Azərbaycanda sosial mediada şərh yazan istifadəçi 30 sutka həbs edilib

Həbs. Mənbə: Maxx-Studio/shutterstock

Bir neçə sosial şəbəkə istifadəçisinə isə xəbərdarlıq olunub

Bir sıra sosial media istifadəçisi Baş Prokurorluğa çağırılıb, onlara xəbərdarlıq edilib.

Məlumatı Baş Prokurorluq yayıb.

Bildirilir ki, həmin şəxslər neqativ hallara yol verib. Buna görə “Prokurorluq haqqında” Qanunun 21-ci (Prokuror aktlarının növləri – xəbərdarlıq, təqdimat, qərar) maddəsində nəzərdə tutulan qaydada xəbərdarlıq alıblar.

Xəbərdarlıq alan sosial media istifadəçiləri Yalçın Yaşar oğlu Mirzəli, İlham Telman oğlu Hüseynov, Nizami Əsədulla oğlu Abbaslı, Əfqan Ənvər oğlu İsayev və Rasim Əlif oğlu Azadovdur.

Baş Prokurorluq bunun internet informasiya ehtiyatlarına qanunvericiliklə qadağan edilmiş məlumatların yerləşdirilməsinin qarşısının alınması və infromasiya təhükəsizliyinin təmin edilməsi məqsədilə edildiyini bildirib.

“Aparılmış yoxlamalar ilə ictimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması, həmçinin dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salmaq məqsədi güdən paylaşımların qarşısının alınması üçün bu cür hərəkətlərə yol verən şəxslər Baş prokurorluğa dəvət olunub. Barələrində qanunla nəzərdə tutulmuş tədbirlər görülüb”, – deyə rəsmi açıqlamada qeyd olunur.

Qurum bildirir ki, dəvət olunanlar içində Namiq Əliyev “Facebook”da “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13-2.3.9-cu bəndi ilə yayılması qadağan edilən informasiya paylaşıb.

Respublika Prokurorluğu
Foto: Azertac

Odur ki, barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə ilə icraat başlanıb.

İş Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə Namiq Əliyev barəsində 1 ay müddətinə inzibati həbs tənbehi seçilib.

Prokurorluq bildirir ki, Namiq Əliyev “Facebook”da ona məxsus olan “Yeniavaz.az” səhifəsində qadağan olunan informasiyanı götürməməsinə görə də hüquqi şəxs “Azərmedia” MMC barəsində İXM-nin 388-1.1.2-ci (internet informasiya ehtiyatında yerləşdirilmiş yayılması qadağan edilən informasiyanın götürülməsi ilə bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunla müəyyən edilmiş tədbirlərin görülməməsinə görə) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

“Yeniavaz.com” saytı isə açıqlama yayaraq bildirib ki, onların Namiq Əliyev adında əməkdaşları yoxdur.

Sözügedən şəxs barəsində və ya onun yaydığı hər hansı bir məlumat “Yeniavaz.com” saytında və sayta aid sosial şəbəkə vasitələrində yerləşdirilməyib: “Eyni zamanda, hər hansı informasiyanın saytdan və ya sosial şəbəkədən götürülməsi ilə bağlı “Yeniavaz.com” xəbər saytına Baş Prokurorluq tərəfindən heç bir məlumat daxil olmayıb”.

Baş Prokurorluq ötən il dekabrın 21-də məlumat yayaraq bildirib ki, sosial mediada faktlara əsaslanmayan müxtəlif məlumatlar yayan şəxslərə xəbərdarlıq edib.

Onların içində jurnalist Səxavət Məmmədov da olub.

Prokurorluğun dediyinə görə, jurnalist şəxsi sosial media hesabından ölkənin hərbi strukturlarının fəaliyyətinə dair məlumatlar paylaşıb. Buna görə o, əvvəlcə Baş Prokurorluğa dəvət olunub, sonra isə məhkəməyə aparılaraq 500 manat cərimələnib.

Prokurorluq həmçinin 2 saytın da cərimələndiyini bildirib.

Bildirilib ki, “olke.az” və “manevr.az” saytları intiharı problemlərin həlli üsulu qismində təbliğ edib.

Saytlardan açıqlama almaq mümkün olmasa da, jurnalist Səxavət Məmmədov iddiaları qəbul etmir, paylaşdığı materialın aylar sürən araşdırmanın nəticəsi olduğunu söyləyir.

Bir neçə gün öncə isə “Jamaz.info” saytının redaktoru Fikrət Fərəməzoğlu Baş Prokurorluğa çağırılıb və Sabunçu Rayon Məhkəməsi qərarı ilə 500 manat cərimələnib.

Media ekspertləri dəfələrlə açıqlamalarında Prokurorluq orqanlarının yazısına görə jurnalisti dəvət edib, xəbərdarlıq etməsini, cərimələnməsini söz azadlığına basqı kimi qiymətləndirib.

Ana səhifəSiyasətAzərbaycanda sosial mediada şərh yazan istifadəçi 30 sutka həbs edilib