Bir neçə gün öncə Azərbaycandakı bir yaxınımla söhbət edirdim. Gənc sahibkardır. İşləri ilə maraqlandım, biznesindən bəhs etdi və əsasən çətinliklərindən. Qorxu ssenarisi kimi idi. Bu məsələyə toxunmağın faydalı olacağını düşünürəm.
Dünya üzrə sahibkarlığın detallı vəziyyəti ilə bağlı bir neçə tanınmış bürolar, təşkilatlar və tətqiqatçı qruplar vardır ki, illik hesabatlar yayınlayırlar. Bu mövzuda çox sayda mənbəyə rast gəlinsə də akademik keyfiyyətli hesabatları GEM-Global Entrepreneurship Monitor hazırlayır. Dünyanın bir çox ölkələrində sahibkarlığın vəziyyəti ilə bağlı ətraflı məlumat verirlər. Həm ayrı-ayrı ölkələrdə vəziyyət detallı təsvir edilir, həm də qlobal indeks hazırlanmaqla müqaisəli baxış imkanı verirlər. Hesabatlar tərəfdaş universitetlər tərəfindən hazırlanır, yəni hansısa QHT və jurnalist qrupu tərəfindən deyil. Sahibkarlığın vəziyyətini təyin etməkdə vacib olan çox sayda parametr olsa da, aşağıdakıları sadalamaq vacibdir:
- Fərdi sahibkarlıq qabiliyyəti, idarəçilik, avtonomluq, risksevərlik
- Sosial mədəni amillər, ənənələr, cəmiyyətdə sahibkara baxış
- Qanunvericilik
- Dövlətin rolu, dəstək, maneə, müdaxiləçilik və ya liberallıq
- Fiziki və elmi infrastruktura
- Kapitala çatım və kreditləşmə
- Vergi və rüsum sistemi
- Patent hüquqları və intellektual mülkiyyətin qorunması
- Sahibkarların təhsili, treyninqi və ali savad dərəcəsi
- Əmək bazarındakı şərtlər
Yazının məqsədi onsuz da hamıya bəlli olan bir şeydən, Avropanın hər sahədəki üstünlüyündən bəhs etmək deyildir. Ancaq, qeyd etməliyəm ki, sahibkarlığa yaradılan şərait baxımdan Avropa ölkələri liderdir. Yəni, “dövlətin rolu” paramterinə görə. Çünki, Amerika dövləti kimi şərait yaratmaqla yetinməyib, sahibkarlığa həm də dəstək olurlar. Məsələn, Fransada bu yöndə praktik müşahidə imkanım da olub. Detalına girmədən onu deyə bilərəm ki, heyranedicidir. Sahibkarlar hətta layiq olmadığı qayğını dövlətdən görürlər.
Nə isə.
Bəs biz hardayıq?
GEM hesabatlarında Azərbaycan haqqında məlumat yoxdur. Səbəb? Azərbaycanda belə hesabat hazırlayacaq Universitet yoxdur. Bu ayrı dərddir.
Qərəz, yuxarıda bəhs etdiyim adam parlaq bir sahibkardır. Mən qarşımdakı insanın sahibkarlıq qabiliyyətini aldığı nəfəsdən bilirəm. Ümumiyyətlə, Azərbaycan sahibkarlıq cəhətdən insan kapitalı zəngin bir ölkədir. Bu əksər insanlarımızın avropalılardan şəxsi keyfiyyətcə üstün olduğu az sayda kriterlərdəndir. Ali təhsillidir və “Push Entrepreneur”, yəni fürsət sahibkarıdır. Avropada təhsilli sahibkar lap azdır. Təhsil alan iş qurmur, iş quran isə təhsilə həvəsi yoxdur, bu kültürəl məsələdir (GEM hesabatı bunu təsdiq edir). Dövlətin verdiyi bu qədər imkana rəğmən Avropa insanı sahibkarlıq baxımdan zəifdir. Bazar iqtisadiyyatının vətəni Avropa sahibkar qıtlığına rəğmən bu qədər irəliləyibsə, normal şərait yaradılsa biz nələr edərdik?! Axı, iqtisadi inkişafın lokomotivi sahibkarlar zümrəsidir.
Bizdə sahibkarlığın mənzərəsini belə təsvir etmək olar:
- Dövlətin rolu meyarı – “Dövlət bizə dəyməsin, Allah xətrinə dəstəyini filan istəmirik. İşlərinə gələndə başımıza dövlət kəsilirlər, dəstəyinə ehtiyac duyanda isə “hər şeyi də dövlətmi etməlidir?” deyirlər”.
- Kapitala çatım meyarı – Bankların verdiyi kredit sadəcə soyğunçuluqdur. Fransada hər hansı bir bank Azərbaycandakı faizi tətbiq etsə bağlanıb rəhbərliyi həbsə atılar, çünki hər il maksimal faiz həddi qanunla qoyulur ki, bundan artıq faiz cinayətdir (taux d`usure, sələmçi faiz deyirlər). Kreditə çatımın isə sahibkarlıqda motor rolunu oynadığını bilirik. Fransada firmaların 80%-i kreditlə maliyyələşir. Bizdə bankların belə soyğunçuluğuna dövlətin göz yumması iki səbəblə ola bilər : 1. Banklar dövləti idarə edənlərə aiddir; 2. Ya da, “banan” respublikalarında olduğu kimi, dövlətin banklara gücü çatmır ki, onları məcbur etsin sələmçilikdən vaz keçməyə. Banklarda “şapka” praktikası isə dəhşət vericidir. Avropada adamı “daşqalaq” edərlər, kreditdən “şapka” alınsa. Deyək ki, bank servislərinin keyfiyyəti aşağıdır, başa düşüləndir, elektron sistem formalaşmayıb, anlarıq. Riskə görə girov istənilir, bunu da xoş görə bilərik. Ancaq, şapka və sələmçi faizinin tətbiq edilməsi sahibkarlara qarşı “qətliam”dır. Sahibkarlar sanki banklara işləyirlər.
- Tənzimləmə meyarı – Gömrükdən ara-xammalın ( intermediary goods) keçməsi mümkünsüzdür. Halbuki, Avropada sərhədlərin açıq olmasının əsas səbəbi ara-xammala çatımın asanlaşmasıdır. Sahibkarlarımız ara-xammalı məcbur yerli bazardan alır ki, bu da istehsal xərclərini artırıb, rentabelliyi salır. Üstəlik, daxili bazardakı ara-xammal keyfiyyətsizdir və monopoliyadadır. Bir digər tənzimləyici qüvvə olan Vergilər idarəsinin əməlləri isə hər kəsə məlumdur…
- Daxili bazar dinamikası meyarı – Rəqabət təmin olunmur. Dövlət qurumları iki eyni sahədəki sahibkara eyni şərtləri tətbiq etmir. Çünki, birinin “arxa”sı yoxdur. Bu da yaxşıların bazardan silinməsi ilə nəticələnir. Ümumölkə bazarında məhsul keyfiyyəti düşür və qiymət qalxır. Nəticədə də isə istehlakçı, yəni millət çəkir əziyyətini.
- Bürokratik bariyerlər meyarı – Sənədləşmə işi süründürücüdür. Adi etibarnamə üçün notarial təsdiq tələb olunur, notariuslar isə timsah kimi ağzını açmış dayanır. Dünya elektron sənədləşməyə uçaraq keçərkən, bizdə bir sənədi əldə etmək üçün ən azı bir gün işini buraxmalısan. Sahibkar üçün bir bütöv gün böyük ziyandır.
- Mülkiyyət hüququ və qorunması meyarı Mülkiyyət toxunulmazlığından danışmağa dəymir. Adam mənə deyir ki, nə vaxt gəlib biznesimi əlimdən alacaqlarını gözləyirəm. Bu sabah da ola bilər… Biznes mübahisələri məhkəmədə deyil, “vor”lar tərəfindən həll edilir. Borcunu ödəməyənin üstünə reket göndərirlər. Çünki, məhkəmələr qərarları pul ilə satırlar. Onların ədalətinə inam 20 il həbs yatmış, əli bıçaqdan başqa heç nə tutmayan adamlara olandan azdır.
- İqtisadiyyatda güvən meyarı – İqtisadiyyat nə qədər qanunla tənzimlənsə də etibar amili hələ də kilid əhəmiyyətə sahibdir, Avropada belə biznesin ciddi bir hissəsi sənədlə deyil, güvənlə aparılır. Çünki, biznes hər şey bir yana “behavioural” (davranışçı) fəaliyyətdir. Bizdə etibar hissinin bu qədər zəif olması sahibkarlığı təhlükəli bir fəaliyyət halına gətirir. Ölkədə inam mühitini qorumaq isə dövlətin öhdəsinə düşür, bu hər yerdə belədir. Hər kəs hər kəsi aldadır və heç kim cəzalanmır. Cəzasızlıq haqsızlığın davamlı hala gəlməsinə səbəb olur. Ekonomimiz “vampirlər şəhərini” xatırladır. Hər kəs dişinə keçirəcək adam axtarır. Biznesdə etibarsızlıq fəlakətdir. Həm müştərilər, həm biznes-partnerlərlə münasibətlər “Allahın ümidinə, adamın insafına” qalır.
- Digər əsas elementlər – Sahibkarlıq üçün vacib olan digər ehtiyaclar, elmə və innovasiyaya çatım, fiziki infrastruktur, yollar, təhlükəsizlik, şəffaflıq, sığorta, mütəxəssislər, biznes təşkilatlanması, dövlətin müxtəlif təşviq siyasətləri, vergi, qanunvericilik, intellektual mülkiyyətin müdafiəsi, patent hüquqları və s. kimi məsələlərdən danışmaq istəmirəm, çünki daha böyük və dərin problemlərdir.
Bütün bunlara rəğmən adam mənə deyir ki, işini davam etdirir, etdirə bilir! Fransada yeni yaranan firmaların 60%-i ilk 42 ayda məhv olur. Bu qədər şəraitə baxmayaraq saxlaya bilmirlər. İki xarici dil bilən, mühasibatı, marketinqi, biznes idarəçiliyini yaxşı bilən, öz hesabına firma qurmuş sahibkar, hələ gəncdirsə onu Fransada baş tacı edirlər, çünki az tapılır beləsi. Belə sahibkarlar bizdə minlərlədir. Normal şərait yaradılsa, asan kredit, tərəfsiz dövlətçilik, insaflı rəqabət təşkil olunsa ölkə 10 ildə çılçıraq olar.
Üstəlik, sahibkarlar işləri düz gedirsə siyasi proseslərdə status-kvodan yana olurlar. Ancaq, sadalanan problemlər üzündən sahibkarlar üçün seçim daralır. Ya ölkəni tərk edib, öz talantlarını xaricdə reallaşdırırlar, ya da ölkədə siyasi dəyişiklik arzusuna qapılırlar (Böyük Fransız inqilabının arxasında sahibkarlar dururdu). İşləri hələki düz olan sahibkarlar isə yaxşı bilirlər ki, bir gün sıra onlara da gələcək…
Qərəz, bu yaxınıma dedim ki, sizinki sahibkarlıq deyil, gerilladır…