Azərbaycan mediasının son bir ildə durumu

Yekunlaşmış məhkəmə işlərinin çoxunda jurnalistlər yazılarına görə günahkar hesab ediliblər, onlara müxtəlif mülki cəzalar verilib.

Source: Specify Source

Azərbaycanda iyulun 22-i jurnalistlərin peşə bayramı kimi qeyd olunur.

“Turan” İnformasiya Agentliyi bununla bağlı son bir ildə mətbuatın vəziyyətinə dair təhlili yazı hazırlayıb. Yazıda informasiyanın jurnalistlər üçün əlçatımlılığı, seçkilər və pandemiya dövründə media nümayəndələrinin qarşılaşdığı problemlər əks olunub:

Bu yazıda Azərbaycan mediasının hüququ durumuna işıq tutulur. Yazıdakı ümumiləşdirmələr, şərhlər 2019-cu ilin iyul ayından bəri baş verən olaylara söykənir.


Publik informasiyalara çatım

İnformasiya əldə etmək hüququ ölkə Konstitusiyasının 50-ci maddəsində əksini tapıb. 50-ci maddə “hər kəsin istədiyi bilgini qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq haqqını tanıyır”. 2005-ci ildə qəbul edilən “İnformasiya əldə edilməsi haqqında” qanun bu hüququn reallaşdırılması yollarını daha aydın ifadə edib. Həmin qanunun açdığı imkanlar kifayət qədər geniş olsa da onun işləkliyi 15 ilə yaxındır ki, problemli qalmaqda davam edir. Qanunun tətbiqi qəbul edilərkən yaranan ümidləri doğrultmur.

Publik informasiya sahibi olan qurumlar informasiya sorğularının əksəriyyətini tam, vaxtında və ya müvafiq qaydada cavablandırmırlar. Son bir ildə bu araşdırma çərçivəsində 12 informasiya sorğusunun necə icra olunması monitorinq edilib. Həmin sorğuların 4-nə cavab verilib. Həmin cavablar qanunla müəyyən olunmuş 7 gün müddət keçdikdən sonra verilib. Sorğulara verilmiş 4 cavabdan heş biri istənilən informasiyaları əhatə etməyib. Yerli icra hakimiyyəti orqanları onlara göndərilmiş informasiya sorğularının heç birinə cavab verməyiblər. Mərkəzi Seçki Komissiyası isə təcili bilgilərin istənildiyi sorğuya 3 aydan sonra cavab verib. Həm də qanunla açıq hesab edilən istənilən bilgiləri təqdim etməyib.

İnformasiya əldə etmək hüququ pozulanların yararlana biləcəyi əsas vasitə məhkəmələrdir. Ancaq məhkəmələrin informasiya əldə etmək hüququ pozuntularının aradan qaldırılmasına gərəkli dəstəyi verdiyini söyləmək olmur. Son bir ildə informasiya əldə etmək hüququnun pozulmasından 13-dən artıq iddia qaldırılıb. Ancaq məhkəmələr həmin iddialardan yalnız birini təmin ediblər. Həmin işlərin hamısında dövlət qurumlarından “İnformasiya əldə edilməsi haqqında” qanuna əsasən, açıq elan edilən, saytlara yerləşdirilməli olan bilgilər istənilmişdi. Yalnız bir halda 1 saylı İnzibati İqtisad Məhkəməsi jurnalistin informasiya əldə etmək hüququnun pozulduğuna qərar verib. Həmin iş Turan İnformasiya Agentliyinin “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə göndərdiyi informasiya sorğusu ilə bağlı idi. Sorğu vasitəsilə Bakının Buzovna qəsəbəsində su və kanalizasiya xətlərinin çəkilməsinə yatırılmış vəsait, həmin vəsaitlərin xərclənmə durumunu ifadə edən bilgilər istənilmişdi. Sorğuya cavab verilmədiyindən agentlik məhkəməyə müraciət etdi. 1 saylı İnzibati İqtisad Məhkəməsi 2019-cu ilin payızında verdiyi qərarında hesab etdi ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti sorğuya cavab verməməklə “İnformasiya əldə edilməsi haqqında” qanunun tələblərini pozub. Məhkəmə sorğuda istənilən informasiyaları Turan agentliyinə təqdim etmək vəzifəsini “Azərsu”nun üzərinə qoydu. Turan agentliyinin Nazirlər Kabinetinə verdiyi informasiya sorğusuna da cavab verilməmişdi. Ancaq həmin işdə yerli məhkəmələr medianın iddialarını heç bir qanuni arqument gətirmədən rədd etdi.


Media pandemiya dövründə

Koronavirus pandemiyası 2020-ci ilin martından başlayaraq Azərbaycanda sərt karantin qaydalarının tətbiqinə səbəb oldu. Sərt karantin qaydalarının tətbiqinin hüquqiliyi xeyli dərəcədə mübahisəli idi. Çünki yerli qanunvericilik belə sərt məzmunda tədbirlərin tətbiqinə fövqəladə halın elan edilməsi durumlarında imkan verir.

Azərbaycanda media, jurnalistlərin fəaliyyət mühiti sərt karantin tədbirlərinin tətbiqindən ciddi şəkildə təsirləndi. Sərt karantin tədbirlərinin may ayının sonunadək davam edən birinci mərhələsində yalnız vəsiqəsi olan jurnalistlərin sərbəst fəaliyyətinə imkan yaradılmışdı. Azad fəaliyyət göstərən, konkret olaraq hansısa mediaya çalışmayan, müvafiq təsdiqləyici sənədləri olmayan jurnalistlərin, bloqçuların, fotoreportyorların fəaliyyətinə isə ciddi əngəllər yaradılmışdı. Onlar faktiki olaraq sərbəst çalışmaq imkanlarından məhrum edilmişdilər. Ölkə ərazisində 2 saatlıq “sms-icazə” sisteminin tətbiq edilməsinə başlanılmışdı. Qeyd edilən çərçivəyə daxil olan sərbəst jurnalistlər yalnız həmin imkandan yararlana bilərdilər.

Azərbaycanda iyun ayından etibarən sərt karantin tədbirlərinin 2-ci mərhələsinə başlanıldı. Həftədə 2 gün küçəyə çıxmaq yasağı tətbiq edildi. Həmin günlərdə rəsmi qurumlar yalnız dövlət televiziyasında çalışan jurnalistlərin fəaliyyət göstərə biləcəyini elan etdilər. Yerdə qalan media, jurnalistlər çalışmaq imkanından məhrum oldular. Bu rejim tədricən yumşaldıldı, hökumətin tətbiq etdiyi icasə sistemində qeydiyyatdan keçənlər sərbəst fəaliyyət imkanı əldə edə bildilər. Ancaq bütün hallarda sərbəst çalışan, özəlliklə aktiv vergi ödəyicisi olmayan jurnalistlərə fəaliyyət məhdudiyyəti tətbiq edildi. Mediaya münasibətdə tətbiq edilən məhdudiyyətlər qanunda nəzərdə tutulan deyildi, qanuni bir məqsədə çatmağı hədəflədiyi mübahisəli idi, gərəkli və adekvat deyildi.

Karantin qaydalarının tətbiqi mediaya, jurnalistlərə münasibətdə xeyli ciddi pozuntularla müşayiət olundu. 10-dan artıq halda vəsiqəsi olan, konkret mediada çalışan jurnalistlər belə məsuliyyətə cəlb edilib. Sərt müxalif məzmunlu “Azadlıq” qəzetinin (“Azadlıq.info”) əməkdaşı Səadət Cahangir iki dəfə pozuntu ilə üzləşib. Bir dəfə polis idarəsinə aparılıb sorğu-sual edilib. Jurnalisti daha əvvəl karantin qaydalarını pozmağa görə inzibati qaydada cərimə ediblər.

“7gun.az” xəbər portalının əməkdaşı Natiq İsbatov isə peşə fəaliyyətini yerinə yetirərkən saxlanılıb, polis idarəsinə aparılıb. Jurnalist daha sonra inzibati qaydada həbs edilib. Onunla bərabər peşə fəaliyyətini yerinə yetirən jurnalist, “Azel.tv” xəbər portalının əməkdaşı Sevinc Sadıqova da saxlanılıb. Rəsmi xəbərdarlıq edildikdən sonra jurnalist sərbəst buraxılıb. “Kanal24” İnternet televiziyasının əməkdaşı İbrahim Vəzirov, “Reportyor.info”nun əməkdaşı Mirsahib Rahiloğlu, müstəqil jurnalistlər Elgün Gəncimsoy, İsmayıl İslamoğlu da karantin qaydalarının pozulmasına görə cəzalandırlıblar. Onlara inzibati qaydada həbs cəzası verilib.


Böhtan və təhqir iddiaları, həbsdəki jurnalistlər

Azərbaycan qanunvericiliyi böhtan və təhqirə görə cinayət məsuliyyəti nəzərdə tutur. Böhtan və təhqirə görə cinayət məsuliyyətinin ləgvi Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərdən irəli gəlir. Həm də Avropa məhkəməsinin qərarlarının icrası baxımından diffamasiya məsələsi aktual olsa da bu istiqamətdə hər hansı addım atılmayıb.

Ötən bir ildə diffamasiyaya görə məsuliyyət nəzərdə tutan qanunların tətbiqində ciddi artım və ya azalma müşayət olunmur. Həmin qanunların tətbiqi statistikası 2015-ci ildən bəri cüzi dəyişikliklərlə oxşardır. 2019-cu ilin yayından bəri mediaya, jurnalistlərə qarşı böhtan, təhqirlə bağlı iddia və xüsusi ittiham qaydasında şikayətlərin sayında ciddi dəyişiklik nəzərə çarpmır. Son bir ildə belə məhkəmə işlərinin ümumi sayı azı 25 olub. Bu işlərdə iddiaçı və xüsusi ittihamçıların əksəriyyəti ictimai funksiyalar daşıyan vəzifəli şəxslər (əksəriyyəti icra hakimiyyəti başçıları) olublar. Bir neçə işdə biznesmenlər məhkəməyə müraciət ediblər. Həmin məhkəmə işlərinin azı 7-i xüsusi ittiham qaydasında olub, jurnalistlərin yazılarına görə həbs edilməsi tələb olunub.

Həmin işlərin bəzisində jurnalistlərə cinayət cəzası verilib. Məsələn, “Məlahət” MMC-nin rəhbəri Məlahət Qurbanovanın “Kriminal.az” saytının rəhbəri Anar Məmmədova qarşı işində jurnalistə cinayət cəzası verilib. Bu işdə şikayətçi lombard fəaliyyəti ilə məşğul olan şirkətin rəhbəri idi. Jurnalist onun barəsində “lombardçı” ifadəsini işlətmişdi. Məhkəmə həmin ifadəni təhqiredici sayıb və jurnalisti 1 il islah işləri cəzasına məhkum edib. Bundan əlavə, jurnalistin aylıq qazancının 20 faizi dövlət tərəfindən tutulacaq.

Jurnalistlərə qarşı xüsusi ittiham qaydasında şikayətlərin əksəriyyəti üzrə məhkəmə prosesi davam edir. Şikayətlərin bir neçəsini məhkəmələr rədd ediblər və ya şikayətçilər geri çəkiliblər. Məsələn, Səhiyyə Nazirliyi jurnalist Teymur Kərimova qarşı, hakim Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının Ağsaqqallar Şurasının sədri Miri Həsənov “Xural.com” saytının baş redaktoru Əvəz Zeynallıya qarşı şikayətini məhkəmə prosesi zamanı geri götürüb. Biznesmen Rasim Məmmədovun jurnalist Zaur Qəriboğluna qarşı şikayətini məhkəmə icraata qəbul etməyib.

Digər məhkəmə işləri mülki qaydadadır, jurnalistlərin üzərinə təzminat ödəmək, təkzib vermək, üzr istəmək vəzifəsinin qoyulması istənilib. Həmin məhkəmə işlərinin də əksəriyyəti hazırda davam edir. Yekunlaşmış məhkəmə işlərinin çoxunda jurnalistlər yazılarına görə günahkar hesab ediliblər, onlara müxtəlif mülki cəzalar verilib. Məsələn, 2018-ci ildə keçirilmiş prezident seçkiləri zamanı yaydığı xəbərlərə görə məhkəməyə çəkilən jurnalist Sevinc Vaqıfqızının üzərinə onu məhkəməyə vermiş məktəb direktoruna min manat təzminat ödəmək, ondan üzr istəmək vəzifəsi qoyulub. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov tərəfindən məhkəməyə çəkilən “7gun.az” saytının baş redaktoru Cavid Şirəliyevi məhkəmə 300 manat cərimələyib. Salyan rayonunun sabiq icra başçısı Tahir Kərimov “AzToday.az” saytının redaktoru Elmidar Əliyevi 2 min manat cərimələtdirib.

Ötən bir il ərzində ən iri təzminat tələbi “Reaksiya.tv”nin rəhbəri Zaur Qəriboğluna qarşı irəli sürülüb. Biznesmen Rasim Məmmədov jurnalistin və onun rəhbərlik etdiyi “Reaksiya TV”nin üzərinə 4 milyon manat təzminat yükü qoyulmasını tələb edir.

İfadə azadlığı ilə bağlı məhkəmə işləri yalnız böhtan, təhqirlə, qanunsuz çağırışlar yaymaqla bağlı deyil. Hazırda azı 9 jurnalist qanunsuz silah saxlamaq, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmək, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, hakimiyyət nümayəndəsinə müqavimət göstərmək, dövlət sərhəddini qanunsuz keçmək, xuliqanlıq ittihamları ilə məhkum ediliblər. Araşdırma dövrünün əhatə etdiyi 1 il ərzində iki tanınmış jurnalist azadlığa buraxılıb. “Azadlıq” qəzetinin siyasi şərhçisi Seymur Həzi 2019-cu ilin avqustunda cəzası başa çatdığından azadlığa çıxıb. 2020-ci ilin martında isə Gürcüstandan oğurlanıb gətirilən araşdırmaçı jurnalist Əfqan Muxtarlı azad edilib. Ancaq onun ölkədə qalmasına imkan verilməyib. Jurnalistin azad edilməsi bəlli olanda o, artıq Almaniyada idi. Həbsxanadan çıxan jurnalist sərbəst buraxılmayıb, birbaşa hava limanına aparılıb və oradan yol salınıb.

Müxalif “Azadlıq” qəzetinin və “Azadlıq” radiosunun əməkdaşı olan Elçin İsmayıllı, müxalif “Azadlıq” qəzetinin əməkdaşı Ziya Əsədli, “www.xeber44.com” saytının redaktoru Araz Quliyev uzun müddətdir ki, həbsdədir. “Realliq.info” xəbər portalının rəhbəri İkram Rafiqoğlu Azərbaycan prezidentinin sabiq köməkçisi haqda sərt məqalələrinin ardınca “hədə qorxu ilə tələb etmə” cinayətinə görə saxlanılıb və azadlıqdan məhrum edilib. Narkotik tərkibli dərman preparatlarının Bakıdakı bəzi apteklərdə reseptsiz satılması barədə reportajlarından sonra narkotik maddə ittihamı ilə həbs olunan “Bakupress.az” saytının təsisçisi və baş redaktoru Şəfəq Ağacan 2020-ci ilin əvvəlində 3 il müddətinə azadlıqdan məhrum olunub. 2020-ci ilin əvvəlində “Azel.tv” xəbər portalının rəhbəri Əfqan Sadıqov “hədə-qorxu ilə tələb etmə” ittihamı ilə saxlanılıb, istintaqı davam edir. “Qafqaz” Xəbər Agentliyinin rəhbəri Mahmud Tağıyev, “Regionxeberleri.com” saytının əməkdaşı Qənimət Məmmədov da “hədə qorxu ilə tələb etmə” ittihamı ilə uzun müddətə azadlıqdan məhrum ediliblər. “www.xeberman.com” saytının baş redaktoru, dövlətə xəyanət ittihamı ilə həbs edilmiş Polad Aslanovun məhkəməsi davam edir.


Media, jurnalistlərə qarşı fiziki və psixoloji basqılar

2019-cu ilin yayından bu yana (iyul, 2020-ci il) qanuni peşə fəaliyyətini yerinə yetirən (reportaj hazırlayan, çəkiliş aparan, sosial şəbəkələr üzərindən ictimaiyyətin tanıdığı İnternet mediaları üçün canlı yayım edən və s.) jurnalistlərə 50 dəfədən çox maneçilik yaradılıb. Bu hallar əsasən kütləvi toplantılar, etiraz aksiyaları zamanı baş verib.

Oktyabrda müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının Bakının mərkəzi hissəsində keçirmək istədiyi aksiya zamanı jurnalistlər Sevinc Vaqifqızı, Ramin Deko, Əziz Kərimov, Səlimə Cəlilova, Pərvanə Bayramova, Mehman Hüseynov, Təzəxan Mirələmli, Mehin Kərimi, Əbülfət Baxşəli, Vüqar Mirzəbəy, Fərid İsmayılov, Gülnaz Qənbərli, Nurlan Qəhrəmanlı polislər tərəfindən saxlanılıb. “Amerikanın səsi” radiosunun əməkdaşı Tapdıq Fərhadoğlu, “Azadlıq”ın əməkdaşı Təzəxan Mirələmli (bir neçə dəfə), bloqer Nurlan Qəhrəmanlı, “Basta.com” saytının əməkdaşı Könül Alı, “Kanal 13” İnternet televiziyasının əməkdaşı Fərid İmran da peşə fəaliyyətlərini yerinə yetirərkən saxlanılıblar. Bloqer Mehman Hüseynov da basqı ilə üzləşib.

Bu il fevralın əvvəlində Mərkəzi Seçki Komissiyasının qarşısında keçirilən aksiyadan bilgi toplayan jurnalistlərin əksəriyyəti maneçiliyə, bəzi hallarda zorakılığa məruz qalıblar. Həmin olayda müstəqil jurnalistlər Aynur Elgünəş, Sevinc Vaqifqızı, “Basta.com” saytının rəhbəri Mustafa Hacıbəyli xəsarət alıblar. Jurnalistlər Aytac Tapdıq, Aygün Rəşid, Nurlan Qəhrəmanlı, Mehman Hüseynov daxil olmaqla, ümumilikdə 13 jurnalistə maneçilik yaradılıb – onların çəkiliş aparmasına imkan verilməyib, zorla avtobusa mindiriliblər, şəhər kənarına aparılıblar. Seçki prosesi zamanı Bakıda, Mingəçevirdə, Lənkəranda bilgi toplayan jurnalistlər 8 dəfə basqıya məruz qalıblar.

Martın 8-də Bakıda qadınların qadın zorakılığına qarşı keçirdiyi yürüşdə “Meydan” TV-nin əməkdaşı İzolda Ağayeva, Aysel Umudova, “Toplum” TV-nin jurnalisti Zərifə Novruz, Turan agentliyinin müxbirləri Əziz Kərimov və Tatyana Kryuçkina, Fərqanə Novruzova (“Azadliq.info”), Nərgiz Abdsalamova (“Mikroskop Media”), Samirə Əli (“Anews.az”) təzyiqə məruz qalıblar.

Martın 18-də bir qrup vətəndaşın Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısındakı etiraz aksiyasında “Azadlıq” radiosunun foto-video operatoru Ramin Deko döyülüb, peşə alətləri əlindən alınıb. Frilanser Təbriz Mirzəyev, Nurlan Qəhrəmanlı, Teymur Kərimov və digərləri də fizki basqı ilə üzləşiblər, müxtəlif dərəcəli xəsarətlər alıblar.

Jurnalistlər azı 6 dəfə yazılarına görə polisə, digər hüquq mühafizə qurumlarına çağırılıblar. “Basta.com” saytının rəhbəri Mustafa Hacıbəyli, “Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmli, “Criminal.az” saytının rəhbəri Anar Məmmədov, “Hefteaz.info” saytının redaktoru Aqil Mahmudov, “Jam.az” xəbər portalının rəhbəri Fikrət Fərəməzoğlu polis və prokurorluq qurumlarında yazıları ilə bağlı sorğu-sual ediliblər.

Jurnalistlərin qanuni peşə fəaliyyətini yerinə yetirməsinə yaradılan əngəllərə görə cinayət qanunvericiliyinin məsuliyyət müəyyən etdiyi müddəalar işləmir. Cinayət Məcəlləsinin jurnalistin qanuni peşə fəaliyyətinə mane olmağa görə cəza nəzərdə tutan maddəsi son bir ildə tətbiq edilməyib. Təkcə son bir ildə həmin maddənin tətbiq edilməsi üçün jurnalistlər əlaqəli hüquq-mühafizə orqanlarına 20 dəfədən artıq müraciət (bu müraciətlərdə jurnalistin qanuni peşə faəliyyətinə mane olmağa görə cinayət işi açılması tələb edilib) ediblər. Bu işlərin heç birində jurnalistlərin tələbi təmin edilməyib. Yalnız iki halda polis orqanları fərqli qərar veriblər. İnternet mediaları ilə əməkdaşlıq edən video reportyor Nurlan Qəhrəmanlı Sabunçu rayonu ərazisində peşə faəliyyətini yerinə yetirərkən müdaxiləyə məruz qalmış, polisə aparılmışdı. Beynəlxalq Avtovağzal Kompleksində isə zorakılığa məruz qalmışdı. Həmin olaylar üzrə ilkin olaraq verilmiş neqativ qərar sonradan ləğv edilib, təkrar araşdırma başladılıb. Ancaq həmin təkrar araşdırma hələ də davam edir. Qanuni peşə fəaliyyətini həyata keçirən jurnalistlərə maneçiliyin yaradılması olaylarının araşdırılması ilə bağlı yerli məhkəmə təcrübəsi də fərqli deyil. Son bir ildə peşə fəaliyyətini yerinə yetirərkən maneçiliklə üzləşmiş jurnalistlərin məhkəməyə şikayətlərinin heç biri təmin edilməyib.


Media qanunvericiliyi

2019-cu ilin yayından bəri media qanunvericiliyindəki ciddi dəyişikliklər İnternet mediası ilə bağlı olub. Ölkə parlamenti 2020-ci ilin martında İnternet mediasının düzənlənməsi ilə sıx bağlı olan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik və əlavələr edib. Qanuna edilmiş 13-2.3.10-1-ci maddə “insanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatlar”ın yayılmasına görə məsuliyyət müəyyən edir. Məhdudiyyət tətbiq edilən informasiyalar indiyə kimi 10 növdə ümumiləşdirilmişdi. Əlavədən sonra məhdudlaşdırlan informasiyaların növlərinin sayı 12-yə qədər artıb.

Sözügedən qanuna əsasən, yayılması məhdudlaşdırılan informasiyalara görə, İnternet informasiya ehtiyatı və domen adının sahibləri məsuliyyət daşıyırdı. Yeni əlavələrdən sonra məhdudlaşdırılan informasiyaların yayılmasına görə onlarla bərabər “informasiya-telekommunikasiya şəbəkəsi” və “informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi” də məsuliyyət daşıyacaq. Ancaq qanunvericilik “informasiya-telekommunikasiya şəbəkəsi” və “informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi”nə anlayış vermir. Bu səbəbdən məhdudiyyətin konkret nəyi, nələri hədəf aldığı aydın olmur. Ancaq görünən budur ki, dəyişikliyin əsas hədəfi Azərbaycanda başlıca tənqidi platformalar olan YouTube, Twitter, Facebook kimi sosial media və onun istifadəçiləridir. Tamamilə mümkündür ki, bunun ardınca qeyd edilən platformaların məsuliyyətinin müəyyənləşdirilməsi kimi məsələlər (həmin sosial media platformalarına şikayət proseduru, ofis-nümayəndəlik tələbi, şikayətlərə qısa zamanda baxılması, məhdudiyyətlər tətbiq etməsi, VPN kimi alternativ xidmətlərə çatımın blok edilməsi mexanizmləri və s.) gündəmə gətirilsin. Pandemiya dövründə hökumətə yönələn tənqidi məzmunun daha da artması bu gündəmi daha da tezləşdirə bilər.

Ana səhifəSiyasətAzərbaycan mediasının son bir ildə durumu