Azərbaycana ”pampers” adıyla dərmanlar qanunsuz gətirilib satılırmış…

Hansı həkimlərə 150-170 min manat pul verilirdi?

Foto: Meydan TV


Hansı həkimlərə 150-170 min manat pul verilirdi?

Azərbaycana gətirilən dərmanların gömrükdən qanunsuz yollarla, o cümlədən “pampers” adıyla keçirilməsi, qeydiyyatdan keçirilmədən apteklərdə satılması, xəstəxalana istifadəsi, Mərkəzi Gömrük Hospitalındakı ikili mühasibatlıq, rəsmi maaşı 500-1000 manat olan həkimlərin əslində, 120-150 min pul alması, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsindəki paket maaşlar… Bütün bunlar barədə martın 1-də məhkəmədə danışılıb.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin keçmiş rəisi Fikrət Qədiməliyev, müavini Fikrət Məmmədli, Mərkəzi Gömrük Hospitalının işçiləri – Cəmil Mehtiyev, Türkiyə vətəndaşı Atanur Ateş, Vasif Xıdırov, gömrük xidməti əməkdaşı Əlamət Quliyev, “Zeytun” apteklərdən birinin sahibi Anar Məmmədov və Elnur Məmmədovun işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində proses davam etdirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən Fərman Məmmədli ifadə verərək, ona qarşı irəli sürülmüş dərman qaçaqmalçılığı və mənimsəmə ittihamları ilə razılaşmadığını bildirib. Deyib ki, bütün addımlar rəisi Fikrət Qədiməliyevin göstərişilə atılıb. Onun sözlərinə görə, dərmanların gömrükdən qanunsuz yollarla keçirilməsində Hava Nəqliyyatında Gömrük Baş İdarəsinin rəisi, general Sadiq Abdiyevin də birbaşa rolu olub. Amma o, məsuliyyətdən kənarda qalıb.

Ötən ilin aprelində DTX-nın keçirdiyi “dərman əməliyyatı” zamanı saxlandığını deyən F.Məmmədlinin sözlərinə görə, tutulandan sonra ona ölkəyə gətirilən dərmanlarla bağlı suallar verilib. O da cavabında deyib ki, dərmanlar Mərkəzi Gömrük Hospitalında istifadə üçün gətirilirdi. Çünki bu hospital Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nəzdindədir: “Məndən soruşdular ki, həmin dərmanlar Gömrük Hospitalında da varmı? Mən “hə” deyəndən sonra Maliyyə Nazirliyi hospitalda yoxlama apardı və 15 milyon yeyinti aşkarlandı. Amma bu ittiham əsassızdır. Mən DTX-da tələb elədim ki, Maliyyə Nazirliyinin əməkdaşı, yoxlama aparanlar gəlsin, biz bu məsələni aydınlaşdıraq. Amma gələn olmadı”.

F.Məmmədlinin sözlərinə görə, bir çox məsələlər yoxlama aktında əksini tapmayıb: “Məsələn, hospitalın nəzdində Qadın Sağlamlıq Mərkəzi var. Ora hospitalın vəsaitlərindən təxminən 600 min manat pul xərclənərək yaradılıb. Yoxlama aparanlar bu xərci nəzərə almayıblar. Yaxud da hospitalın yeməkxanası sonradan hemodializ mərkəzinə çevrildi. Nəğd vəsaitlərin hesabına yaradıldı. Bilirsinizmi buna nə qədər vəsait lazımdır? Amma yoxlamada bunu da nəzərə almayıblar. Eləcə də bir çox başqa məsələləri”.

Ölkəyə gətirilən dərmanların dəyərinin gömrükdə ucuz göstərilməsi, yaxud dərmanların başqa ad altında gətirilməsi barədə ittihamda yazılanlara gəlincə, bildirib ki, F.Məmmədli bildirib ki, onun nə də F.Qədiməliyev istisna olmaqla, digər təqsirləndirilən şəxslərin qiymətlə bağlı dəyişiklik etmək səlahiyyəti yox idi: “Hamı da bilir ki, bu işi idarə rəisimiz Fikrət Qədiməliyev və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abdıyevin danışığı var. Onların razılığı olmasa, heç bir qiymət dəyişikliyi edilə bilməz. Mən kiməm və nə məqsədlə 50 minlik malı 20 min kimi göstərə bilərəm? Nəinki, xəstəxanada, hər yerdə hamı bilir ki, bu işi yalnız Fikrət Qədiməliyev və Sadiq Məmmədov edə bilər. Bu sözləri Fikrət müəllimin üzünə də deyirəm. Xahiş edirəm ki, hər şeyi olduğu kimi desin. Sual edilməlidir ki, Niyə Sadiq Məmmədov burada yoxdur? Biz xahiş edirik ki, Maliyyə Nazirliyinin nümayəndəsi də məhkəməyə çağrılsın”.

F.Məmmədli dərmanların gömrükdən uşaq bezi adıyla keçirilməsi barədə də danışıb. O bildirib ki, dərmanların, Gömrük Hospitalına lazım olan başqa avadanlıqların gömrükdən buraxılmasıyla bağlı hansısa problem olanda F.Qədiməliyev ya zəng etməklə, ya da şəxsən görüşməklə general S.Abdiyevə məlumat verirdi. O da məsələni həll edirdi: “Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abdiyev də ordadır. Orada dedi ki, “bundan sonra gələn malların üstünə “pamperslər” qoyun, altında da öz mallarınız. Ondan sonra bu üsuldan istifadə olunmuşdu”.

F.Məmmədlinin sözlərinə görə, Mərkəzi Gömrük Hospitalında ikili mühasibatlıq vardı, həm Tibbi Xidmət İdarəsində, həm də orada hamı rəsmi maaşdan əlavə paket maaş alırdı. Hospitalda da maliyyə məsələlərinə qəpiyinə qədər F.Məmmədli nəzarət edirdi: “Kadr seçimindən, həkimlərin işə götürülməsindən tutmuş, onlarla şərtlərə, hətta xəstələrin, personalın yeməklərinə qədər hər şey birbaşa Fikrət müəllimin göstərişilə olurdu. Həkimlərdən 50 faizə, 40 faizə işləyənlər vardı, baxırdı əvvəldən razılaşdırılan şərtə. Həkimlər faizdən əlavə, paket də alırdı. Ümumiyyətlə, idarədə də, hospitalda da süpürgəçidən tutmuş, rəisə qədər hamı paket alırdı. Fikrət müəllim özü 8000+20300+nəğd hissənin də 20 faizini aylıq alırdı. Üstəlik, hospitalın apteli, yeməkxanası və satışdan gələn pul tam qəpiyinə qədər onun idi. Demişdi ki, bu üçünün hospitala aidiyyəti yoxdur. Bəlkə də kiməsə verir ki, onu bilmirəm. Mən də paket maaş – 5500 manat, bir də rəsmi maaş alırdım. Həkimlərimiz vardı ki, 150-170 min manat maaş alırdı. Mənə mənimsəmə ittihamı da verilib. Yalandır. Sistem elə qurulmuşdu ki, hər şey Fikrət müəllimin nəzarətində idi, istəsəydin də, oradan bir manat oğurlamaq mümkün olmazdı”.

F.Məmmədli heç vaxt hava limanına gedib, dərmanların gömrükdən keçirilməsi prosesilə maraqlanmadığını, bu işlərdən xəbəri olmadığınl vurğulayaraq, ona qaçaqmalçılıq ittihamı verildiyi halda, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi olmuş generaı Sadiq Abdiyevin məsuliyyətdən kənarda qalmasına etirazını bildirib.

Məhkəmə prosesi martın 4-nə qədər təxirə salınıb.

Təqsirləndirilən şəxslərin ikisi – Fikrət Qədiməliyev və Elnur Məmmədov həbsdə deyil.

Bu cinayət işi ilə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatda deyilirdi ki, hava limanındakı Bakı Karqo Terminalından gömrük nəzarətindən yük maşınında çıxarılaraq, təqsirləndirilən şəxslərdən Anar Məmmədova məxsus yaşayış sahəsində ölkəyə buraxılması qanunsuz olan 53 adda ümumi dəyəri 108 min 819 manat müxtəlif dərman vasitələri aşkar edilib. Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə A.Məmmədova məxsus Yasamal rayonunda yerləşən “Zeytun” aptekinə baxış zamanı dövlət qeydiyyatından keçməmiş, mənşəyi məlum olmayan 75 adda müxtəlif dərman vasitələri aşkar edilərək götürülüb. Davam edən araşdırmalarla Yasamal rayonu ərazisindəki “İrem”, “Qlükoza”, “Avas”, “Fatimə”, Nəsimi rayonu ərazisindəki “Zeytun”, “Medical City”, “Elit”, “Vahid”, “Dokta Elite”, Nərimanov rayonu ərazisindəki “Şəfa”, “Şəfa Zeytun 426”, “Təbib” apteklərinə satılmış müxtəlif sayda dövlət qeydiyyatından keçməmiş dərman vasitələri aşkar edilərək dövriyyədən çıxarılıb.

Araşdırmalarla üzə çıxıb ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin vəzifəli şəxsləri dərmanların yük müşayiət sənədlərini dəyişdirərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Mərkəzi Gömrük Hospitalına çatması nəzərdə tutulan başqa məhsullar adı altında bəyan edilməsi, bu yolla dərmanların ölkəyə qeydiyyatsız keçirilməsini təşkil ediblər. Bunun da müqabilində hər yükün ümumi dəyərinin 25 faizi qədər haqq alıblar.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham irəli sürülüb.

Ana səhifəXəbərlərAzərbaycana ”pampers” adıyla dərmanlar qanunsuz gətirilib satılırmış…