Rusiyada iqtisadi böhran və prezident Vladimir Putinin mətbuat konfransı Azərbaycan siyasi gündəminə də təsirsiz ötüşmədi. Müzakirələr və mübahisələr fərqli mövqeləri ortaya qoydu. Kreml sahibinin böhranın 2 il davam edəcəyi barədə açıqlaması isə yaxın illərdə siyasi-iqtisadi gedişatda asan olmayan zaman yaşayacağımıza əsas verir. Politoloq Rasim Ağayevlə söhbətimizdə gündəmin bu yöndə yaranan suallarına cavab tapmağa çalışdıq.
-
Rasim m
üəllim, Rusiya prezidenti Vladimir Putinin 17 dekabrda keçirdiyi mətbuat konfransı haqqında təhlillərdə iki yanaşma xüsusilə diqqət çəkdi. Birincilər bildirir ki, Putinin mətbuat konfransındakı çıxışı və ovqatı 17 dekabrdan əvvəlki vəziyyətindən fərqlənirdi, yəni bu dəfə o, müəyyın qədər güzəştlərə hazır görünürdü. İkincilər isə hesab edir ki, iqtisadiyyatının ağır durumuna baxmayaraq, Rusiya prezidenti Qərblə qarşıdurmadan çəkinməyəcək. Deyilənlər barədə sizin yanaşmanız necədir?
-
Həmin yanaşmalarda həqiqət var. Ancaq həqiqət ondan ibarətdir ki, Putinin 17 dekabrda ritorikası dəyişmişdi, məzmun yox. O, açıq şəkildə bildirdi ki, Krım olmasaydı da, Qərb Rusiyaya təzyiq üçün başqa bir bəhanə tapacaqdı. Qərb Rusiyayla Krımın yox, müstəqilliyin davasını edir.
-
Yəni Qərb Rusiyanı dağıtmaq istəyir?
-
Bəli. Putin heç bunu gizlətmirdi və əvvəllər də bu barədə danışıb. Bir daha deyirəm, Putinin mətbuat konfransında sərtliyi qalırdı, amma müəyyən suallara cavabda ritorikanı dəyişirdi və mülayim olmağa çalışırdı. Həm də Putinin tərəfdarları ondan razı qaldılar, söhbət heç də oliqarxlardan getmir, geniş xalq kütlələri də prezidentə dəstək verirlər. Xüsusilə rusların əksəriyyəti o fikirdədirlər ki, onlar Amerikanın sözü ilə oturub-durmamalıdırlar, lazımı qədər qüdrətlidirlər, mənlikləri var, onlarla belə danışmaq olmaz. Bu, rusların haqlı olduğuna əsas vermir. Amma Rusiyada belə yanaşma güclüdür.
-
Deməli, Putin rus xalqının ağzına “Krım saqqızı” atıb və ölkənin gələcəyi onlar üçün o qədər də önəmli deyil, şovinizm, millətiçilik qalır…?
-
Mən məsələyə bir qədər geniş yanaşardım. Bu gün dünyada millətçilik çox güclü ideologiyalardandır, hər xalq gərək özünə baxsın. Ermənilər də, gürcülər də, almanlar da, ingilislər də millətçidirlər. Amerikanlar özlərini qlobal dövlətin vətəndaşları hesab edirlər. Söhbət Rusiyanın bu təfəkkürlə qalıb-qalmamasından gedir. Yəni Rusiyada millətçiliyin möhkəmlənməsi və özlərini böyük xalq, böyük dövlət saymaları Amerikaya maneədir. ABŞ-in mövqeyi məlumdur, Vaşinqton özünü superdövlət sayır və Avropa Birliyini özünün müttəfiqi hesab edir, amma birliyin də hər addımda onunla razılaşmasını istəyir. Hazırda Amerika dominant ölkədir. Amma, bu, uzun çəkməyəcək, çünki Çin var. Son hadisələr göstərdi ki, Çin indiki vəziyyətdə Rusiyanın yerini tutmağa hazırdır, ikinci superdövlət olaraq.
-
Amma Çinin ABŞ dollarından asılı olduğu da sirr deyil…
-
İqtisadi məsələlər ayrı söhbətin mövzusudur. Hazırda Rusiyanın Çinlə yaxınlaşmasının bir səbəbi də ikincinin maliyyə durumunun yaxşı olmasıdır. İkincisi, Çində dolların çox olması ikibaşlı məsələdir, o mənada ki, Amerika və Avropa onunla hesablaşmağa məcburdur.
-
Qayıdaq Putinin mətbuat konfransına. Rusiya prezidenti böhranın 2 il davam edəcəyini bildirdi, bu, artıq böhranın başladığına etirafdır. Əgər ruslarda millətçilik qalırsa, yaxın 2 ildə nəsə dəyişə bilərmi?
-
Putinin tənqidçiləri onun vədlərini xatırladıb, heç birinin reallaşmadığını bildirirlər. Bu iddianı yalnız Putinə yox, başqa dövlət başçılarına da demək olar. Siyasətçinin vəzifəsi vəd verməkdir, sovet xalqına o qədər vədlər verirdilər. Ki, bu gün-sabah kommunizm olacaq və sair. Amma doğrulmadı, bu, o demək deyil ki, inkişaf yox idi, inkişaf vardı, yaxud onlar tamamilə haqsız idilər. Siyasət belədir: vəd verməsən, hakimiyyətdə qala bilməzsən. Yaxın 2 ilə gəlincə, güman ki, Putin və ətrafı hansısa informasiyalara malikdirlər. Amma 2 ilə həm böhran dərinləşə bilər, həm də Şərq amili ortaya çıxar, söhbət Çin-Hindistan-Türkiyə əməkdaşılığından gedir. Çünki iqtisadi-maliyyə əlaqələri genişləndikcə, bu amil güclənə bilər. Bəlkə Rusiya bu vəziyyətdə “gecələyə” bildi. Həm də bəzi Qərb ölkələri ABŞ-ın bu savaşından heç də razı deyillər, çünki özləri də itirirlər. Məncə, Putin bunları nəzərə alaraq o cür vədlər verir. Amma böhranın neçə il çəkəcəyini heç kim dəqiq deyə bilməz. Yaxın iki ildə çox şey ortaya çıxa bilər.
-
Artıq rus milyonerləri Avropaya üz tuturlar, 2013-cü illə müqayisədə 69 faiz rus iş adamı Böyük Britaniyada malikanə alıb. Yaxud son 6 ayda bu ölkəyə 13 faiz rus pul yatırıb…
-
Sadaladıqlarınız ola bilsin həqiqətdir. Ölkədə vəziyyət pisləşəndə milyonçular qaçırlar. Amma milyonerlər həmişə varidatlarını xaricdə saxlayırlar. Putinin də oliqarxlarla davası ondan ibarətdir ki, pulları ölkəyə qaytarın, onlara son müraciəti də bununla bağlıydı. Hətta amnistiya barədə anons da verdi. Halbuki, bu, liberal və Putinə məxsus olmayan hərəkət idi, görünür, vəziyyəti o qədər çətindir ki, belə bir bəyanat verməli olub. Bununla belə, milyonerlər pullarını ölkədən çıxarırlar, bu, təbii prosesdir, Elçibəy demişkən. Yəni Putin vətəndaş müharibəsindən qorxur.
-
Bu təhlükə varmı?
-
İstisna olunmur. Tarixi nöqteyi-nəzərindən yanaşsaq, bu gün Rusiyada siyasi-ictimai və ideoloji böhran baş verir. Hər 100 ildən bir bu cür böhran yaşanır. Düzdür, 80-90-cı illərdə böhran yarandı, SSRİ dağıldı, o zaman 50 ildən sonra növbəti böhranın olacağını gözləyirdim. Daha belə tezliklə yox. Çünki artıq ölkə yeniləşirdi, Qərb Rusiyanı yeni modeldə qəbul edirdi, hətta Putinlə Buşun münasibətləri çox yaxşıydı. Bəs nə oldu?
-
Bəlkə Ukrayna amili münasibətlərin pisləşməsinə təsir etdi?
-
Bəli, Ukrayna və Krım hadisələrinin təsiri var. Ancaq Ukrayna özü-özlüyündə baş verməyib. Putinlə o mənada razılaşıram ki, Krım olmasaydı, başqa bir bəhanə tapacaqdılar. Ukraynada isə dövlət çevrilişi oldu, ikinci, Qərb Yanukoviçin seçilməsini qəbul etmişdi və onunla bir masa arxasında oturub razılaşmaya imza atmışdılar. Amma ertəsi gün hamısı kənara çəkildi və Yanokoviçi zorla hakimiyyətdən kənarlaşdırdılar. Bunun adını inqilab qoyaq, amma hərəkatın məzmunu dövlət çevrilişi idi. Həm də Maydan Hərəkatı özbaşına bu addımı atmadı, Qərb onları təhrik etdi.
-
Bütün hallarda bunlar Rusiyanın Krımı, Luqanskını, Donbası işğal etməyə əsas verirdi?
-
Razıyam. Hüquqi baxımdan Putin haqsızdır və onun haqsızlığı ABŞ-a sanksiyalara əl atmağa imkan verdi. Sual yaranır: o zaman Amerika niyə Azərbaycanın ərazi bütövlüyü pozulanda, Ermənistana “gözün üstə qaşın var” demədi?
-
Sizcə, nə üçün demədi?
-
Çünki Vaşinqton bilir ki, Azərbaycanı belə vəziyyətdə də ala bilər, amma Rusiyanı dağıtmaq lazımdır.
-
Qazaxıstan prezidenti Nazarbayevin və Belarus prezidenti Lukaşenkonun son addımları “batan gəmidə” heç kimin qalmaq istəmədiyi təəssüratı yaradır. Lukaşenko Kiyev səfərilə Poroşenko hakimiyyətinə dəstəyini nümayiş etdirdi, Nazarbayev isə bildirdi ki, o, Ukrayna və Rusiyaya eyni gözlə baxır. Bütün bunlar Gömrük Sazişi və Avrasiya İttifaqı haqqında bədbin proqnozlar verməyə əsas yaradırmı?
-
Yox, hələ bir az tezdir. Nə Qazaxıstan, nə Belarus Rusiya ssenarisinin ABŞ-ın istədiyini kimi yekunlaşdığını istəməzdi. Yəni Rusiyanın dağılmasını istəmirlər. Çünki dağıdıcı böhran Qazaxıstana və Belarusa da təsir edəcək. Lukaşenko və Nazarbayev bunları yaxşı bilir. Heç kim düşünməsin ki, Rusiya dağılsa, onun ölkəsi behiştə çıxacaq. Rusiyanın dağılmasıyla yer kürəsində yeni sərhədlər çəkilə bilər, bu isə yeni böhranlar deməkdir. Bu prosesdən kimin sağ-salamat çıxmasını indidən bilmək olmaz. Ona görə Nazarbayev və Lukaşenko kimi dövlət xadimləri Putinə çatmayan atmosferi siyasi meydana gətirmək istəyirlər.
-
İndiki vəziyyətdə Azərbaycan hakimiyyətinin siyasi yanaşmasını necə qiymətləndirirsiniz? Mən “Azərbaycan” qəzetində ABŞ-ın Azərbaycanda 2005-ci ildə dövlət çevrilişi etmək barədə yazılanları və Ramiz Mehdiyevin məqaləsi başda olmaqla hakimiyyətdə anti-Qərb çıxışları nəzərdə tuturam…
-
Ramiz Mehdiyevin məqaləsini oxumuşam. 2005-ci ildəki hadisələr barədə yazılanlara gəlincə, bu, sirr deyil ki. Bakının Vaşinqtonla münasibətləri yaxşı olanda, bunun üstündən vaz keçirdilər, deyirdilər ki, Amerika bizim gələcəyimizdir, atamızdır, böyüyümüzdür. İndi münasibətlər pozulub.
-
Münasibətlər niyə pozulub?
-
Ramiz Mehdiyevin çıxışlarından sezilir ki, bu prosesdə çox incə məsələlər var. Bir məqama diqqət edin: prezident İlham Əliyev indiyə qədər ABŞ-ın ünvanına bir dəfə də kəskin danışmayıb. Ümumi danışıb, ikili standartlar və s. Ramiz Mehdiyev çox şey danışa bilər, həm də onun vəzifəsi konstitusion deyil, sadəcə, yüksək səviyyəli məmurdur. Azərbaycanın xarici siyasətini bir nəfər formalaşdırır və həyata keçirir, o da prezidentdir. Sonuncunun əsas instrumenti Xarici İşlər Nazirliyidir. Bu baxımdan münasibətlərdə kəskin dönüş yoxdur. Düzdür, siz deyənlər var. Ümumiyyətlə, Azərbaycanın Amerikanın siyasətindən narazı qalmağa haqqı var.
-
Dağlıq Qarabağa görə…?
-
Tamamilə doğrudur. Amerikaya sual edirəm: Nə vaxta qədər məni azdıracaqsan? Demirlər ki, dünyada bir nömrəli qüvvəsən, göstər də gücünü Ermənistana.
-
Məgər, Qarabağ probleminin həllinin “açar”ı Rusiyada deyil? O zaman Rusiya barədə həmin ittihamlar niyə deyilmir?
-
Rusiya haqqında da deyilib.
-
M
əsələn, Ramiz Mehdiyev danışıbmı?
-
Onu deyə bilmərəm. Düzdür, kəskin yox, amma Rusiya rəhbərliyinə çatdırılıb ki, belə olmaz. Fikir verin, Ermənistan da Azərbaycan-Rusiya əlaqələrindən narahatdır. Mən düşünürəm ki, Azərbaycan indiki siyasətilə Rusiya və Amerikanı seçim qarşısında qoyur. Yəni Azərbaycanın sizinlə olmasını istəyirsiniz, buyurun, hərəkətə keçin.
-
O zaman hansı hərəkətə keçəcək?
-
Hazırda heç kəs hərəkətə keçmir. Rusiyanı elə bir vəziyyətə salıblar ki, istəsə də, bunu bacarmaz.