Azərbaycan xarici işlər nazirlərinin görüşünə hazırdır

Hikmət Hacıyev: ”Azərbaycan bu təklifə razılığını və hazırlığını ifadə etdi”

Source:


Hikmət Hacıyev: ”Azərbaycan bu təklifə razılığını və hazırlığını ifadə etdi”

Azərbaycan həmsədrlərin xarici işlər nazirlərinin görüşü təklifinə razılığını və hazırlığını ifadə edib.

Nazirliyin xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, prezidentlər səviyyəsində Sankt-Peterburqda keçirilmiş görüşündən sonra verilmiş birgə bəyanatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistan və Azərbaycanın substantiv danışıqlar aparmalı olduğu təsbit olunub.

H.Hacıyev bu barədə APA-ya deyib ki, həmsədrlər regiona son səfərlərindən sonra nazirlər səviyyəsində görüş barədə təklif irəli sürdülər:

“Azərbaycan da bu təklifə razılığını və hazırlığını ifadə etdi. Bakı dəfələrlə bəyan edib ki, münaqişənin tezliklə həlli və qəbuledilməz və qeyri-davamlı olan status kvonun dəyişdirilməsi üçün substantiv danışıqlara hazırdır”.

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan iyunun 30-da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyul ayında görüşünü keçirilə biləcəyini açıqlayıb.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycanın 7 rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT -in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Ana səhifəXəbərlərAzərbaycan xarici işlər nazirlərinin görüşünə hazırdır