Azərbaycanda pul kütləsi azalır

Samir Əliyev: ”Pul kütləsi artdıqca, banklar və vətəndaşlar avtomatik olaraq həmin pulu dollar alışına yönəldəcək”

Source:


Samir Əliyev: ”Pul kütləsi artdıqca, banklar və vətəndaşlar avtomatik olaraq həmin pulu dollar alışına yönəldəcək”


Azərbaycanda geniş mənada pul kütləsinin həcmi 2016-cı il mart ayının 1-nə 19 598,8 mln. manat təşkil edib. “Report”un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, geniş mənada pul kütləsinin həcmi fevralın 1-nə nisbətən 331,4 mln. manat və ya 1,66 faiz, ötən ilin analoji dövrü ilə müqayisədə isə 516,4 mln. manat və ya 2,57 faiz azalıb.

Manatla geniş mənada pul kütləsinin həcmi martın 1-nə 8 686,4 mln. manat təşkil edib. Bu, fevralın 1-nə olan analoji göstəricidən 684,7 mln. manat və ya 8,56 faiz çoxdur, keçən ilin analoji dövrü ilə müqayisədə isə 4 920,6 mln. manat və ya 36,1 faiz azdır. Qeyd edək ki, manatla geniş pul kütləsinin həcmi ən maksimal səviyyəsinə 2014-cü ilin noyabrında çatıb və 17, 525,2 mln. manat təşkil edib. Hazırda isə bu göstərici tarixi maksimal səviyyəsindən 8 838,8 mln. manat və ya 50,4 faiz aşağıdır.

“Report”un analitik qrupu qeyd edir ki, manatla geniş mənada pul kütləsinin fevral ayı ərzində artmasına səbəb kimi dolların məzənnəsinin kəskin yüksəlməsi zamanı xarici valyutada olan vəsaitlərin manata çevrilməsi amilidir: “Bu göstərici son dəfə 2015-ci ilin mayında artım göstərib və 11 051,4 mln. manata yüksəlib. Manatla pul kütləsində azalma 2015-ci il may ayı istisna olmaqla 14 ay davam edir”.

“Ümumiyyətlə, geniş mənada pul kütləsinin azalması xarici valyutada olan depozit və əmanətlərin azalması kimi xarakterizə oluna bilər”, – deyə analitiklər bildiriblər.

Yazılanları Meydan TV-yə şərh edən iqtisadçı Samir Əliyev hesab edir ki, pul kütləsinin azalmasının əsas səbəbi əmanətlərin azalmasıyla bağlıdır: “Son 2 ayda əmanət qoyuluşunda əhəmiyyətli dərəcədə azalma var. Dövlət daxili borclanmaya getdikcə istiqrazlar buraxıldı, hətta bu addım da pul kütləsini artıra bilmədi. Düzdür, Mərkəzi Bankın açıqlanmasına görə, son 2 ayda manat bazasında artım müşahidə edilib, bu, çox cüzi azalmadır”.

Samir Əliyev

Samir Əliyev bildirdi ki, hazırda ölkə iqtisadiyyatında pulla təminat səviyyəsi xeyli dərəcədə azalıb: “Bu da iqtisadi fəallığın məhdudlaşmasına və kreditə əlçatanlığın azalmasıyla nəticələnir. Mərkəzi Bank bir tərəfdən inflyasiyanı cilovlamaq, digər tərəfdən dollara təlabatı süni surətdə azaltmaq üçün bu addımı atır. Çünki pul kütləsi artdıqca, banklar və vətəndaşlar avtomatik olaraq həmin pulu dollar alışına yönəldəcək. Bu gedişat da dolları bahalaşdıran bir səbəbdir”.

Ana səhifəXəbərlərAzərbaycanda pul kütləsi azalır