Birdəfəlik vizanın qiyməti 50 dollardan 20 dollara endirilib
Tranzit vizalarının və birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumunun məbləği 20 dollar, çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün 350 dollar müəyyən edilib. Bütün növ vizaların rəsmiləşdirilməsi üçün vahid rüsum 20 dollar müəyyən edilib.
Xarici İşlər Nazirliyinin Kollegiyası “Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə dəyişikliklər edib.
APA-nın məlumatına görə, bu elektron xidmət Azərbaycana səfər etmək istəyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin viza (turistlərə verilən elektron viza istisna olmaqla) almaq üçün elektron qaydada müraciətinin və sənədlərinin qəbul edilməsi, baxılması, cavablandırılması və baxılmanın nəticəsindən asılı olaraq viza rəsmiləşdirilməsi və ya viza rəsmiləşdirilməsindən imtina edilməsini əhatə edir.
Viza verilməsi haqqında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vəsatətlərinə, müraciət olunduğu gündən ən geci 15 gün keçənədək, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən hallarda, habelə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin səfəri təcili müalicə, yaxud Azərbaycan Respublikasında yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlıdırsa (bu faktları təsdiq edən sənəd təqdim olunmaqla) ən geci 2 iş günü ərzində baxılır.
Dəyişikliklər avqustun 10-dan qüvvəyə minib.
Bundan əvvəl birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün 50 dollar tələb edilib.