18 gün fasiləsiz mitinqlərdə Azərbaycanın SSRİ-dən ayrılmaq məsələsi gündəmə gətirilib
Noyabrın 17-də Azərbaycanda Milli Dirçəliş Günü
qeyd edilir
.
1988-ci il noyabrın 17-də Bakıda 18 gün fasiləsiz davam edən etiraz mitinqləri olub.
Mixail Qorbaçovun başçılıq etdiyi Sovet imperiyasının Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda antisovet xalq hərəkatı təşəkkül tapıb.
1988-ci ildə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlı öz ata-baba yurdlarından kütləvi surətdə qovulub. Fevralın əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ixtişaşlar törədilib. O zamandan başlanan Dağlıq Qarabağ münaqişəsi hələ də davam edir.
Mitinqlər Azadlıq meydanında (o vaxt Lenin meydanı adlanırdı) keçirilib. Dekabrın 4-dən 5-nə keçən gecə Sovet Ordusunun qüvvələri və ağır texnikası meydana yeridilib. Mitinq dağıdılıb və fövqəladə vəziyyət elan edilib.
Bu, Azərbaycan xalqının milli-azadlıq hərəkatı idi. Mitinqlər zamanı Azadlıq meydanında ilk dəfə Azərbaycanın milli bayrağı qaldırılıb və Sovet İttifaqından ayrılmaq məsələsi gündəliyə gətirilib.
Milli Dirçəliş Günü – 17 noyabr 1992-ci ildə bayram günü elan olunub. Lakin 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərə əsasən 17 noyabr iş günü sayılır.