal hesabına təmin edilməsi həm də ölkədən ciddi valyuta çıxarılmasına səbəb olur”.
Problemin yaratdığı itkilərə gəlincə, araşdırmada bildirilir ki, təkcə iqtisadi itkilər yox, siyasi risklər də yaradıb.
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, Azərbaycana idxal edilən buğdanın mütləq əksəriyyəti Rusiyadan gətirilir.
Azərbaycan ötən il Rusiyadan 1 milyon tona yaxın buğda idxal edib. Bu idxalın dəyəri 315 dollara bərabər olub.
Rusiyanın 2021-ci ildə ən çox buğda satdığı ölkələr arasında Azərbaycan üçüncü yerdədir. Bütün satışın 4 faizi Azərbaycanın payına düşür. İlk iki yerdə isə Türkiyə (24.81%) və Misir (21.30%) dayanır.
Araşdırmada qeyd olunur ki, Rusiya iqtisadiyyatına tətbiq edilən sanksiyalarla bağlı ölkə içərisində taxıl məhsulları da daxil olmaqla, bəzi məhsulların ixracına məhdudiyyətlər tətbiq edilib.
Bu baxımdan, Rusiyanın bu tip məhdudiyyətləri Azərbaycanın taxıl təminatında yerli istehsalın payının artırılması və idxalın coğrafi diversifikasiya edilməsi kimi məsələləri aktuallaşdırır:
“Onu da nəzərə almaq lazımdır ki, ölkədə buğda istifadəsi sadəcə un istehsalı üçün deyil, digər sahələri də əhatə edir. İllik buğda tələbinin təxminən dörddə üçü qida məhsulları istehsalı ilə bağlı olsa da, mal-qara və quş yemi üçün də hər il ölkədə yarım milyon tondan çox buğda istifadə edilir”.
Resurs İqtisadçılar Klubu bildirib ki, Azərbaycanda son illərdə buğda istehsalı ilə bağlı geniş müzakirələr getməsinə və bunula bağlı tədbirlər həyata keçirildiyinin qeyd edilməsinə baxmayaraq, buğda istehsalının həcmində ciddi artım qeydə alınmayıb və hətta buğda əkilən sahələrin ərazisi azalıb.
2021-ci ildə ölkədə buğda istehsalının həcmi 1 milyon 885 min tona bərabər olub ki, bu da öncəki ilə nəzərən cəmi 70 tona yaxın və ya 1 faizdən də az artım deməkdir:
“Son illərdə buğda əkilən sahələrin kiçilməsi müşahidə edilir. Əgər 2009-cu ildə 808 min, 2013-cü ildə 689 min, 2019-cu ildə isə 670 min hektar sahədə buğda əkini həyata keçirilmişdisə, ötən il cəmi 572 min hektar sahədə buğda əkilib. Bu o deməkdir ki, 2009-cu ildən bəri ölkədə buğda əkilən sahələr 30 faizə yaxın azalıb”.
Araşdırmada qeyd edilir ki, əkin sahələrinin azalmasına baxmayaraq, məhsuldarlıqda nisbi artım gözə çarpır.
2009-cu ildən hər hektarda 26,5 sentnerə bərabər olan məhsuldarlıq, 2019-cu ildə 32,5 sentnerə, 2021-ci ildə isə 32.9 sentnerə yüksəlib.
“Son illərdəki nisbi artıma baxmayaraq, Azərbaycanda buğda əkinlərində məhsuldarlığı bir o qədər də yüksək qiymətləndirmək olmaz”, – araşdırmada bildirilir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2020-ci ilə aid olan məlumatlarından aydın olur ki, buğda əkinlərinin məhsuldarlığı baxımından Azərbaycandan hətta iki dəfədən də yüksək nəticələrə sahib ölkələr var. Məsələn, əhalisi təqribən Azərbaycanla eyni olan İsveçdə adambaşına düşən əkinə yararlı torpaq sahələrinin həcmi də, Azərbaycanla oxşardır.
Azərbaycanda adambaşına düşən əkinəyararlı torpaq sahəsinin həcmi 0.21 hektara, İsveçdə isə 0.25 hektara bərabərdir. Ancaq yüksək məhsuldarlıq hesabına (hər hektarda 71.6 sentner) İsveç nəinki öz tələbatını 100 faiz qarşılayıb, hətta 1 milyon tona yaxın buğda ixrac edib.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, ötən il Azərbaycanda toplamda 1 milyon 885 min ton buğda yetişdirilib.
Ölkəyə gətirilən buğdanın həcmi isə 1 milyon 148 min ton olub.