Azərbaycan ilk qızıl medalını qazandı

”Qələbəmi ilk azarkeşimə – anama həsr edirəm”

Source:
Radik Isayev
Radik Isayev
Radik Isayev
Radik Isayev


”Qələbəmi ilk azarkeşimə – anama həsr edirəm”

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən Radik İsayev qızıl medal qazanıb.

“Report”un məlumatına görə, 80 kq-dan yuxarı çəkidə çıxış edən İsayev finalda nigerli Abdurazak İssufu Alfaqanı yenib.

Görüşü yüksək səviyyədə keçirən dünya və Avropa çempionu 6:2 hesablı qələbə qazanaraq, Azərbaycanın aktivinə “Rio-2016″da ilk qızıl medalı yazdırıb. Bununla da ölkəmiz 1 qızıl, 4 gümüş və 10 bürünc medalla 39-cu pilləyə yüksəlib.

Bu, həm də Azərbaycan millisinin Rio Olimpiadasında qazandığı ilk qızıl medaldır.

Radik İsayev APA-ya bildirib ki, o, qələbəsini anasına həsr edir: “Qələbəmi ilk azarkeşimə – anama həsr edirəm. O, mənim medallarımı yığır. Bunun üçün otaq da ayırıb. Mənim kolleksionerim odur. Onun üçün turnirin fərqi yoxdu, dünya çempionatı, Avropa çempinatı və ya Olimpiada”.

+80 kq çəki dərəcəsində mübarizə aparacaq dünya və Avropa çempionumuz Radik İsayev yarışa 1/8 finaldan start verib. O, mərhələ adlamaq üçün Qazaxıstan idmançısı Ruslan Japarovla üz-üzə gəlib. Görüşboyu rəqibindən üstün olan Radik İsayev ilk raundda xal qazana bilməsə də, ikinci və üçüncü raundda bu üstünlüyünü xala çevirərək rahat qələbə qazanıb – 11:2.

İsayev 1/4 finalda Dongmin Ça (Cənubi Koreya) ilə qarşılaşıb. Pekin Olimpiadasının qalibi ilə döyüş olduqca gərgin keçib. Qarşılaşma boyunca hesabda geri olan Radik sona bir neçə saniyə qalmış fəallaşaraq vəziyyəti xeyrinə dəyişə bilib. Rəqibin başına endirdiyi effektli zərbə ilə aradakı fərqi artıran idmançımız yekunda 12:8 hesabı ilə qalib gəlib.

Yarımfinalda idmançımız Böyük Britaniya təmsilçisi Mahama Ço ilə mübarizə aparıb. Ənənəvi taktikasına uyğun olaraq təmkinlə döyüşən idmançımız nəticəni son raundda həll edib. O, 0:1 geri düşdüyü görüşü 4:1 hesablı qələbə ilə başa vurub və finala adlayıb.

Bu, Azərbaycan Olimpiya tarixində növbəti ilk kimi tarixə düşüb. Belə ki, boks yarışlarından sonra taekvondoda da təmsilçimiz ilk dəfə finala yüksəlib.

Ana səhifəXəbərlərAzərbaycan ilk qızıl medalını qazandı