“Azərbaycanda mətbuat azadlığının hüdudları getdikcə məhdudlaşır” (VİDEO)

Müstəqil media avqustun 29-da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin baş redaktorlarla keçirdiyi görüşü hələ də müzakirə edir. Görüşdə bir sıra media orqanları, QHT-lər hədəfə alınaraq, onların hakimiyyətin nailiyyətlərini görmədikləri, erməni lobbisinin dəyirmanına su tökdükləri bildirildi. Administrasiya rəhbəri hakimiyyətin bundan sonra hərəkətlərini davam etdirən azad media və müstəqil QHT-lərə qarşı sərt olacağını da gizlətmədi.

Tanınmış jurnalist və politoloq Qulu Məhərrəmli ilə söhbətimizdə görüşün yaratdığı suallar və nəticələrlə bağlı məqamlara toxunuldu.



Qulu müəllim, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin avqustun 29-da baş redaktorlarla keçirdiyi görüşün qapalı olduğu bildirildi və məlumat yalnız “Azərtac” vasitəsilə yayıldı. Yəni sabiq dövlət başçısı Heydər Əliyevin dövründə keçirilən görüşlərdən fərqli olaraq baş redaktorlar müstəqil şəkildə təəssüratlarını qələmə ala bilmədilər. Bu mənada mühacirətdə olan jurnalist Qənimət Zahid bildirdi ki, hakimiyyət müstəqil media imitasiyasından geri çəkildi və “Azərtac” vasitəsilə idarə olunan mətbuat yaradır. Siz necə düşünürsünüz?

–         Məsələyə bir az geniş yanaşmaq lazımdır. Məsələ heç də görüşdən məlumatı “Azərtac”ıın yaymasında deyil. Hesab edirəm ki, hərbi vəziyyətin, müdafiə, təhlükəsizlik məsələlərin işıqlandırılması ilə bağlı müəyyən məhdudiyyətlər var, bu, qanunvericilikdə də öz əksini tapıb. Mənim düşüncəmə görə bu cür müşavirələrin keçirilməsi çox vacibdir. Bəs nəticəsi nədən ibarət ola bilər?Bu gün istər mətbuatda çalışsın, istər sosial şəbəkələrdə status yazsın, müşavirə bir çox məsələləri üzə çıxardı. Bilirsiniz, Azərbaycan vətəndaşları o qədər şou, əyləncə materialları üzərində köklənib ki,hər şeyə bir əyləncə kimi baxır. Tank yerdəyişmə edir, qoşunların yeri dəyişir və s. Bunlara bir oyun, əyləncə kimi baxır. Çünki telekanallar və qəzetlər milli təhlükəsizliklə bağlı nə verilişlər aparırlar, nə qəzetlər yazır, nə də məktəblərdə iş aparırlar.



Bu məsələdə məsuliyyət kimin üzərindədir?

–         Məsuliyyət birbaşa dövlətin üzərindədir. Bu, müdafiə, xarici işlər nazirliklərinə, Prezident Administrasiyasına aiddir. Yəni biz müharibə şəraitində olan ölkəyik. Amma baxın Bakının küçələrinə, rayonlara gedən yollara, hansı müdafiə xarakterli bir şey var?! Mənim Nardaranda bağım var, ora gedəndə bir yerdə həmişə sürəti azaldıram, İmam Həsən əsgəri meydanı var. Mübariz İbrahimovun böyük şəkli vurulub və atasına yazdığı məktub, həm də hərbi vətənpərvərliklə bağlı çağırışlar var. Kifayət qədər yaşım olsa da, həmin şüarları görəndə duyğulanıram. Millət, vətən, təhlükəsizlik hissi insanların ürəyindədir, bunu oyatmaq lazımdır. Hansı metodlarla, yollarla?



Ramiz Mehdiyevin keçirdiyi müşavirə həmin metodları göstərə bildimi?

–         Hesab edirəm ki, müşavirə bir çox məsələləri qaldırmaq baxımından aktual oldu. Amma nəticələrlə bağlı heç nə deyə bilmərəm. Şübhəsiz ki, təsirsiz ötüşmür. Gəlin, belə danışaq, tədbirdə hansı media qurumları təmsil olunur, mətbuat xidmətlərinin həmin media orqanlarına hansı aidiyyatı var? Əgər biz normal mətbuatdan danışırıqsa, bunu platforma olaraq dövlət qurumlarının məlumatlandırıcı strukturlarından ayırmalıyıq. Onsuz da müdafiə və daxili işlər nazirliklərinin mətbuat xidmətlərinin konkret vəzifələri var. Xidmət nazirliyin imicini yaradır, təmsil etdiyi qurumun ictimaiyyətlə əlaqələrinin tənzimləməsinə xidmət edir və xoş ovqat yaradır.



Amma Ramiz Mehdiyev özü də “mətbuat xidmətlərinin fəaliyyəti üzərində xüsusi dayanmağa ehtiyac yoxdur”- deyərək onlar barədə geniş danışmayıb…

–         Doğru deyir, çünki onlar qərar icra edənlərdir, birbaşa, müstəqil şəkildə qərar qəbul etmir. Yaxud mətbuat xidmətləri “bu olar, bu olmaz” dilemması qarşısında dayanmır. Ümumiyyətlə, mətbuat xidmətlərini jurnalistika hesab etmək doğru deyil. Söhbət mətbuatdan, televiziyadan, radiodan gedir və bizim hərbi məsələlərin işıqlandırılmasına ən çətin problem sosial şəbəkələrlə bağlıdır. Mənim müşahidəm nədən ibarətdir? Məsələn, kimsə televiziya, yaxud qəzetdə çalışır, bir mətn çap etdirmək istəyir, ancaq mətbuat orqanı çap etmir, ya da efirə vermir. O zaman jurnalist peşəsindən və bacarığından istifadə edib sosial şəbəkələrdə mətni qoymağa başlayır. Söhbət bu tip materiallardan gedir ki, bunları nə dərəcədə verməliyik.



Müşavirədə bunlar da xatırlanıb, amma eyni zamanda “Azadlıq” qəzetinin, Azadlıq Radiosunun, BBC-in Azərbaycan cəmiyyətini çaşdırdığı, yalan xəbərlər yaydığı və hakimiyyətinin nailiyyətlərini görmədikləri də vurğulanıb. Doğrudanmı, bu media orqanları hakimiyyətin nailiyyətlərini görmürlər?

–         Düşüncəmə görə, BBC və Azadlıq Radiosunun fəaliyyətinə məmur baxışı müstəqil baxışdan çox fərqlənir. Yəni Azadlıq Radiosu hansısa vətəndaşın prinsipləri ilə işləmir. Həmin media orqanlarının öz prinsipləri var və onların əsasında məlumatlar hazırlayırlar. BBC dünyanın tanıdığı və qəbul etdiyi media qurumudur, bu radioya Böyük Britaniyada kral taxtı-tacı qədər sevgi var. İnsanlar BBC-yə ədaləti və həqiqəti dediyinə görə hörmət edirlər. Mən Ramiz Mehdiyevin nəyin əsasında bunu dediyini bilmirəm. Ümumiyyətlə, bizdə son vaxtlar tənqidi məlumatlar verən xarici media orqanlarını tənqid atəşinə tuturlar. Bəzi məmur““Vaşinqton Post” qəzeti nədir, ağzına gələni yazır”, “CNN niyə belə çalışır”- deyə bildirirlər. Amma başa düşmürlər ki, bu orqanların illər boyu formalaşmış yayım prinsipləri var.



Ramiz Mehdiyev bəzi mətbuat orqanlarını və müstəqil QHT-ləri erməni lobbisinə işləməkdə günahlandırır, hətta konkret Leyla Yunusun və Üzeyir Cəfərovun adını çəkir. Artıq Üzeyir Cəfərov həbs olunacağı haqqında xəbərdarlıq aldığını bildirib. Siz düşünürsünüzmü ki, azad mətbuat və müstəqil QHT-lər Ramiz müəllimin dediyi kimi “erməni dəyirmanı”na su tökür?

–         Bu, mürəkkəb məsələdir, yəni mən bu ittihamı qəbul etmirəm. QHT-lərin fəaliyyət istiqaməti olur, dövlət qurumu deyil, amma Azərbaycan vətəndaşlarıdır. Təbii ki, vətən, Azərbaycan təəssübkeşliyi var, ancaq eyni zamanda, həqiqət də var. Tutaq ki, biz Müdafiə Nazirliyində yol verilən hansısa nöqsanı ört-basdıq ediriksə, biz bununla daha çox vətənə xəyanət etmiş oluruq. Amma nöqsanı üzə çıxardıb, onun qarşısını almaq üçün ictimaiyyəti səfərbər edib dövlət qurumlarını xəbərdar ediriksə, bununla daha çox fayda veririk. Hətta sovet dövründə totalitarzmin gücünə baxmayaraq, qəzetlər tənqidi materiallar verirdi və onun əsasında partiya bürolarının iclasları keçirilir və adamlar işdən çıxarılırdı. Bu cür sağlam tənqid mütləq olmalıdır, tənqidsiz cəmiyyət yoxdur.



Məlum görüş bundan sonra özünüsenzuranı gücləndirəcəkmi?

–         Onsuz da Azərbaycanda mətbuat azadlığının hüdudları getdikcə məhdudlaşır. Yəni göz qabağında olan prosesi danmaq olmaz. Amma dövlət və milli təhlükəsizlik məsələsində iki ordu üz-üzədirsə, atışma varsa, vuruşan yalnız əsgərlər deyil. Bu prosesdə mənəviyyat da, əxlaq da vuruşur, mədəniyyətlər üz-üzədir, ona görə milli potensial səfərbər olunmalıdır.



Ancaq koordinasiya işi də qurulmalıydı…

–         Əlbəttə. Müdafiə Nazirliyinin qüsurları və səfərbərlik baxımından çatışmazlıqlar var. Hər halda baş verənlər nazirlik üçün də bir dərsdir, çünki gec-tez ekstremal situasiyalar üzə çıxır. Ona görə həmin nazirliyin ictimaiyyətlə əlaqədar qurumu çox mobil və səfərbər olmalıdır. Çünki məlumat gecikəndə şaiələr də artır.



Amma şayiələri də 29 avqust görüşünə dəvət olunan saytların baş redaktorları yayırdı.Halbuki, bu saytlara baxış sayı 3-4 mindən artıq deyil. Elə bu cür yalan məlumatlar yaymaq Azərbaycan maraqlarına zidd deyilmi?

–         Bəziləri düşünür ki, bu cür dezinformasiyalar millətin ruhunu, əhval-ruhiyyəsini qaldırır. Ümumiyyətlə, müharibə xəbərlərinin hamısı şişirdilmiş və yalan olur. Bu, İkinci Dünya Müharibəsində də belə olub, CNN İraq müharibəsi barədə xəbərləri yayanda da müəyyən təriflərə yol vermişdi. Amma bunun bir ölçüsü olmalıdır. Əgər biz Gebbels metodları ilə təbliğata başlasaq, böyük biabırçılıqlar olacaq. Bütün hallarda yalan məlumatlar vermək olmaz.Baxın, Mübariz İbrahimovla bağlı nə qədər yalan məlumatlar yaydılar. Yaxud Azərbaycan qoşunları Ağdamı, Füzulinin yarısını alıb. Bu cür məlumatlar kimə lazımdır, onsuz da duman çəkiləndən sonra hər şey aydın görünür. Ona görə bu məsələlərdə ehtiyatlı, diqqətli və peşəkar olmaq lazımdır. Bizim mətbuatın peşəkarlığı isə həddən artıq aşağı düşüb və mətbuat göstərişlə işləyir. 5-6 il əvvəl Neft Akademiyasındakı terror olayını xatırlayın, Türkiyə mediası məlumat yayırdı, Azərbaycan mətbuatı da susurdu və qismi də ora istinad edirdi.



Yekunda cənab Mehdiyevin çıxışından 2 məqamı xatırladaraq siyasi şərhçi kimi fikrinizi bilmək istərdim. Administrasiya rəhbəri “


Azərbaycan bütün resurslarını bir hədəfə yönəltməklə Ermənistan və erməni lobbisi ilə informasiya müharibəsində üstünlüyü ələ almağa nail olmuş, BMT, ATƏT, Avropa İttifaqı, Avropa Şurası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu qurumlar, aparıcı dövlətlər də daxil olmaqla bir çox ölkələr Ermənistanın işğalçılıq siyasətini pisləyən və Azərbaycanın torpaqlarını azad etməyi tələb edən qərar və qətnamələr qəbul edib” deyəndən bir abzas sonra“Beynəlxalq birliyin susqunluğu, ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyəti nəticəsində Ermənistan 20 ildən artıqdır ki, Azərbaycan ərazilərini işğal altında saxlayır, BMT-nin müvafiq qətnamələrini, digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədləri icra etməkdən boyun qaçırır” fikrini də səsləndirir. Bəlkə Ramiz müəllimə səhv məlumat veriblər?Hər halda fəlsəfə üzrə akademik bu dərəcədə səhv edə bilməzdi…

–         Deməli, burda uğurlar nədədir?!



Yox, onun fikirlərində uyğunsuzluq yoxdurmu?

–         Ümumiyyətlə, təbliğat məsələsində uğurdan danışıram. Şübhəsiz, informasiya baxımından Azərbaycanın vəziyyəti 10-15 il əvvəlkindən fərqlənir. Müsbətə dəyişikliklər var, ancaq mənfiliklər də çoxdur. Vaxtilə rəhbətlik Heydər Əliyev xarici ölkələrdə olarkən, əlinə bir çubuq alıb xəritə vasitəsiylə izahatlar verirdi. Bu gün böyük resurslar var. Nədənsə, Azərbaycanda əsası qoyulan bütün işlərin başında çox böyük entuziazm görünür, amma yarım il keçəndən sonra yorğunluq, durğunluq, həvəssizlik, ardıcıl getməmək başlayır.Bunların hamısı təbliğata kömək edir. Mən bir gündə erməni lobbisini darmadağın etmək barədə nağıllara inanmıram, eyni zamanda, Azərbaycanın təbliğat gücünə inanıram, müəyyən üstünlüklər var. Ancaq bu üstünlüklərdən kim və necə istifadə edir?!



Məlum görüşdən sonra növbəti həbslər, qəzet bağlanmaları gözlənilirmi?

–         Son bir ayda diqqətimi iki şey çəkir: havaların həddən artıq isti keçməsi və siyasi həyatda gözlənilməz dalğa, xüsusən İntiqam Əliyevin həbsi.



Və Ramiz Mehdiyev müşavirə keçirən gün jurnalist Seymur Həzi həbs edildi…

–         Bəli, dedilər ki, o, xuliqanlıq edib, adam döyüb. Mən Seymur Həzini şəxsən tanıyıram, təbiəti etibarıyla çox mülayim, mübahisələrdə güzəştə gedəndir. Məni də o təəccübləndirdi ki, o, səhər çağı dayanacaqda adam döyüb. Bilmirəm, bu proseslər Azərbaycana nə verəcək? Bu gün biz əgər mətbuat azadlığının, tənqidin meydanını daraltsaq, inandırıram ki, sabah vəziyyət bundan da pis olacaq. Bu baxımdan dünyanın keçdiyi bir yol var. Biz demokratik yol qəbul etmişiksə, bunun şərtlərini də qəbul etməliyik. Şərtlər isə azad mətbuat, insan haqlarının qorunması və azad bazardır. Bunlar yoxdursa, nə danışırıqsa danışaq, yenə gəlib sıfır nöqtəsinə çıxacağıq. Çünki Azərbaycan dünyadan təcrid olunmuş vəziyyətdə yaşamır. Düzdür, gərgin hadisələr var, Ukrayna olaylarını nəzərdə tuturam, Azərbaycanda da bəzi adamlar “kommunistlər gəlir” deyə ruhlanıblar. Bu cür cəfəngiyyatlar eşidilsə də, sonu yoxdur. Azərbaycan cəmiyyəti Heydər Əliyevin elan etdiyi demokratiya kursunu davam etdirməlidir, söz və mətbuat azadlığı olmalıdır, tənqidsiz cəmiyyət keçinə bilməz. Əlbəttə, bütün bunların fonunda hər kəs dövlətini də, vətənini də istəməlidir, onun maraqlarını da qorumalıdır. Amma bunları bəhanə edib insanları həbsxanaya salmaq yolverilməzdir.

Ana səhifəVideo“Azərbaycanda mətbuat azadlığının hüdudları getdikcə məhdudlaşır” (VİDEO)