Azərbaycan və Ermənistan arasında vaxtaşırı yenilənən problemlərdən biri də kilsələrlə bağlıdır. Azərbaycan tərəfi Ermənistanı alban kilsələrini erməniləşdirmədə ittiham edir, erməni tərəfi isə əksinə – Azərbaycanı erməni kilsələrini albanlaşdırmada. Bu mövzu illərdir siyasi diskursun mövzusu olaraq qalsa da, ekspertlər hesab edirlər ki, mübahisəyə son qoymaq üçün kifayət qədər tarixi araşdırmalar aparılmır.
Fevral ayının 3-də Azərbaycan mədəniyyət naziri Anar Kərimovun açıqlamasının yaratdığı səs-küyün qarşılığı növbəti ay Avropadan gəldi. Kərmov deyirdi ki, “Ermənlilərin Alban dini məbədlərinin üzərinə yazdıqları qondarma izlərin aradan qaldırılması üçün Alban tarixini, arxitekturasını bilən mütəxəssislərdən ibarət İşçi qrup yaradılıb”. Ermənistanda bu bəyanat Azərbaycanın albanlaşdırma cəhdi kimi yozuldu. Bir ay sonra isə Avropa Parlamenti Azərbaycanın Dağlıq Qarabağda və onun ətrafında erməni mədəni irsini “silmək və inkar etmək” siyasəti yürütdüyünü bildirən qətnamə qəbul etdi:
“Regionda erməni mədəni irsinin silinməsi siyasəti aparılır. Bu, Azərbaycan hakimiyyəti tərəfindən edilir və ermənilərə qarşı nifrətin daha geniş sxeminin tərkib hissəsidir. Mədəni irs gələcək nəsillər üçün qorunub saxlanmalıdır”.
Alban və erməni kilsəsi mübahisəsinin tarixi daha qədimə dayanır – tarixçilər belə deyirlər.
Ekspertlər deyirlər ki, problem Azərbaycanda alban tarixinin daha səthi araşdırılması ilə bağlıdır. Azərbaycan tərəfi kilsələrin tarixini doğru araşdırmaq istəyirsə, bunun üçün elmi yollara baş vurmalıdır. Karbon araşdırmaları bəzi suallara aydınlıq gətirə bilər. Amma bütövlükdə 21-ci əsr prizmasından 6-cı əsri dəyərləndirmək doğru deyil.
Cavid Ağanın fikrincə, Azərbaycanda alban tarixinə münasibəti də dəyişmək lazımdır. Alban irsi siyasi rıçaq kimi yox, mədəni baxımdan araşdırılmalıdır. Hazırda isə ölkə ərazisində baxımsız qalan xeyli mədəni abidə var.