Otel sifarişi saytı Azərbaycanda da bloklana bilərmi?
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) “Booking.com” otel sifarişi şirkətinə müraciət edib. Səbəb şirkətin Azərbaycanın işğal olunmuş ərazilərində mehmanxana sifarişlərini həyata keçirməsidir.
XİN-in açıqlamasında deyilir ki, bu, “Booking.com”-a ikinci müraciətdir:
“Şirkətin Azərbaycanın işğal olunmuş ərazilərində mehmanxana sifarişlərini həyata keçirməsi beynəlxalq hüququn norma və prinsiplərinə, Ümumdünya Turizm Təşkilatının Nizamnaməsinə və müvafiq qərarlarına, Turizmə dair Qlobal Etik Məcəlləyə köklü şəkildə ziddir”.
Xəbərdə deyilir ki, Azərbaycanın işğal olunmuş əraziləri qanuni beynəlxalq pulköçürmə əməliyyatları üçün qapalıdır. Ancaq “Booking.com” üzərindən onlayn ödənişlər edilir:
“Bundan qazanc əldə etməsi qanunsuzdur. Çirkli pulların yuyulması kontekstində nəzərdən keçirilməlidir. Ümumdünya Turizm Təşkilatının Turizmə dair Qlobal Etik Məcəlləsinə əsasən, turistlərdən və turizm sahəsində fəaliyyət göstərən şirkətlərdən səfər edilən ölkənin qanunlarına hörmət etmək və turizm səfəri zamanı cinayət əməlləri və səfər edilən ölkənin qanunlarına görə cinayət hesab oluna biləcək hər hansı fəaliyyətdən kənar durmaq tələb olunur. “Booking.com” şirkətinin bu fəaliyyəti korporativ biznes etikasına ziddir. Şirkətin nüfuzuna mənfi təsir göstərən amildir”.
Nazirlik bildirir ki, beynəlxalq hüququn norma və prinsipləri, ÜTT-nin Nizamnaməsi, Turizmə dair Qlobal Etik Məcəllə, ÜTT-nin İcraiyyə Şurasının müvafiq qərar və tövsiyələrinə əsasən “Booking.com” şirkəti Azərbaycanın işğal olunmuş ərazilərinin turizm məntəqəsi kimi təşviq edilməsi və orada mehmanxana sifarişlərinin həyata keçirilməsi kimi əməllərinə son qoymalıdır:
“Məsələ ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqəndirilmiş şəkildə “Booking.com”-a Azərbaycanın narazılığının bir daha çatdırılması və bu kimi qanunsuz fəaliyyətin qarşısının alınması üçün şirkətin mənzil-qərargahının yerləşdiyi Hollandiyadakı səfirliyimizə təlimat verilib. Həmçinin, “Booking.com”-un regional filiallarına və aidiyyəti beynəlxalq təşkilatlara da müraciətlərin edilməsi nəzərdə tutulub”, – deyə XİN-in açıqlamasında bildirilir.
Səyahətçi bloger Babək Musazadə deyir ki, “Booking” işini ərazi bütövlüyü prinsiplərinə uyğun formada qurmalıdır:
““Booking” otel sifarişi sahəsində ən böyük saytdır, istifadəsi rahatdır. Ümid edirəm ki, danışıqlar müsbət yekunlaşacaq və şirkətin Azərbaycan ərazisində fəaliyyəti üçün hər hansı problem yaranmayacaq. Ancaq şirkətin saytına Türkiyədəki kimi Azərbaycanda da blok qoysalar, bu, böyük problem olmayacaq. Onsuz da xaricilər öz ölkələrindən girib istədikləri oteli sifariş edə biləcəklər. Düşünürəm ki, sayt bloklansa bunun təsiri cuzi olacaq”.
Bir müddət öncə Türkiyədə “Booking.com”-un fəaliyyəti dayandırıldı. Saytın Türkiyə ərazisində yasaqlanması ilə bağlı şikayəti Türkiyə Səyahət Agentlikləri Birliyi (TÜRSAB) açıb. İddiada bildirilir ki, “Booking.com” haqsız rəqabət göstərib. Nəticədə, turizm agentlikləri zərər görüb. Başqa bir səbəb kimi isə şirkətin vergidən yayınması göstərilir. İstanbul Ticarət Məhkəməsi TÜRSAB-ın iddiasını haqlı sayıb. “Booking.com”-un Türkiyədəki fəaliyyətlərini dayandırma qərarı alıb.
Hollandiyaya məxsus “Booking.com” otel sifarişi şirkəti turistlərin ən çox istifadə etdiyi, dünyanın ən böyük otel axtarış saytlarından biridir. İstər az büdcə ilə səyahət edənlər, istərsə də büdcəsi 5 ulduzlu mehmanxanalara yetən insanlar üçün hər növ otel təklif edir. Sayt turistlərə hosteldən tutmuş 5-7 ulduzlu otellərə qədər hər cür seçim imkanı verir.