Azərbaycanda islahat gözləntisi fiaskoya uğradı

Hakimiyyətin belə bir niyyəti yoxdur, eyni şəxs dördüncü dəfə prezident olmaq istəyir

Source:


Hakimiyyətin belə bir niyyəti yoxdur, eyni şəxs dördüncü dəfə prezident olmaq istəyir

Bölgələri bürüyən etiraz dalğası səngimək üzrədir. İqtidar vaxt uda bildi. Görünən budur ki, hakimiyyətin siyasi və iqtisadi islahatlar barədə ictimai rəyə təqdim etdiyi fikirlər imitasiyadan başqa nəsnə deyilmiş. Siyasi idarəçilik islahatlara tab gətirməyəcək dərəcədə kövrəkdir. Lakin Qərb, beynəlxalq təşkilatlar demokratik açılım və ən azı korrupsiyaya son qoyulmasını tələb edir. Bakıya verilən limit başa çatmaq üzrədir. Azərbaycan hakimiyyəti növbəti mərhələdə konkret sanksiyalarla üzləşə bilər. Nüfuzlu təşkilatların hesabatlarında və Qərb mətbuatında elə məmurların adları açıqlanır ki, onlardan hesab tələb etmək hazırkı reallıqda möcüzə olardı. Bütün ifşa kampaniyası da bəlkə elə buna hesablanıb. Artıq istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə belə rəy formalaşıb ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə barədə deyilənlər imitasiyadan başqa bir şey deyil. Nə qədər ki, ölkədə korrupsiyaya qarşı mübarizədə nəzarət şəffaf deyil və nəzarəti hakimiyyət özü həyata keçirir, bu sahədə nəyəsə nail olmaq inandırıcı görünmür.

Korrupsiyaya qarşı mübarizənin qanuni müstəvidə aparılması beynəlxalq təşkilatların rəsmi Bakıdan tələb etdiyi əsas məsələdir. Çıxış yolu sayılan addım – məmurların gəlir deklarasiyalarının göstərilməsinə nail olmaq problemin həllinə yardım edərdi. Bu məsələ ilə bağlı 10 ildən artıqdır qanun olsa da, məmurlar deklarasiyalarını hələ də doldurmur. Beynəlxalq təşkilatların təmsilçiləri hesab edir ki, Azərbaycanda korrupsiyanın ifşa edilməsi qanunvericilik səviyyəsində məhdudlaşdırılıb. “Dövlət sirri haqqında” qanuna edilən dəyişikliklərə görə, jurnalistlərə təsərrüfat subyektlərinin sahibləri barədə məlumat toplamaq qadağandır. Yəni korrupsiyanı ifşa etmək jurnalistlərə yasaq edilib. Bir sözlə, qanunvericilik səviyyəsində korrupsiya faktlarının aşkarlanması imkansızdır. Hakimiyyət heç bir islahatı qəbul etmir və müsbət dəyişikliklər ola biləcəyi barədə deyilən fikirləri elə beşiyindəcə boğur. Bütün bu proseslər fonunda 2018-ci ildə keçiriləcək prezident seçkilərində hakim elitadan kimin namizəd ola biləcəyi məsələsi yenidən aktuallaşır. Eyni namizədin dördüncü dəfə irəli sürülməsi cəmiyyətə eyni problemləri təklif etmək demək olacaq, bu isə vəziyyətin absurda çatdırılmasıdır. Cəmiyyət buna razı ola bilərmi? Bu suala cavab birmənalıdır.

İqtidarın seçkilərə qatılmaq istəyi anlaşılandır. Lakin nəyə görə eyni namizəd daimi və əbədi hesab olunmalıdır?! Digər tərəfdən, “İlham Əliyevin alternativi yoxdur” deməklə iqtidar mənsubları hakimiyyətin islahata münasibətini nümayiş etdirirlər. Əslində “İlham Əliyevin alternativi yoxdur” deyimi özünə inamsızlığın təzahürüdür. İqtidar ideoloqları anlayır ki, başqa namizədlə seçkiyə qatılmaq antidemokratik sistemin çöküşü demək olardı. Odur ki, iqtidar namizədini 2018-ci ildə də dəyişməyə həvəsli deyil. Başqa bir namizədi dəstəkləmək hakimiyyətin dağılması və “cəmiyyətdə alternativlər çoxdur” deyiminin aktuallaşması demək olardı. Eyni şəxsin prezidentliyə təqdim etmək yaxın 5 ilə, 10 ilə də heç nəyin dəyişməyəcəyinin anonsudur.

Artıq Azərbaycanda seçki əhəmiyyətsizləşir. Bu isə son dərəcə ağır fəsadlara yol açır. Əhali məmur özbaşınalığı, korrupsiya, bürokratik əngəllərdən, cəzasızlıqdan bezib. Belə bir cəmiyyətə “alternativin və seçim haqqın yoxdur” deməyin bədəli də ağır ola bilər. Alternativsizlik yalnız qapalı həbsxanalarda olur. Məhbus ona verilən qidanı yeməyə məhkumdur, çünki ona başqa seçim haqqı tanınmır. Azad cəmiyyətlərdə isə həmişə seçim olur və heç də eyni şəxsi üçüncü dəfə dalbadal 90 faiz seçici dəstəkləmir. Avropada hətta ən nüfuzlu siyasi liderin elektoratı 30-40 faizi keçmir və onların siyasi hakimiyyətdə həyatları heç bir halda 40-50 il olmur.

YAP artıq 22 ildir ki, iqtidardadır. Bu 22 ildə yalnız fors-major halına görə prezidentliyə namizəd bir dəfə dəyişib. İndiyə qədər hakim partiyanın yeni lider yetişdirə bilməməsi utanc verici haldır. Bu, demokratiyaya ziddir və təşkilatın demokratik dəyərlərə hörmətsizliyinin bariz nümunəsidir. Eyni hakim komandanın dəyişməməsi rəqabət mühitini məhv edir. 15-20 il nazir postunda əyləşən insanlarla islahatlara nail olmaq imkansızdır. Rəqabətsiz şəraitdə isə inkişafa nail olmaq mümkün deyil. “Alternativimiz yoxdur” deməklə hakim elita cəmiyyətin inkişaf etməyəcəyini açıqlayır. Bu isə inqilablara yol açır. Mahiyyət etibarilə hakimiyyət cəmiyyətə “inqilabdan başqa alternativin yoxdur” fikrini aşılayır.

İqtidarı demokratiyanın taleyi maraqlandırmır. Hakim elita belə hesab edir ki, nəyisə dəyişdirməyə ehtiyac yoxdur. Lakin tarixin və dialektikanın öz qanunları var. Dəyişmək istəməyən sistemlərin çöküşü bəzən adi bir təsadüfə bağlı olur. İllərdən bəri yığılan problemlər bir anın işindəcə partlaya bilir və bütün hesablamaların üstündən xətt çəkir. Cəmiyyətə daima alternativ təklif olunmalıdır. Bu, toplumun təməl haqqıdır. Belə bir haqqı əlindən alınmış cəmiyyətlər isə özləri alternativ axtarışına qalxır. Bəzən isə üstünlük verdiyi alternativlər qisasçılıq naminə seçilir.

Alternativin təklif olunmaması cəmiyyəti idarə olunmaz həddə qədər radikallaşdırır. Qərb siyasətçisi üçün siyasi karyera diktatura yaratmaq üçün deyil. Hakimiyyətdən seçki yolu getmək, yenidən qayıtmağa şərait yaradır. Qanla getmək isə hər nəsnənin sonu olur. Azərbaycan hakimiyyəti islahata getmək niyyətində deyil və demokratik seçki də keçirmək istəmir. Bu isə o deməkdir ki, nə iqtisadi çöküş, nə sosial böhran, nə siyasi məhbuslar problemi həll edilməyəcək. Ən yaxşı halda, ölkədə “yumurta islahatı” həyata keçiriləcək…

Ana səhifəAnalitikaAzərbaycanda islahat gözləntisi fiaskoya uğradı