Azərbaycanda 6 faiz müharibə veteranı Qələbə Gününü qeyd edir

1933 müharibə veteranı sağdır, ən yaşlı müharibə veteranının 104 yaşı var, almanların tərəfində 38 min Azərbaycan əsgəri və zabiti döyüşüb.

Source:


1933 müharibə veteranı sağdır, ən yaşlı müharibə veteranının 104 yaşı var

Mayın 9-da Azərbaycanda faşizm üzərində qələbənin 69-cü ildönümünü ilə bağlı tədbirlər keçirilir. Prezident İlham Əliyev öz ənənəsi üzrə Şəhidlər Xiyabanı yaxınlığındakı Dağüstü parkda iki dəfə Sovet İttifaqı qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsi önünə gül çələngi qoyub. O, mərasimdə iştirak edən İkinci Dünya Müharibəsi veteranlarını təbrik edib.

İlham Əliyevin aprelin 30-da imzaladığı üç sərəncama əsasən, 1941-1945-ci illər

Böyük Vətən müharibəsi iştirakçılarının prezident təqaüdü artırılıb, müharibə iştirakçıları və onlara bərabər tutulan şəxslər avtomobillə təmin ediləcək, onlara birdəfəlik maddi yardım ediləcək.

Mayın 1-dən Böyük Vətən müharibəsi iştirakçılarına, Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə prezidentinin təqaüdünün aylıq məbləği 45 manat artırılaraq 100 manat olacaq. Müharibə iştirakçılarına 700 manat birdəfəlik yardım ediləcək. Bu, ötən ilkindən  200 manat çoxdur.

İkinci dünya müharibəsində Azərbaycandan sovet ordusu sıralarında 640 min nəfər iştirak edib, onlardan 300 mindən çoxu həlak olub. 1 yanvar 2014-cü il üçün Azərbaycanda 10 030 nəfər Böyük

Vətən müharibəsi iştirakçısı olub. Onların 1 900 nəfəri ön cəbhədə vuruşub. O cümlədən 409 nəfər I qrup, 475 nəfər II qrup əlil var. Arxa cəhbə iştirakçıları 8 130 nəfərdir. Bakıda 505 nəfər 1941-1945-ci il müharibəsi əlili var. Azərbaycanda 15 500 nəfər Böyük Vətən müharibəsi iştirakısının dul arvadı qalıb. 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Azərbaycanın hər beş sakinindən biri döyüşüb. 400 mindən çox əsgər və zabit döyüş ordeni və medalı ilə təltif edilib, 14 nəfər Şöhrət ordeni kavaleri, 123 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, qəhrəmanlardan 44-ü etnik azərbaycanlılardır.

Azərbaycan ərazisində 87 batalyon, 1123 özünümüdafiə dəstəsi, 77-ci, 223-cü, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyası yaradılıb, bu diviziyalar döyüşərək Qafqaz dağının ətəklərindən Pribaltikaya, Şərqi Avropa və Berlinə qədər keçib.

Azərbaycanlılar partizan dəstələrində də döyüşüb, Ukraynada faşistlərə qarşı mübarizədə 5 min, Belarusiyada isə 1000 nəfərə qədər azərbaycanlı partizan dəstələrində fəal iştirak edib. Təkcə Fransanın cənubunda gedən partizan hərəkatında 1000 nəfərdən çox, keçmiş Yuqoslaviyada partizanların zərbə briqadasında 600 nəfərdən çox azərbaycanlı vuruşub.

Hazırda ikinci dünya müharibəsi veteranlarından 1933 nəfər sağdır, ən yaşlı veteranın 104 yaşı var.

Müharibə illərində Azərbaycan neft və neft məhsullarının əsas ixracçısı idi (SSRİ-də həmin vaxt istehsal olunan neft və neft məhsullarının 70 faizdən çoxu). Bakıda 130-dan çox növdə silah və döyüş sursatı istehsal edilirdi. Müəssisələrdə və kolxozlarda işləyənlərin təxminən 70 faizi qadınlar idi.

Azərbaycanlılar arasında ilk dəfə qəhrəman adına 42-ci atıcı alayının tağım komandirinin köməkçisi, baş serjant İsrafil Məmmədov layiq görülüb. 35-ci tank briqadasının komandanı, qvardiyaçı general-mayor Həzi Aslanov iki dəfə qəhrəman adına layiq görülüb.

Şəxsi vəsaitlərdən müdafiə fonduna 15 kq. qızıl, 952 kq. gümüş, 320 mln. rubl verilib. Cəbhəyə 1,6 mln.-dan çox zəruri mal və 125 vaqon isti geyim göndərilib. Yalnız Leninqrad üçün 1942-ci ilin yayına qədər Bakı müəssisələri 2 vaqon qara kürü, 40 ton meyvə qurusu, 12 vaqon tomat-püre və şirə, qara ciyər ekstraktı, hematogen, jelatin və digər qida məhsulları, habelə medikamentlər və sarğı vasitələri göndərilib.

Ölkə hospitallarında cəbhədə yaralanmış 440 min nəfər müalicə olunub.

Azərbaycanlılar Almaniya tərəfdə də müstəqil dövlət yaranması uğrunda döyüşüblər. Müharibə illərində siyasi mühacirlər Azərbaycan Milli Komitəsini yaradıblar, komitə almanlar Qafqazı ələ keçirdikdən sonra ölkəyə rəhbərlik edəcəkdi. 1941-ci ildə Qafqaz Müsəlman legionu yaradılıb, 1942-ci ildə adı dəyişdirilərək Azərbaycan (Azerbajdzansche) legionu qoyulub.

1943-cü ilin yayında 162-ci türk piyada diviziyası yaradıldı. 1944-cü ildə Azərbaycan legionu Azərbaycan milli-azadlıq ordusunun birləşmiş qərargahına çevrildi.

Ümumilikdə almanların tərəfində 38 min Azərbaycan əsgəri və zabiti döyüşüb.

Ana səhifəXəbərlərAzərbaycanda 6 faiz müharibə veteranı Qələbə Gününü qeyd edir