Samir Əliyev: Xarici ticarət dövriyyəsində 281,5 milyon ABŞ dolları məbləğində mənfi saldo yaranıb
“2016-cı ilin beş ayı ərzində xarici ticarət dövriyyəsində 281,5 milyon ABŞ dolları məbləğində mənfi saldo yaranıb”.
İqtisadçı ekspert Samir Əliyev, “facebook” səhifəsində yazıb ki, 2015-ci illə müqayisədə 2016-ci ilin yanvar-may aylarında ölkəyə idxal olunan məhsulların həcmi ixrac həcmini üstələyib.Dövlət Gömrük Komitəsinin məlumatını şərh edən iqtisadçı ixrac həcminin 3 milyard 50 milyon, idxal həcminin isə 3 milyard 331,4 milyon dollar olduğunu bildirib.
S.Əliyev qeyd edib ki, diqqəti cəlb edən məsələ mənfi saldonun getdikcə artması olub: “Birinci rübdə mənfi saldo 45 milyon dollar olduğu halda, sonrakı aylarda artaraq yanvar – aprel aylarında 144,4 milyon, yanvar-may aylarında 281,5 milyon dollar olub”.
Ekspert ixracın azalmasının təkcə neft yox, həmçinin qeyri-neft məhsulları hesabına olduğunu yazıb: “Çay ixracı 3 dəfə, bitki və heyvan mənşəli piylər və yağlar 11 dəfə, şəkər 4 dəfə, kimya sənayesi məhsulları 3 dəfə azalıb”.
S.Əliyev bəzi məhsulların ixracında artım olduğunu bildirib. Belə ki, meyvə-tərəvəz 58%, pambıq ipliyi 83%, qara metallar və onlardan hazırlanan məmulatlar 4 dəfə artıb.