Azərbaycanda həbslərlə bağlı kampaniya başlanıb

Anar Məmmədli. İllüstrasiya: Meydan TV

Hüquq müdafiəçiləri ölkədəki repressiyalara etiraz edir

Azərbaycanlı hüquq müdafiəçiləri ölkədəki repressiyalarla bağlı kampaniyaya başlayıb.

Məqsəd Azərbaycandakı həbslərə son qoyulması, həbsdəki jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının azad edilməsidir.

Kampaniya Azərbaycanın “COP29” iqlim dəyişikliyi ilə bağlı tədbirə ev sahibliyi etməyə hazırlaşdığı bir vaxtda başladılıb.

Bu barədə Cenevrədə yerləşən “Progress&Change Action Lab” qeyri-kommersiya məsləhət qrupu məlumat yayıb.

“Anar Məmmədlinin adı altında gücləri birləşdirən kampaniya Azərbaycanda siyasi məhbuslara və daimi repressiya mühitinə diqqəti artırmağa yönəlib”, – bildirilir.

Kampaniya təsisçiləri “AbzasMedia”, “ToplumTV” və “Kanal 13” jurnalistlərinin, Demokratik Təşəbbüslər İnstitutu və meclis.info kimi qeyri-hökumət təşkilatlarının, “Üçüncü Respublika Platforması” kimi siyasi qrupların fəallarının həbsinə diqqət çəkir.

Anar Məmmədli aprelin 29-da saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

A.Məmmədli Azərbaycanda seçki hüququ sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatının rəhbəridir. O, seçkilərlə bağlı tənqidi hesabatların müəllifidir.

Həbsini ictimai fəaliyyəti ilə əsaslandırır.

Ötən ilin noyabrından başlayaraq Azərbaycanda onlarla jurnalist həbs edilib.

Korrupsiya araşdırmalarıyla tanınan “AbzasMedia” işi üzrə həbslər noyabrın 20-dən başlayıb. Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib.

Həbslər araşdırmaçı jurnalist Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova ilə davam edib.

Onlar da Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham olunur.

Bu maddənin sanksiyasında 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, “AbzasMedia”da Prezidentin ailə üzvləri də daxil olmaqla, bir sıra vəzifəli şəxslərin biznesi, korrupsiya ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını bildiriblər.

“AbzasMedia”dan sonra “Kanal 13” internet kanalı, “Toplum TV” xəbər portalı və eyni adlı internet televiziyası, Milli Məclisin və deputatların fəaliyyətini araşdıran “meclis.info” saytının rəhbəri də qaçaqmalçılıq ittihamıyla həbs olunub.

İddia olunur ki, bu media orqanları xarici təşkilatlardan qrantlar alıb, həmin vəsaitləri qaçaqmalçılıq yoluyla ölkəyə gətirib.

Lakin jurnalistlər bu ittihamı rədd edir, qaçaqmalçılıqla bağlı heç bir sübut-dəlil olmadan həbs olunduqlarını bildirirlər.

Onlar bəyan edib ki, bu həbslərin məqsədi ölkədəki korrupsiyanı, məmur özbaşınalığını araşdıran, ictimaiyyətə çatdıran media orqanlarını susdurmaqdır.

Ana səhifəSiyasətAzərbaycanda həbslərlə bağlı kampaniya başlanıb