İqtisadçı: “Inkişaf və rifah üzrə xərcləmələr azalıb, çünki ora yönəltməyə pulumuz qalmır”
Son 5 il ərzində azərbaycanlıların qida, nəqliyyat, kommunal və səhiyyə xidmətlərinə xərclədikləri vəsait artıb.
“Baku Research Institute”u 2019-2023-cü illərdə adambaşına düşən istehlak xərclərinin strukturunun necə dəyişməsini araşdırıb.
Adambaşına düşən istehlak xərclərinin tərkibinə baxanda aydın olur ki, qida məhsullarına xərcləmələr 2019-cu ildə 42 faiz, 2023-cü ildə isə 44.4 faiz olub.
Su, işıq, qaz və digər yanacaq növləri üzrə xərclərin payı isə 7.6 faizdən 7.9 faizə yüksəlib.
Səhiyyə xidmətləri üzrə xərclərin payında da artım var. 2019-cu ildə 4.8 faiz olan xərcləmələr 2023-cü ildə 5.1-ə qalxıb.
Nəqliyyat xidmətlərinə xərcləmələr də qalxıb – 6.4 faizdən 6.6 faizə.
Geyim, məişət əşyası, təhsil və istirahətə xərclənən vəsaitlər isə azalıb.
Araşdırma göstərir ki, 2019-2023-cü illərdə adambaşına düşən istehlak xərclərinin artımı 16.7, qida məhsulları üzrə xərclərin artımı 23.4, tütün məmulatları üzrə xərclərin artımı 44.2, səhiyyə xidmətləri üzrə xərclərin artımı 23.6, nəqliyyat xidmətləri üzrə xərclərin artımı 20.5 faiz olub.
İqtisadçı Samir Əliyev deyir ki, əsasən, fiziki mövcudluqla bağlı xərcləmələr artıb, inkişaf və rifah üzrə xərcləmələr azalıb.
“Çünki ora yönəltməyə pulumuz qalmır. Xərclərimizin strukturunda qida, nəqliyyat, kommunal, səhiyyə xərcləri son 5 ildə kəskin artıb. Təsadüfi deyil ki, ərzaq supermarketləri və apteklər yağışdansonrakı göbələklər kimi günbəgün artır. Kommunal xərcləri isə hökumətimiz sağ olsun, dövri olaraq artırır. Bu basabasda interneti də unutmadılar”.
İqtisadçı bildirir ki, kobud səslənsə də, demək lazımdır – insanlar pullarının bir hissəsini yeməyə xərcləyir, yerdə qalan hissəsini isə yediklərinin törəkdikləri xəstəliklərin müalicəsinə yönəldir.
2024-cü ilin ilk altı ayında əhali pərakəndə ticarət şəbəkələrindən 27 milyard 251.2 milyon manatlıq alış-veriş edib.
Bunun 15 milyard 36.4 milyon manatı ərzaq məhsullarına xərclənib.
Alış-veriş ötən ilin eyni dövrü ilə müqayisədə 3.4 faiz, ərzaq xərcləmələri isə 1.9 faiz artıb.
Ümumi xərclənən vəsaitin 50.6 faizi ərzaq məhsullarının, 4.6 faizi içki və tütün məmulatlarının alınmasına sərf olunub.
Müstəqil iqtisadçılar, ekspertlər daim açıqlamalarında bildirirlər ki, insanların aylıq xərclərinin 20 faizdən çoxunun ərzağa getməsi onların kasıb olmasından xəbər verir.