«Uşaqlıqda arzum o idi ki, adım çəkiləndə desinlər ki, professordu, elmlər doktorudu», – İlahə Sadıqova deyir. İlahə xanım kulturoloqdur. Kulturologiya və sosiologiya sahəsində elmi fəaliyyətlə məşğuldur. 25-dən çox elmi məqalə müəllifidir. 15-dən çox beynəlxalq və respublika səviyyəli konfranslar, simpoziumların iştirakçısıdır.
“Mən özüm Bakı kəndlərindən birində yaşayıram. Bilirsiz ki, Bakı kəndlərində də çox təəssüf ki, belə stereotiplər var qızların oxuması ilə bağlı. 9-cu sinifə qədər qızları oxudurlar, 9-cu sinifdən sonra mane olurlar”, – deyən İlahə xanım əlavə edir ki, ona valideynləri oxumağı qadağan etməyib.
“Mən deyəndə ki, təhsilimi davam etdirmək istəyirəm, bakalavrı bitirəndən sonra magistr təhsili alacam, onda da heç bir əngəl olmadılar. Yəni mənə demədilər ki, qız uşağısan, artıq bitir. Necə bizdə adətən deyirlər ölkədə, bir təhsil aldın, bir diplomun oldu, kifayətdir. Yox, elə yanaşmadılar, əksinə, bir az da məni həvəsləndirdilər”.
İlahə doktoranturaya da qəbul olunmaq qərarı verir. Dissertasiyasının mövzusu “Müstəqil Azərbaycanda ailə-nikah münasibətlərinin sosial-kulturoloji aspektləri”dir.
“Avtoritar idarəetmə üsulu ailələrimizə də keçib və ailələrimizdə də qadınların hüquqları tapdalanır, qadınlara təhsil almaq imkanı verilmir. Düzdür, son dövrlər bu stereotiplər aradan qalxıb, amma uzun zaman Azərbaycan cəmiyyəti bundan əziyyət çəkib. Və bu gün əslində biz bunun acı bəhrəsini görürük, qadınlara qarşı şiddətlə, zorakılıqla”, – deyən İ.Sadıqovanın fikrincə kulturologiya bu stereotiplərin kökünü kəsməyə kömək edə bilər.
“Mən hər zaman universitetdə çıxışlarımda, beynəlxalq konfranslarda, respublika səviyyəli konfranslarda çıxışlarımda, ixtisasımın ən üstün tərəfi kimi onu göstərirəm ki, kulturologiya hərtərəfli şəxsiyyətlər yetişdirir. Siz elə bir adam tapa bilməzsiz ki, kulturologiya ilə məşğul olsun, ictimai proseslərdən kənarda qalsın, sıradan bir, heç bir şeyə qarışmayan bir vətəndaş kimi fəaliyyət göstərsin, olmur belə bir şey. İxtisas artıq yetişdirir, hərtərəfli yetişdirir. Psixologiya da öyrədir, sosiologiya da, fəlsəfə də, düşünməyi öyrədir insana”.
Valideynlərin qızlarını təhsildən yayındırmağı yeganə problem deyil. “Bizim cəmiyyətin qadına yüklədiyi yazılmamış qanunlar var”, – Jalə İsmayıl deyir. Jalə İsmayıl filologiya üzrə fəlsəfə doktoru. İki dissertasiya müdafiə edib. Klujda Babeş-Bolyay Universitetində fəaliyyət göstərən Türkologiya İnstitutunda Azərbaycan dili və ölkəşünaslıqdan 3 il dərs deyib.
“Ərin və arvadın hər ikisinin işdən qayıtmasından sonra yeməyi mütləq qadın bişirməlidir, qabları mütləq qadın yumalıdır”, – İlahə xanım deyir. – Uşaqlar varsa vəziyyət daha da qəlizləşir, uşağın məktəbi var, dərsi var, yeməyi var. Yatızdırdı, qabları yudu, sabahın yeməyini bişirdi, gecə oldu 12 və bir alim qadın bu saatdan sonra hansı tədqiqatı apara bilər? Ən azı, o, heç olmasa bir məqalə oxumalıdır, öz məqalələrini yazmalıdır, dünyada baş verən öz sahəsinə aid yenilikləri izləməlidir.
Doktorant qızlarla ailə quran bəylər bunu nəzərə almalıdır, əgər o köməyi edə bilməyəcəklərsə qadına, gələcəkdə öz sahəsində uğur qazanmaq istəyən qadına o köməyi göstərə bilməyəcəksə, lütfən heç yaxınlaşmasın, heç ürəyini açmasın və o dəstəyi göstərə bilməyən adam xanımla o yolu getməsin. Hər şeyə rəğmən yenə də işini çatdıran, məqalələrini yazan, Azərbaycanı xarici konfranslarda, simpoziumlarda layiqincə təmsil edən alimlərimiz var. Çox deyil, bütün sahələrdə olduğu kimi, hər şey yüzdə-yüz deyil. Bəlkə barmaq hesabıdı, amma onlar var və nə yaxşı var və o qadınlar nümunədir yeni gələn doktorant qızlar üçün”.
Bu yazı 3 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 27 Mart 2022 16:05