Onun özünü sosial şəbəkədə zabit kimi təqdim etdiyi bildirilir
Sosial şəbəkədə özünü zabit kimi təqdim edən əsgər ordu sıralarından çıxarılıb.
Müdafiə Nazirliyindən APA-ya daxil olan açıqlamada deyilir ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Urfan İsə oğlu Mədədovun xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi sosial şəbəkə hesablarında xidmətə aid foto-video görüntüləri paylaşması aşkarlanıb.
O, özünü sosial şəbəkələrdə zabit kimi təqdim edib.
“Əsgər Urfan Mədədov Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından çıxarılıb. Ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcək”, – məlumatda qeyd edilib.
Müdafiə Nazirliyinin avqustun 2-də yaydığı məlumatda isə bildirilirdi ki, sosial şəbəkələrdə canlı yayım açan Azərbaycan Ordusunun daha iki hərbi qulluçusu – kiçik çavuş Sənan Məhəmməd oğlu Fərəcov və əsgər Yusif Eldar oğlu Bayramlı xidmətə aid foto-video görüntüləri şəxsi sosial şəbəkə hesablarında paylaşmaları aşkar edildiyi üçün ordudan qovulublar.