“Xarici stresslərə qarşı ən dözümlü valyuta Ermənistan Dramı olub, 2015-ci ildə cəmisi 0,95% ucuzlaşıb.”
2015-ci ilin bitməsinə saylı günlər qalıb. İl iqtisadi proseslər baxımından bol olsa da əsas diqqət mərkəzində milli valyutamızın məzənnəsi oldu.
Dünən milli valyutamız növbəti kəskin ucuzlaşmağa (47,6%) məruz qaldı. Birinci devalvasiya uzunmüddətli sabit məzənnədən sonra fevralın 21-də baş vermişdi və manat 34,6% ucuzlaşmışdı. Ümumilikdə 2015-ci ildə manat dollara münasibətdə 97,6% dəyərsizləşib. Bu göstərici ilə manat keçmiş SSRİ ölkələri arasında liderdir.
Milli valyutamız yola saldığımız ildə ən çox ucuzlaşan valyuta olub. Növbəti yeri Qazaxıstan (91,46%) və Belorus (54.37%) tutur. Siyasi və iqtisadi çətinlik dövrünü yaşayan Ukrayna qrivnası ucuzlaşma həddinə görə (49,15%) 4-cü olub. Orta Asiya təmsilçiləri olan Tacikistan (30,04%) və Qırğızıstanda (28,82%) ucuzlaşma təxminən eyni səviyyədə olub. Qonşu Gürcüstan larisinin ucuzlaşması 27,40% olub.
Hazırda ucuz neft dövrünü yaşayan və sanksiya məngənəsində sıxılan Rusiya rublu dəyərini 26,7% itirib. Moldova leyi 25,44% ucuzlaşıb. Qapalı iqtisadiyyata malik Türkmənistan və Özbəkistanda milli valyutaların ucuzlaşması uyğun olaraq 22,81% və 14,68% təşkil edib. Ən qəribəsi odur ki, xarici stresslərə qarşı ən dözümlü valyuta Ermənistan valyutası çıxıb. Dram 2015-ci ildə cəmisi 0,95% ucuzlaşıb.