”Freedom House” yeni hesabat yayıb
Vaşinqtonda yerləşən beynəlxalq “Freedom House” təşkilatı “Dünyada azadlıq 2019” hesabatını açıqlayıb.
“Turan” agentliyinin məlumatına görə, hesabatda təşkilat Azərbaycanı yenə də “qeyri-azad ölkələr” kateqoriyasına daxil edib.
Azərbaycanın qonşuları – Ermənistan və Gürcüstan “qismən azad ölkələr” qrupuna daxil edilib.
Ümumilikdə hesabatda Özbəkistanda və Ermənistanda demokratik proseslər alqışlanır, eyni zamanda Rusiya və Azərbaycan tənqid olunur.
Təşkilatın sənədində ABŞ-da demokratiyanın ciddi zəiflədiyi vurğulanır.
Bu, prezident Donald Trampın qanunun aliliyinə, jurnalistlərə və demokratik normalara təzyiqində özünü göstərir.
Hesabata görə, Avrasiya ölkələrinin zəngin elitar təbəqəsi hakimiyyətin saxlanması üçün öz vəziyyətlərindən sui-istifadə edirlər.
“Ümimilikdə, 13 ildir ki, qlobal planda azadlıqlarının təminatında reqress müşahidə olunur”, hesabatda deyilir. 86 ölkə “azad” (44%), 59 ölkə (30%) “qismən azad”, 50 ölkə (20%) “qeyri-azad” ölkə kimi tanınıb.
“Ən pislər arasında ən pis” kimi Suriya, Cənubi Sudan, Eritreya, Türkmənistan, Şimali Koreya, Ekvatorial Qvineya, Səudiyyə Ərəbistanı, Somali, Sudan, Tacikistan, Mərkəzi Afrika Respublikası və Liviya tanınıb.