Azərbaycanda nikahdankənar uşaqlar necə doğulur?

Tək ananın hekayəti.

Source:


Tək ananın hekayəti.

Gülnarə (təhlükəsizlik səbəblərindən ad şərtiləşdirilib) aktivistdir, 36 yaşı var. O, valideynləri ilə əyalətdə yaşayır, beş yaşlı oğul övladını tək böyüdür. Yaşadığı bölgədə hamı bir-birini tanıyır, ciddi əxlaq qaydaları hökm sürür və o, öz həyatını qohumlar və qonşulara uydurduğu sadəlöhv yalanla qoruyur – uşağın atası onu qaçırıb, daha sonra isə onları ataraq çıxıb gedib.

Əslində isə Gülnarə uşağı rəsmi nikahı olmadan sevdiyi insandan doğub.


“25 yaşımda mən şəhərə qohumlarımgilə köçmüşdüm. Axı əyalətdə iş tapmaq və gələcək üçün hansısa perspektiv qurmaq mümkün deyil. Şəhərdə musiqi diskləri satılan dükanların birində işə düzəldim, yeni dostlarım oldu, gənclər hərəkatına qoşuldum. 30 yaşım olanda bir oğlanla tanış oldum. Görüşməyə başladıq. Yaşadığımız ölkədə nikaha qədər intim münasibətlər qadağan olsa da, biz özümüzü müasir hesab edib, bu ənənəni rədd etdik. O, mənim işdən çıxmağımı tələb elədi. Bu tələb bizim ölkənin kişiləri üçün sıradan bir tələbdir və mən buna heç də təəccüblənmədim. Sevdiyim insanı itiriməmək üçün işdən çıxmalı oldum. Amma buna baxmayaraq, bir müddət sonra biz ayrıldıq…”

Hamiləliyin ilk əlamətlərini Gülnarə xəstəlik kimi qəbul edib. Qarnında ağrılar, ürək bulanma başlayıb və Gülnarə düşünüb ki, bu xərcəng əlamətləridir. Hamilə olduğu ağlına da gəlməyib. Rəfiqəsi hər ehtimala qarşı hamiləlik testi eləməyi məsləhət görüb və testin nəticəsi müsbət olub.


“Mən çox qorxurdum. Axı biz ayrılmışdıq. Amma içimdə sevincli bir həyəcan var idi. Bu qarışıq hisslər içində artıq keçmiş sayılan sevgilimə zəng vurdum. Hamilə olduğumu söylədim. Görüşməyi təklif elədi. Görüşdük və məni yanında hamiləlik testi eləməyi məcbur etdi. O, elə düşünürdü ki, mən onu geriyə qaytarmaq üçün bəhanə fikirləşmişəm. Lakin testin müsbən nəticəsini gördükdən sonra uşaq istəmədiyini dedi və abort elətdirməyimi istədi. Hansısa bir məqamda mən onunla hətta razılaşdım. Axı biz evlənməsək, bu uşağa görə qohum-qonşular arasında lağ hədəfinə çevriləcəm, qardaşım isə məni sadəcə öldürə bilər. Həm də mənim nə işim, nə də evim var idi, bu uşağı təkbaşına necə böyüdə bilərdim? Həkimin otağında ağlamağa başladım. Abortdan imtina elədim. Keçmiş sevgilim aradan itdi, bir dəfə zəng edib dedi ki, uşağı dünyaya gətirmək qərarı mənimdi, ona görə bütün məsuliyyət mənim boynumadır. Beləcə ürəyimin altındakı uşaqla ortalıqda tək qaldım”.

Evlərində qaldığı qohumları Gülnarədən şübhələnməyə başlayıblar. Urəkbulanmalar, halsızlıq, başgicəllənmələri – gizlin olanı aşkara çıxardıb. Xalası ondan hamilə olduğun soruşanda Gülnarə inkar edib. Qarnının böyüməsi səbəbindən Gülnarə qohumlarıgildən köçməli olub. Getməyə isə yeri yox idi.


“Bir necə gün yarıtikili binada gecələməli oldum. Sonra qoşulduğum gənclər hərəkatından bir nəfərə başıma gələnləri danışdım. Demək olar ki, hərəkatda hamı yaşadıqlarımı bildi. Onlar kifayət qədər müasir insanlar idi və heç kim məni qınamadı. Yaşamağım üçün ev tapdılar, aktivistlərdən biri öz qohumundan məni işə götürməyi xahiş etmişdi. O, yalandan demişdi ki, ərim məni döydüyü üçün boşanmışam. Beləcə qalmağa yerim və aylıq maaş problemim həll olundu. Uşaqlar hər çür dəstək olurdular, deyirdilər ki, mənim dünyaya gətirdiyim uşaq “hərəkatın övladı” olacaq”.

Gülnarə hamiləliyi haqqında ailəsinə heç nə deməmişdi. Axı dünyaya nikahsız uşaq gətirmək patriarxal ailə üçün yaşana biləcək ən ayıb və biabırçı hadisə sayılırdı. Lakin bir gün gözlənilmədən Gülnarənin anası şəhərə gəlir və hər şeyin üstü açılır. O zaman Gülnarə hamiləliyinin yeddinci ayını yaşayırdı.


“O, elə ağlayırdı ki, sankı mən ölümcül xəstəliyə tutulmuşdum. Soruşdu ki, niyə ona əvvəlcədən deməmişdim, o, məni aborta aparardı və heç kimin bu biabirçılıqdan xəbəri olmazdı. Cavab olaraq dedim ki, elə məhz bu səbəbdən ona deməmişdim. O, məndən ayrılanda ağladı və yalvardı ki, çalışım hamiləliyim haqda heç kimin xəbəri olmasın. Sonra eşitdim ki, o, dözməyərək atama və qardaşıma hər şeyi nağıl edib. Mənim həyatım üçün qorxduğundan onlara yaşadığım ünvanı deməmişdi. Doğrusu, qardaşım məni öldürmək üçün şəhərə gəlmiş, amma xöşbəxtlikdən tapmamışdı”.

Uşaq doğulan günü doğum evinin qarşısında gənclər təşkilatının üzvləri toplandılar. Həkimlər və tibb bacıları uşağı olanın anasını və qaynanasını soruşurdular. Gülnarə uşaq evindən çıxdığını, yoldaşının vəfat etdiyini, yığışan bu uşaqların isə mərhum yoldaşının dostları olduğunu söyləmişdi. Gülnarənin oğlu oldu. Uşağı saxlamaq üçün ilkin vəsaitləri təşkilatdakı gənclər toplamışdı.

Uşaq üç aylıq olanda Gülnarənin anasının ürəyi dözməyib və o, rayondan onun yanına gəlib:


“Anam uşağı birinci dəfə görəndə dedi ki, buna bax, nə balacadır, elə bil siçandır. Uşağa qulluq eləməyə başladı. O, tibb bacısıdır, uşağa qulluq haqqında hər şeyi bilirdi. Məni də öyrədirdi. O, mənə söz verdi ki, atamın və qardaşımın məni qəbul etmələri üçün əlindən gələni eləyəcək. Uşağın bir yaşı olanda, o, bərk xəstələndi. Mən anama zəng elədim. Rayondan gəldi, uşağı xəstəxanaya apardıq. Yüksək temperatur on gün davam edirdi. Uşaq halsız idi. Anam “fürsətdən istifadə edərək” atama və qardaşıma zəng elədi, onlara uşağın heç bir günahı olmamasını söylədi və bizi qəbul etmələrini xahiş etdi. Atam könülsüz olaraq bizi qəbul etdi. Amma onun bir şərti vardı: biz hamıya mənim qoşulub qaçdığımı, daha sonra qaçdığım adamın məni atıb getməsini deməli idik…”.

Anası Gülnarəni və uşağı özü ilə kəndə aparıb. Qardaşı onu ilk görəndə üstünə gedib döymək istəyib, lakin valideynlər buna qarışaraq imkan verməyiblər.

Bir müddət sonra hər şey qaydasına düşür. Baxmayaraq ki, Gülnarə valideynlərinin sərt nəzarəti altında yaşayırdı. Qonşular və qohumlar hələ də həqiqəti bilmir və hamılıqla uşağı qəbul eləyirdilər. Hə, bir də, Gülnarəyə ailənin münasibəti dəyişməz- sərt olaraq qalmışdı.


“Əsas odur ki, kənddə ailəm biabir olmadı. Biz axı mənim dünyaya uşaq gətirməyimin necə olmasını hamıdan gizlədə bildik. Düşünürəm ki, əgər biz həqiqəti danışsaydıq, mənim vəziyyətim indikindən daha betər olardı. Yəqin ki, mənimlə bərabər uşağında günü qara olardı…”

– Gülnarə gülümsəyərək söyləyir.

İndi uşağın 5 yaşı var. Açıqdərili, yaraşıqlı oğlandır. Gülnarə oğluna yaşamaq şansını verdiyi üçün çox xöşbəxtdir. Dostlarının, gənclər təşkilatında tanış olduğu gənclərin dəstəyi olmadan onun dünyaya gəlməsi mümkünsüz olardı.


“Mənim 31 yaşım var idi. Kifayət qədər yetkin idim, həyatda nə istədiyimi bilirdim. Yaxşı dostlarım var idi. Əgər onlar mənə maddi və mənəvi dəstək olmasaydılar, bütün bunlardan təkbaşına keçə bilməzdim. Onlar mənə yaşamaq üçün ev, işləməyə yer tapdılar, qardaşım məni öldürmək üçün axtaranda məni gizlətdilər. Əgər mənim yerimə bir az gənc və ya ətrafında dəstək verən dostları olmayan bir başqa qadın olsaydı, yəqin abort eləyərdi. Və yaxud o, daim nifrət, qınaqdolu baxışlar altında ömrünü davam etməli olacaqdı…”

Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən, 2012-ci ildən Azərbaycanda hər il 15 faiz uşaq nikahsız doğulur. Hər il onların sayı 20.000 və 27.000 arasında dəyişir. 2015-ci ildə bu rəqəm 24.038 olub.

Yuxarıdakı göstəricilər əhalisinin 73%-nin müsəlman olduğu konservativ ölkə üçün bir qədər qəribə gələ bilər. İş orasındadır ki, Azərbaycan cəmiyyətində bir necə ailə növləri və rəsmi münasibətlər var. Bunlardan birincisi – kişi və qadın öz ailə münasibətlərini rəsmən qeydiyyatdan keçirirlər, ikinci növ- kişi və qadın toy eləyir, lakin rəsmi nikaha girmirlər. Üçüncü – bəy gəlini qaçırır və onlar bir yerdə yaşayırlar: nə toy olur, nə də rəsmi nikah.

Hər bir halda münasibətlərin rəsimləşdirilməsi qaydaları və “qanuni doğulan” uşaqlar haqqında cəmiyyətimiz kifayət qədər məlumatlıdır. Qanuni halda uşaq dünyaya gətirən analara cəmiyyət tərəfindən heç bir iddia olmur. İkinci və üçüncü halda doğulan uşaqlar qanunla “qanundan kənar doğulan uşaq” kimi tanıyır. Lakin cəmiyyət bu uşaqları qanuni qəbul edir. Onları ailə içində doğulduqlarından hamı üçün adi qəbul olunur.

Tək alanar hesab olunan qadınlar “bir sıra adətlərdən” – ZAQS, toy, qaçırma və s. birindən keçməyən analar hesab olunur. Yəni bu adətlərdən keçməyən və sevdiyi (ya da sevmədiyi) insandan uşaq doğan analardır tək analar. Ölkədəki çox az sayda ana bu addımı atmağa cəsarət edir. Çünki onları “biabır etdiyi” qohumların qınağı, ailənin onları daim izləməsi, küçədə sataşmalar, işdən qovulma, dostların üz döndərməsi kimi hallar gözləyir. Tək ana olmaq “biabırçı”, “ayıb” iş sayılır və bu addımı atan qadın öz ailəsini və bütün nəslini pərt etmiş hesab olunur.

Əgər tək ananı atası və ya qardaşı öldürməyibsə, hansısa bir səbəbdən abort etməyibsə, onun dünyaya gətirdiyi uşağı çox çətin həyat yolu gözləyir. Elə hal qeydə alınıb ki, uşağın ölməsi üçün anasını on yemək verməməyə məcbur edirdiblər. Əgər bu halda belə uşaq sağ qalarsa, o zaman uşağı məktəbdə və məhlədə təhqir edirlər, qohumları isə belə uşaqları qəbul eləmirlər. Baxmayaraq ki, bu uşaqlar da qanuni ailələrdə doğulan uşaqlar kimi qanun qarşısında bərabərdilər. Tək anaların uşaqları nadir halda aliment və ya vərəsəlik ala bilirlər. Bütün ömürboyu bu uşaqlar oz atalarını gizlətməyə məcbur qalırlar.

Ana səhifəXəbərlərAzərbaycanda nikahdankənar uşaqlar necə doğulur?