Astan Babak casusluqda ittiham olunur
İran azərbaycanlısı Astan Babaka oktyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Hakim Şəlalə Həsənovanın sədrliyilə çıxarılan hökmə əsasən, o, Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsilə – Azərbaycana qarşı casusluqda təqsirli bilinib. Təbriz şəhərində qeydiyyatda olan və həbs edilənə qədər orada yaşayan 1975-ci il təvəllüdlü Astan Babaka 12 il həbs cəzası verilib.
İttihama əsasən, Astan Babak Azərbaycanda, xüsusən Naxçıvandakı hərbi hissələr, öncə cəbhədəki postlar, hərbçilərin sayı, Muxtar Respublikaya səfər edən diplomatlar və s. haqda məlumatların toplanıb, İslam İnqilabı Mühafizəçiləri Korpusunun (SEPAH) nümayəndələrinə ötürülməsiylə məşğul olub. Bu məqsədlə o, Naxçıvanda yaşayan bir nəfər Azərbaycan vətəndaşını da cəlb edib, onu SEPAH əməkdaşıyla görüşdürüb və s.
Astan Babakı Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları saxlayıb.
Lakin o, özünü təqsirli bilmir, casusluq ittihamını da rədd edir. İstər məhkəmədə, istərsə də istintaqda casusluq etmədiyini, heç kimi SEPAH nümayəndələrilə görüşdürmədiyini deyib. O bildirib ki, ixtisasca həm həkim, həm də hüquqşünasdır. Həyat yoldaşı isə İranda mülki məsələlər üzrə məhkəmə hakimidir. İki arvadından dörd övladı var. Onun sözlərinə görə, Azərbaycana gələn tələbələrə bələdçilik edirdi. Buradakı strateji obyektlər barədə məlumatlar toplayıb, İranın xüsusi xidmət orqanlarına pul müqabilində ötürməsi haqda iddialar yalandır.
Lakin cinayət işinin materiallarında göstərilib ki, o, oteldə saxlanılıb və həmin vaxt üstündən SEPAH-ın emblemləri olan kartlar tapılıb.